“Baku Steel Company”də işçi haqqı yeyilir – GİLEY

Baxılıb:362
“Baku Steel Company”də işçi haqqı yeyilir – GİLEY

Azərbaycanın böyük şirkətlərindən biri hesab olunan “Baku Steel Company”nin bir qrup əməkdaşı şirkət rəhbərliyindən şikayətçidir. Onların “Yeni Müsavat”a daxil olan müraciətində “Baku Steel Company”nin Qazaxıstanda yaradılmış törəmə şirkətində çalışarkən haqlarının tapdandığı, aylardır ki, maaş, istifadə olunmamış məzuniyyət pullarını və kompensasiya ala bilmədikləri qeyd olunur.

Ölkə rəhbərliyindən kömək istəyən şirkət əməkdaşlarının müraciətini diqqətinizə çatdırırıq: “2017-ci ildə şirkət rəhbərliyi bir qrup zavod əməkdaşına Qazaxıstan Respublikasının Aktau şəhərində ”Aktau Steel” şirkəti ilə böyük bir layihəyə başlanıldığını bəyan edərək, orada işləmək üçün əməkdaşlar yığıldığını dedilər.

Biz, bir qrup mütəxəssis, Qazaxıstana getməyə razılıq verdik. O zaman bizə Aktauda yüksək iş şəraiti yaradılması, yüksək maaş, tibbi sığorta və digər vədlər verilmişdi. Bütün bunları nəzərə alaraq burada bizimlə müqavilə bağlandı və bir qrup mütəxəssis Qazaxıstana yola düşdük. Qeyd edək ki, eyni müqavilə (bu dəfə rus dilində) Qazaxıstanda təkrar bağlandı. Lakin nə Bakıda, nə də Qazaxıstanda bağlanan müqavilənin surətini bizə vermədilər. Bununla belə, biz elə ilk gündən işə başladıq. Xatırladaq ki, sonradan bizim heyətə həm zavodda işləyən, həm də respublikanın digər zavodlarından da mütəxəssislər cəlb edildilər.

Təəssüflə qeyd edək ki, verilmiş vədlərə tam əməl edilmədi. Belə ki, yaşayış şəraiti ürəkaçan deyildi, tibbi sığortamız əvvəlcədən olmadı, bundan əlavə, ilk üç ayın əmək haqqını gec, özü də hissə-hissə aldıq. Bütün bunlar isə şikayət etdikdən, narazılıqlar artandan sonra ləng həll olundu. Ümumiyyətlə, orada biz azərbaycanlılara qarşı yaxşı münasibət bəslənilmirdi.

2019-cu ilin yanvar ayında əmək haqlarımızı yenidən gecikdirməyə başladılar. Mart ayında əmək haqqının verilməsini ümumiyyətlə, dayandırdılar. İyun ayının yarısına qədər işləsək də, əmək haqlarımız verilmədi. Etirazımızı bildirdikdə isə əməkdaşları müxtəlif yollarla hədələməyə başladılar. Sonda məcbur etdilər ki, biz Bakıya qayıdaq və vəd verdilər ki, Azərbaycana qayıdan kimi borclu olduqları əmək haqqlarını, istifadə olunmamış məzuniyyət pullarını və kompensasiya olaraq bir aylıq əmək haqqını ödəyəcəklər. Bakıya qayıtdıqdan sonra da vəziyyət dəyişmədi, biz eyni çətinlikləri burada da yaşadıq. Bir müddətdən sonra bəzi əməkdaşlara ödənilməmiş əmək haqlarının bir hissəsi ödənildi. Lakin böyük bir qrup əməkdaşlarımızın nəinki kompensasiyası (halbuki söz verilmişdi), istifadə olunmamış məzuniyyət pulları, hətta halal aylıq məvaciblərini də verməyiblər. Artıq bir ilə yaxındır ki, (2019-cu ilin noyabr ayından) “Baku Steel Company” şirkətinə gedib-gəlməyimizə baxmayaraq, nə bizi qəbul edən var, nə də dərdimizi dinləyən. Yalnız mühafizə və texniki işçilərlə gah “bizim sizə borcumuz yoxdur, gedin kimə istəyirsiniz şikayət edin”, gah “Gözləyin, dövlət bizə pul ayıracaq, biz sizin borcunuzu qaytaracağıq”, bəzən acıqlı olanda isə “gedin pulunuzu Aktaudan alın” sözlərini çatdırırlar.

Zavodun rəhbəri Rasim Məmmədov bizi qəbul etmir, ümumiyyətlə belə bir öhdəliyinin olmadığını deyir. “Aktau Steel” zavodunun baş direktoru Rahib Məmmədovun (Rasim Məmmədovun əmisioğludur) da nə qəbuluna düşmək mümkündür, nə telefon əlaqəsi yaratmaq. Bir sözlə, bir qrup mütəxəssis Allahın ümidinə qalıb”.

Mütəxəssislər bildirirlər ki, uzun müddət işləmədiklərinə görə böyük məbləğdə borcları yaranıb: “Hamımız ailə sahibiyik, heç bir yerdə işləmir, dövlətdən əlavə müavinət almırıq. Buna görə Sizdən xahiş edirik ki, ”Baku Steel Company” şirkətinin rəhbərliyi tərəfindn pozulmuş hüquqlarımızın bərpası üçün bizə dəstək olub, problemin tezliklə həll olunmasına təsir edəsiniz. Bizim istəyimiz çox deyil. Biz, yarımçıq qalmış işə görə kompensasiya, istifadə olunmamış məzuniyyət pullarını və əmək haqlarımızı istəyirik”.

P.S. Müraciətlə bağlı “Baku Steel Company” şirkətinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. Buna rəğmən, onların mövqeyini dinləməyə hazırıq.


Abunəlik