DTX-nin həbs etdiyi sabiq məmur digər qurumlardakı vəzifələrində qalır – İLGİNC FAKT

Baxılıb:233
DTX-nin həbs etdiyi sabiq məmur digər qurumlardakı vəzifələrində qalır – İLGİNC FAKT

Azərbaycan Memarlar İttifaqı həbs olunan Fərhad Mollazadənin hələ də İttifaqdakı vəzifələrində qalmasına münasibət bildirib.

İttifaqın İdarə heyətinin sədri Elbay Qasımzadə “Report”a açıqlamasında bildirib ki, F.Mollazadə həmin qurumdakı vəzifələrində qalır:

“Hazırda istintaq gedir, məhkəmə bununla bağlı qərar çıxararsa, biz də plenumun müzakirəsinə çıxararıq, plenum iştirakçıları hansı qərara gələrsə, onu açıqlayarıq. Fərhad Mollazadə hələ də Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibi vəzifəsində qalır. Çünki istintaq hələ yekunlaşmayıb. Bəlkə, istintaqın nəticəsində deyəcəklər ki, bu adamın heç bir günahı yoxdur”.

Qeyd edək ki, F.Mollazadə 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, 2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibi, 2017-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin 1-ci katibidir.

O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının üzvü vəzifəsində də qalır.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyatla XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə həbs olunub. F.Mollazadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almaqda ittiham olunur.


Abunəlik