TA NƏ DEYİM Kİ SƏNƏ?

Baxılıb:225
TA NƏ DEYİM Kİ SƏNƏ?
Keçdi kefdə-damaqda
Ömür illərin, adam,
İndisə məzarlıqda
Ayrılıb yerin, adam.
İki zərif ürəyin
Haqqını götürmüsən,
Qabalıqdan savayı
Onlara nə vermisən?
İki zərif ürəyi
Şad edə bilmədinsə,
Bircə dəfə ananın
Üzünə gülmədinsə,
Nankordur sənin adın!
Üzü heç gülmədi ki,
Kədər oldu gördüyü,
Səni min cür zülümlə
Böyütdü yana-yana,
Boğdu üsyan səsini…
Bətnində gəzdirdiyi
Bir günün əvəzini
Verə bildinmi ona?
O qızın ürəyini
Almaq çətin olmadı,
Sən unutdun vədləri,
Kasıb qızıdır deyə!
Məhv etdin taleyini,
Qışa çevirdin yazın,
Yaşatdın tüm dərdləri,
Onu xöşbəxt etməyə
Cəsarətə nə lüzum?
Ləyaqətin olmadı!
Sən iki könül deyil,
İki ömür taladın!
Kişi sayılmaz adın.
Anan həsrət qalardı
Sakit danışığına,
Həmişə hirslənərdin,
Kobud olardın ona….
Göz yaşı döndü selə…
Səni doğan insanı
Sən niyə heçə saydın,
Barı ölərkən belə-
Tərk edərkən dünyanı
Halallığın alaydın…
Amma yox, bacarmadın.
Çünki iradəsizdin,
Iki məsum qadının
Hörmətindənmi bezdin?
Təbəssümlərin- yadın,
Kobudluğun- ailənin,
Halallıq istəməyə
Üzün olmaz ki sənin!
Sən bunu bacarmadın.
Ömrünü qoyub yarı
Biryolluq tərk edəndə
Bütün sıxıntıları
Niyə, niyə gedəndə
Özünlə aparmadın?!
…İki nəfər görünür
Məzarının başında,
Daşıyaraq dərdləri
İki kölgə sürünür,
Qara, parlaq mərməri
İsladır göz yaşında…
Biri səhərlər gələr,
Birisə axşamçağı,
Biri qalmaz gecələr,
Başqadır davranmağı…
Xanımınla dalaşdın,
Geyimin gecikincə,
Yadlarla salamlaşdın,
Gör necə xəfif, incə!
Özgələri qiymətli,
Onusa əşya saydın,
Sükan arxasında da
Xəyalın özgələrdə,
Kaş anan daş doğaydı,
Səni doğduğu yerdə…
Biri sakit yanaşır,
Digəri hönkürərək,
Görənin ağlı çaşır,
Buna dözərmi ürək?
Biri gənc, üzü nurlu,
Özütək güvəndiyi,
Qaya kimi qürurlu
Məsumca söykəndiyi
Bir sinəni özləmiş,
Saçında dən-dən olan
Xatirəni özləmiş,
Biri də xatırlayıb
Bütün uşaqlığını
Balam deyib ağlamış,
Səni, səni özləmiş….
Sənə nə olub belə?
Yoxsa, tanıyammadın?
Dünyanı da dəyişdin,
Bəs niyə oyanmadın?
Biri səni doğuran…
Digəri ürəyinə
Bir zamanlar od vuran,
Həmin elin sonası,
İndisə o xırdaca
Övladının anası.
Tanımadınmı yenə?
Ta nə deyim ki sənə?!
İki doğma insanı
Özgələrə bir tutma,
İki məsum ürəkdə
Öz yerini soyutma,
İndicə halallaşın,
Bax gəlibdir öz anan,
Bir də həyat yoldaşın.
Aygün sadiq /AzTimes.az/
Pərvin

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir