“Hiss olunur ki, cəmiyyəti qarışdırmaqda bir növ israrlıdırlar” – Əflatun Amaşov

Baxılıb:224
“Hiss olunur ki, cəmiyyəti qarışdırmaqda bir növ israrlıdırlar” – Əflatun Amaşov

“Dossier.center” saytının guya Rusiyaya xidmət etdiyi bildirilən azərbaycanlıların siyahısını yayması Azərbaycan cəmiyyətində böyük səs-küy, ictimai rezonans doğurub.

Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Əflatun Amaşovun məsələ ilə bağlı münasibətini təqdim edirik:

“Məsələyə dair mənim də fikrimi öyrənmək istəyən həmkarlarım var. Buna görə də münasibətimi yazı formasında bildirirəm.

Məsələ kifayət qədər geniş müzakirəyə səbəb olub. Məni düşündürən bu siyahıda kimlərin, hansı statusda olanların adlarının yer alması deyil. Daha çox siyahının nəyə görə yayımlanmasıdır. Bir çox adlara diqqət yetirəndə adamda belə təəssürat yaranır ki, orada tanıdığımız hər kəsin adı ola bilərdi və hamımız Rusiyaya işləyən kimi göstərilə bilərdik.

Məhz buna görə də əlaqədar qurumlar məsələyə ciddi diqqət yetirməlidirlər. Tam aydındır ki, hansısa siyasi məqsədi gerçəkləşdirmək niyyəti var. O məqsəd nədir, müəyyənləşdirilməlidir.

Ümumən diqqət yetirmişəm, bu mənim şəxsi müşahidəmdir ki, Türkiyə-Azərbaycan münasibətlərindəki qardaşlıq təzahürləri daha çox cəmiyyətə sirayət etdiyi vaxtlarda belə informasiyalar yayılır. Əlbəttə, indi daha dərinə gediblər. Hiss olunur ki, cəmiyyəti qarışdırmaqda bir növ israrlıdırlar. Təbii ki, bu, mümkün deyil. Ən azından ona görə ki, hamı hamını tanıyır.

Bir daha deyim, belə bir məlumatın dövriyyəyə buraxılmasının əsl səbəbi, doğura biləcəyi fəsadlar üzərində dayanılmalıdır. Hiss olunur ki, kimlərsə “baxın, Azərbaycanın üzdə olan, ictimai fikrə bu və ya digər təsiri olan adamları Rusiyaya işləyir” mesajı verilir və kimlərsə də bu mesajı çox incəliklə Azərbaycan cəmiyyətində tirajlayır. Beləliklə həm daxili, həm də beynəlxalq ictimai rəyə təsir göstərilir.

Yenə də vurğulayım ki, bilmədiyimiz nəsə varsa, bunu əlaqədar qurumlar ortaya qoymalıdır. Mövzu ətrafında ciddi araşdırmalar aparılmalıdır. Ümumən məsələyə çox həssas yanaşılmalıdır”.


Abunəlik