“Əfv alveri”ndə adı hallanan eks – deputatla bağlı sensasion məlumatlar – “Konkret ad çəksin”

Baxılıb:425
“Əfv alveri”ndə adı hallanan eks – deputatla bağlı sensasion məlumatlar – “Konkret ad çəksin”

Deputat Elman Nəsirov Prezident yanında Əfv Məsələləri Komissiyasının eks-deputat olan keçmiş üzvlərindən biri haqda sensasiyalı ittiham irəli sürüb. O, parlamentdə bildirib ki, həmkarlarından birinin sürücüsü kimlərisə əfv siyahısına saldırıb.

Doğrudan da, əgər Əfv Komissiyasının üzvü olan deputatın sürücüsü əfv siyahısına adam saldırırsa, onun həyat yoldaşının, qardaşının, övladının, yaxın qohumlarının da bu prosesdə iştirak etdiyi şübhə doğurmur. Yəni, belə çıxır ki, əfv siyahılarına komissiya üzvlərinin şəxsi maraqları əsasında adlar salınıb…

Elman Nəsirov olduqca ciddi ittihamı səsləndirərkən bildirib ki, söhbət Əfv Komissiyasının keçmiş üzvlərinin birindən gedir.

Qeyd edək ki, Nəsirovun açıqlaması əfvetmə prosesində rüşvətin rol oynadığına dair ictimai rəydə uzun illərdir mövcud olan iddiaları da təsdiqləyir. Deputat həm də ona konkret faktın məlum olduğunu deyir.

Ancaq Elman Nəsirov ad çəkməkdən imtina edərək, “əfv alveri” ilə məşğul olan həmkarının adını açıqlamayıb… Bununla belə, Əfv Komissiyasındakı deputatların sayı elə də çox olmadığından, şübhə altına düşən parlament üzvünün kimliyini müəyyənləşdirmək elə də çətin deyil. Xatırladaq ki, hökumətdə aparılan kadr dəyişikləri ilə bağlı Əfv Komissiyasının tərkibi dəyişdirilib. Sentyabrın 8-də Prezidentin imzaladığı sərəncama görə, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri, Fuad Ələsgərov, Gündüz Kərimov, Fikrət Məmmədov, Vilayət Eyvazov, Əli Nağıyev, Allahşükür Paşazadə, Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev, Sədaqət Vəliyeva, Aynur Sofiyeva, Rəşad Məcidov, Əliməmməd Nuriyev, Bəyimxanım Verdiyeva, Mehriban Vəliyeva üzvləri təyin olunublar. Komissiyanın katibi dəyişməyib, bu vəzifə yenidən Kəmalə İsmayılova həvalə olunub.

8 sentyabra qədər Komissiyanın üzvü olmuş millət vəkilləri Səttar Mehbalıyev, Bəxtiyar Əliyev, Məlahət İbrahimqızı və Elmira Axundova yeni tərkibdə yer almayıblar. Elman Nəsirov həmin deputatin artıq Əfv Komissiyasının üzvü olmadığı dediyindən, şübhə altında 4 nəfər qalır – Bəxtiyar Əliyev, Səttar Mehbalıyev, Məlahət İbrahimqızı, Elmira Axundova.

Onlardan hələlik yalnız Məlahət İbrahimqızı Elman Nəsirovun fikirlərinə reaksiya verib. O, Elman Nəsirovdan fikirlərini konkretləşdirməyi tələb edib.

Beləliklə, Elman Nəsirovun irəli sürdüyü ittiham kimə ünvanlanıb?

Bəxtiyar Əliyev, Səttar Mehbalıyev Əfv Komissiyasının üzvü olmasalar da, bu gün də ciblərində mandat gəzdirirlər. Siyahı üzrə təkcə deputat və Əfv Komissiyasının üzvlüyündən uzaqlaşdırılan Elmira Axundovadır. Onun adı mətbuatda Əfv Komissiyasının üzvü olaraq qarışmadığı qalmaqal qalmayıb.

Külli miqdarda dələduzluq cinayəti, korrupsiya əməlləri, həmçinin Elman Nəsirovun dilə gətirdiyi “əfv məsələləri” ilə bağlı Elmira Axundovanın adı əvvəllər mətbuatda hallanıb.

Ramiz Mehdiyev Əfv Komissiyasına rəhbərlik etdiyi dönəmdə komissiya üzvü olan Axundovanın adı dəfələrlə buna bənzər məsələlərdə hallanıb. Onun özü, sürücüsü Fərrux Adnayevin adı cinayət işlərində fiqurant kimi keçib. Məsələn, Fərrux Adnayevin adı mətbuatda Elmira Axundovanın oğlu Həbib Axundovun yaxtasında batan model Günel Mirzəyevanın evi qarşısında növbə çəkməkdə hallanıb.

Məsələ də belə olub ki, Günel Mirzəyeva Həbib Axundovla birgə onun yaxtasında dənizə çıxıb və müəmmalı şəkildə suya düşərək boğulub. İddialar var ki, Günel Mirzəyeva dənizdə boğulduğu zaman hamilə olub. Həmin vaxt həyat yoldaşından boşanmış olan Günel Mirzəyevanın hamilə olaraq dənizə düşüb boğulması müəmması bu günə qədər davam edir. Digər maraqlı məqam odur ki, Günel Mizəyevanın meyiti dənizdə axtarıldığı 3 gün ərzində Elmira Axundovanın sürücüsü Fərrux Adnayev batan modelin valideynlərinin yaşadığı evin qarşısında gecə-gündüz növbə çəkib. Həmin ünvana gedib-gələnlərin qarşısını kəsərək kimlikləri ilə maraqlanıb. Əfv Komissiyası üzvünün sürücüsünün 3 gün ərzində o ərazidə keşik çəkməsi aydındır ki, Elmira Axundovanın maraqları çərçivəsində olub. Sürücünün E.Axundovanın maraqları çərçivəsində ölüm işinə qarışmasının özü “danışan” faktdır…

Elman Nəsirov Elmira Axundovanın sürücüsünü nəzərdə tutmur ki?

Əlbəttə ki, bu ehtimallar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı və hüquqi qiymət verilməlidir.

Bundan başqa, Elmira Axundova Əfv Komissiyasının üzvü olduğu günlərdə özünün və oğlu Həbib Axundovun adı külli miqdarda dələduzluq işinə qarışıb. Həmin dələduzluq işi materialları arasında bu gün də Həbib Axundovun səs yazısı, şahid ifadələri var. Həmin şahid ifadələrində bildirilir ki, Həbib Axundov Elnur İbrahimova anası, Əfv Komissiyasının üzvü Elmira Axundovanın onu tezliklə əfvə salaraq azad edəcəyi vədini verib.

Cinayət işinin materiallarında iş üzrə zərərçəkən Ziya Vəliyevin ifadəsindən sitat:

“Həbib maşında Elnura deyirdi ki, ”sən polisdə pulu tək yediyini boynuna al, kişi deyil yalan deyən, hər ay sənin ailənə 500 AZN verəcəyəm. Mama (Elmira Axundova) Əfv Komissiyasının üzvüdür, səni yarım “sroka” içəridən çıxartdıracaq”.

Göründüyü kimi, deputat Elman Nəsirovun “əfv alveri” iddiaları hüquq-mühafizə orqanları tərəfindən araşdırılması zəruri olan məsələdir.

Hüquq müdafiəçisi, eks-deputat Çingiz Qənizadə “Yeni Müsavat”a deputat Elman Nəsirovun olduqca ciddi ittihamlar səsləndirdiyini açıqlayıb: “Əgər Əfv Komissiyasında belə şeylər olubsa, təbii ki, bu məsələnin araşdırılmasının tərəfdarıyam. Orada vasitəçi sürücü olub, yaxın qohum-oğul olub fərq etməz, haqqı olmayan adamların azadlığa çıxarılması, təbii ki, yolverilməzdir, bu, cinayətdir. Hüquq müdafiəçisi olaraq bildirirəm ki, əfvə düşməli o qədər insanlar var ki, bəzən onlar böyük çətinliklərlə üzləşirlər, əfv siyahılarından kənar qalırlar”.

Çingiz Qənizadə deyib ki, hüquq müdafiəçiləri ilə birgə əfvə haqqı olanların siyahılarını dəfələrlə komissiyaya təqdim ediblər: “Çox kasıb, təsadüfən həbsə düşən, kimlərinsə şəxsi marağı üzündən həbsə düşən, ailəsi çox çətin vəziyyətdə olan və əfv olunmaq üçün kriteriyalara cavab verən şəxslərin adlı siyahılarını komissiyaya təqdim etmişik. Amma elə olub ki, insanlar əfvə düşməyiblər. Çox yaxşı olar ki, Elman müəllim konkret ad çəksin, Əfv Komissiyasının fəaliyyətinə kölgə salmış keçmiş üzvü, eks-deputatın adı bilinsin, hüquq-mühafizə orqanları da daha operativ tədbir görə bilsinlər”.
“Yeni Müsavat”


Abunəlik