Təhsil sistemi görün, nə günə alıb ki… – GİLEY
20 saylı məktəbin direktoru Esmira Ağayevadan narazı qalan alqoritma müəllimləri Rubrika.Az saytı vasitəsilə Təhsil naziri Emin Əmrullayevə müraciət ünvanladı
Yeni dərs ili cəmisi bir neçə gündür ki, başlayıb. Buna baxmayaraq artıq məktəblərdən ilk şikayətlər daxil olmağa başlayıb. Yeni direktorla yeni dərs ilinə başlayan 20 saylı məktəbdən isə elə ilk gündəncə etirazlar eşidilir. Məktəbin direktoru Esmira Ağayeva artıq kollektiv ilə münaqişələrə start verib.
E.Ağayevanın fəaliyyətindən narazı qalan müəllimlər Rubrika.Az saytı vasitəsilə Təhsil naziri Emin Əmrullayevə müraciət ünvanlayıblar. 20 saylı məktəb-liseyin alqoritma müəllimləri Babayeva Səidə , Yusibova Xatirə və Məmmədova Ulviyyə məktəbdə baş verən özbaşınalıqlara etiraz edirlər. Müəllimlər bildirirlər ki, Təhsil Nazirliyi tərəfindən təşkil edilən “Rəqəmsal bacarıqlar” layihəsinin iştirakçısı olaraq yüksək nəticə əldə ediblər.
Babayeva Səidə bildirir ki, “ötən il imtahan verərək “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulmuşam. Məktəbdə isə 16 saat dərs saatım olub. Dərs ilinin sonunda isə imtahan verərək 100 mümkün baldan 88 bal toplamışam. Bütün təlimlərdə iştirak etmişəm. Dərs ilinin sonunda dərs saatlarım müəyyənıləşdirilib və yaxşı bal topladığıma görə mənə 26 saat dərs verilib. Lakin yeni direktor E.Ağayeva avqust ayında mənə bildirdi ki, sənin dərs saatlarını azaldaraq dərs yükü az olan müəllimlərə verirəm. Beləcə heç bir əsas olmadan E.Ağayeva mənim dərs saatlarımı alaraq başqalarına verib.”
Yusibova Xatirə nazirə ünvanladığı şikayətində bildirir ki, “mən də “Rəqəmsal bacarıqlar” layihəsinə qatılaraq bütün təlimlərdən keçmişəm. Layihənin sonunda 20 saylı məktəb-liseyə təqdimat almışam. Nazirliyin göndərişinə məhəl qoymayan E.Ağayeva mənə dərs saatı verməkdən imtina edir.
Məmmədova Ülviyyə də eyni problemlə üzləşib. O da “Rəqəmsal bacarıqlar” layihəsinin iştirakçısı olub və 20 saylı məktəb-liseyə təqdimat alıb. Amma E. Ağayeva ona da dərs saatı verməkdən imtina edir.
Direktorun fəaliyyətindən narazı qalan müəllimlər Təhsil naziri Emin Əmrullayevə müraciət edərək üzləşdikləri haqsızlığa son qoyulmasını tələb edirlər.
“Hörmətli cənab nazir!
Biz sizin obyektiv, ədalətli qərarlar qəbul edən bir şəxs olduğunuzu, həmişə müəllimlərin hüquqlarını müdafiə etdiyinizi bilirik. Sizə olan sonsuz inamımızla müraciətimizi diqqətdə saxlayacağınıza və lazımi tədbirlər görəcəyinizə inanırıq.
Biz Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” layihəsinə böyük ümidlərlə qatılmışdıq. Layihəni uğurla tamamlayaraq 20 saylı məktəb-liseyə təqdimat almışıq. Amma məktəbin direktoru E.Ağayeva nazirliyin təqdimatını heçə sayaraq öz bildiyini edir, halal haqqımız olan dərs saatlarını başqalarına verir. Halbuki həmin müəllimlər heç bir layihədə iştirak etməyiblər, yoxlasan bəlkə kompyuteri heç açıb-bağlaya da bilmirlər. Əgər nazirliyin keçirdiyi bu layihə hansısa məktəb direktorunun əlində oyuncağa çevriləcəkdisə, onda bu qədər vaxt, maliyyə itkisinə, həyəcana və əziyyətə nə ehtiyac vardı? Məgər məktəb direktorlar üçün sosial müdafiə fondudur ki, kimə istəsələr dərs saatı verələr, kimə istəsələr yox?! Nə üçün Təhsil nazirliyi öz layihəsinin qorunmasına diqqət yetirmir? Bəs bu layihənin reytinqi,hörməti, bilik səviyyəsi hara getdi? Əgər dərs saatını direktora “yaxınlaşmaqla” almaq mümkündürsə, bu layihələr kimə lazımdır?
Cənab Nazir!
Bir daha sizin obyektiv,ədalətli qərar qərar qəbul edəcəyinizə inanaraq 20 saylı məktəb-liseydə baş verən özbaşınalıqlara,qanunsuzluqlara müdaxilə etmənizi xahiş edirik. Biz yalnız halal haqqımız olan dərs saatlarının özümüzə qaytarılmasını istəyirik. Bu həm də nazirliyin öz layihəsinə verdiyi dəyərin göstəricisi olacaq!”