“Lider” TV-nin “payızı”: Verilişlər bağlanıb, maaşlar ödənilmir, kütləvi ixtisar gedir

Baxılıb:247
“Lider” TV-nin “payızı”: Verilişlər bağlanıb, maaşlar ödənilmir, kütləvi ixtisar gedir

“Lider” televiziyasında ixtisarlar gedir.

Oxu.Az-ın əldə etdiyi məlumatına görə, televiziyada verilişlər bağlanır, yalnız prodakşn verilişləri fəaliyyətlərini davam etdirir.

Qeyd edilib ki, vaxtilə 600 nəfərin işlədiyi televiziyada hazırda 20-30 nəfərlik heyət çalışır:

“Son altı ay ərzində 100-dən çox əməkdaş öz hesabına məzuniyyətə göndərilib. İndi isə həmin əməkdaşlara bildiriblər ki, gəlib öz xahişləri ilə işdən çıxma ərizəsi yazsınlar. Bunun səbəbi odur ki, qanunvericiliyə əsasən, işçi altı aydan çox öz hesabına məzuniyyətə çıxa bilməz.

Hazırda televiziyada yoxlamalar aparılır və belə şəraitdə onlar işçilərini işdən çıxarmaqda israrlıdırlar”.

Bildirilir ki, şikayət edən şəxslər işdən qovulmaqla hədələnir. Vaxtilə 28 operatorun çalışdığı TV-də indi bu vəzifəni dörd nəfər icra edir. Onlar həm xəbərlər, həm də digər verilişlərdə çalışırlar. Eyni zamanda, xəbərlər departamentində beş-altı işçi fəaliyyət göstərir. 

İddia olunur ki, televiziyada 2019-cu ildən indiyədək maaşlar tam ödənilmir. Nəticədə, teleşirkətin əməkdaşlara külli miqdarda borcu yaranıb. 

İddialarla bağlı telekanalın rəsmi mövqeyini öyrənməyə çalışsaq da, buna müvəffəq ola bilmədik. 


Abunəlik