“Hədəfə yaxınlaşmaq üçün Rusiya meneəsini aşmalıyıq” – SAVAŞ QAPIDA!!!
Azərbaycan prezidenti İlham Əliyevin son açıqlamaları müharibə anonsu kimi qiymətləndirilə bilər. Cənab Prezidentin açıqlamasından bir daha məlum oldu ki, danışıqlar üçün zəmin yoxdur. Artıq hamıya aydındır ki, danışıqların davam etmə ehtimalı işğal faktına qon qoymayacaq. Digər fakt isə Ermənistanın sərhəddəki təxribatlarının ara verməməsidir. Azərbaycan hava sahəsində vurulan növbəti pilotsuz uçuş aparatı da bunun sübutudur.
Ermənistan hakimiyyətinin işğal altındakı bölgələrə köçü sürətləndirməsi, PKK terrorçularının Dağlıq Qarabağda məskunlaşması barədə məlumatların çoxalması da gərginliyi artırır. Tərəflər növbəti toqquşmaya hazırlaşırlar. Ermənistan hardan mümkündürsə muzdluları, Rusiyadan silah və hərbi texnikanı toplayır. Azərbaycan isə Türkiyə ilə iyul ayından başlayan hərbi təlimləri bu və ya digər şəraitdə davam etdirir. Həmçinin ehtiyatda olan hərbi vəzifələrinin orduya çağırışı başlayıb.
Maraqlıdır, hərbi toqquşma ehtimalı artıqca Rusiyanın reaksiyası necə olacaq?
Prosesləri “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, son 4 ildə Azərbaycanla Ermənistan arasında iki dəfə toqquşma olub və hər ikisində döyüşlər 4 gün çəkib. Analitikin sözlərinə görə, hər dəfəsində Moskva prosesə müdaxilə edərək tərəfləri atəşkəsə riayət etməyə çağırıb. Atəşkəsin bu şəkildə davam etməsi isə Ermənistanın maraqlarına xidmət edir.
Politoloq vurğulayıb ki, Ermənistan işğal altındakı torpaqlarda məskunlaşma siyasətini genişləndirib, inşaat işləri aparır, müəssisələr yaradır, hətta separatçıların “parlamentini” Şuşaya köçürəcəklərinin anonsunu veriblər:
“Bu təxribatlara Minsk Qrupu həmsədrləri və beynəlxalq təşkilatlar səssizdirlər. Halbuki bütün qanunsuzluqlar böyük dövlətlərin və beynəlxalq təşkilatların əleyhinə çıxdığı müharibə ehtimalını artırır.
Bu arada, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın İrəvanda siyasi ekspertlərlə görüşdə səsləndirdiyi fikirlər diqqəti çəkir. Köçəryan vaxtilə kitabında yazdığı bir fikri yenə təkrarlayıb:
“Ermənistan və Azərbaycan prezidentləri 2001-ci ildə Amerikanın Ki-Uset şəhərciyində münaqişənin həlliylə bağlı sazişi imzalamağa yaxın olublar”. Köçəryanın bunu nəyə əsasən dediyi bəlli deyil. Çünki Azərbaycanda heç bir hakimiyyət Dağlıq Qarabağın “müstəqllliyinə” yol açacaq sazişə imza atmaz.
Buna baxmayaraq Köçəryanın hazırki baş nazir Nikol Paşinyanın Qarabağ siyasəti haqqında dediklərində həqiqət payı var. Köçəryan hesab edir ki, Türkiyə 10 və ya 15 il əvvəlki dövlət deyil, Hazırda İraq, Suriya və ya Liviyada olduğu kimi Cənubi Qafqazda da eyni səviyyədə fəal olmaq istəyir. Köçəryanın sözlərinə görə, Paşinyan Ermənistan üçün artan bu riski anlamır. Köçəryanın fikrincə, Türkiyəni Cənubi Qafqazda saxalaya biləcək yeganə güc Rusiyadır”.
E.Şahinoğlu qeyd edib ki, Köçəryan Paşinyan və onun komandasının Rusiya ilə münasibətlərdə məsafə saxlamasını yanlış hesab edir:
“Köçəryanın bu məntiqinə görə, Ermənistanı bütün təhlükələrdən ancaq Rusiyadan asılılıq xilas edə bilər. Vassallıq siyasətindən kənarlaşmaq Ermənistan üçün təhlükəlidir.
Köçəryan Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” açıqlamasının yanlış olduğunu da bir daha səsləndirib. Köçəryan sual edir ki, “Qarabağ Ermənistandırsa, rəsmi Bakı Paşinyanın çağırışına uyğun olaraq hansı məntiqlə Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır?”. Paşinyanın bu məntiqsizliyini biz də vurğulayırıq.
Robert Köçəryanın Dağlıq Qarabağ ətrafındakı rayonların işğal altında saxlamasının Ermənistan üçün niyə vacib olması barədə fikirləri də diqqəti cəlb edir: “ Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarsaq, təmas xətti bizə daha da yaxınlaşacaq. Bu halda mürəkkəb dağlıq relyefi də nəzərə alınaraq ordunun sayını indikindən 3-4 dəfə artırmaq məcburiyyətində qalacağıq.
Ona görə də güclü təminat almadan Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilmərik. İndiki dünyada isə belə bir təminatı bizə heç kim verməyəcək” ”.
Analitikin qənaətincə, əslində Robert Köçəryan son açıqlamaları ilə Azərbaycanın düz yolda olduğunu göstərir:
“Türkiyə ilə hərbi ittifaqı gücləndirmək, işğalçıya hərbi təzyiqi artırmaq və Ermənistanın eks-prezidentinin də təbirincə desək, elə etmək lazımdır ki, təmas xətti daralsın. Nəticədə qarşı tərəfin hərbçilərə ehtiyacı indikindən 3-4 dəfə artıq olsun.
Bu artımı hansı resurslarla təmin edəcəyi isə bəlli deyil. Hazırki şərtlər daxilində Azərbaycan üçün yeganə maneə Rusiyadır.
Azərbaycan prezidentinin sözlərinə də istinad edərək, məsələnin yekun həllinə hazırlaşırıqsa, hədəfə yaxınlaşmaq üçün Rusiya meneəsini də aşmalıyıq”.