Dərsliklərlə bağlı daha bir problem – əvvəl mətnləri ürküdürdü, indi…

Baxılıb:216
Dərsliklərlə bağlı daha bir problem – əvvəl mətnləri ürküdürdü, indi…

Sabah yeni tədris ili başlayır. Vaxtında tərpənən dərsliyini aldı. Amma narahatlıq doğuran əsas məqamlardan biri dərsliklərin paylanmasının gecikməsi yox, onların gigiyenik baxımdan vəziyyətidir. Qeyd edək ki, hələ bir müddət əvvəl köhnə dərsliklərin dezinfeksiya edildikdən sonra şagirdlərə paylanılacağı barədə məlumatlar yayılmışdı. Sputnik Azərbaycan yeni tədris ili ərəfəsi valideynləri maraqlandıran bu mövzuya toxunaraq dərsliklərlə bağlı gigiyenik vəziyyəti araşdırıb.

Dərslik paylanılan valideynlər Sputnik Azərbaycan-a açıqlamasında bildiriblər ki, uşaqlarına paylanılan dərsliklərin keyfiyyəti o qədər də ürəkaçan deyil. Valideyn Gülnar Səfərovanın sözlərinə görə, 3-cü sinif üçün olan Ana dili və Riyaziyyat köhnə, digər dərsliklər isə normal vəziyyətdədir. Valideyn deyir ki, dərsliklər arasında yeni çap olunanları olsa da, əksəriyyəti işlənmiş dərsliklərdir: “Pandemiya olduğu üçün biz dərslikləri evə gətirən kimi spirtlədik. Amma dərsliyin hər vərəqinə şagird toxunub. Bütün vərəqləri isə spirtləmək mümkün deyil”.

Elə Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərsliklərin dezinfeksiyası mümkün deyi: “Biz mütəmadi olaraq məktəbləri dezinfeksiya edirik. Bu zaman kitabxanalar da dezinfeksiya olunur. Amma bütün dərslikləri dezinfeksiya etmək mümkün deyil. Çünki dezinfeksiyaedici maddələrin kimyəvi tərkibi var. Bu maddələr dərsliyin şriftini yararsız hala sala bilər. Dərsliklər isə oxumaq üçündür. Əgər şrifti pozulsa, şagird dərslikdən lazımi biliyi əldə edə bilməyəcək. Bu baxımdan dərsliklər dezinfeksiya olunmur. Dərsliyin hər səhifəsini dezinfeksiya etmək də mümkün deyil. Ona görə də dərsliklərlə bağlı məktəblərdə icbari dezinfeksiya işləri aparılır. Yəni dərsliklər spirtlə dezinfeksiya olunur”.

A.Məmmədov deyir ki, dərslikdən virusun keçmə ehtimalı azdır. Mərkəz rəhbəri deyir ki, dərslikdən hər-hansı viruslu xəstə istifadə edərkən təhlükə yarana bilər.

Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərsliklərin dezinfeksiyasına ehtiyac yoxdur:

“Dərsliklərin təhvil götürülmə prosesi pandemiyaya görə yubansa da, proses artıq başa çatıb. Hazırda şagirdlərə bu tədris ili üçün dərsliklər paylanılır. Koronavirus əşyaların üzərində uzun müddət yaşaya bilmədiyindən, dərsliklərdən virusun keçmə ehtimalı çox azdır. Ona görə də düşünürəm ki, dərsliklər virusun yayılması üçün təhlükə mənbəyi hesab oluna bilməz” .
Məlumat üçün xatırladaq ki, 2019-2020-ci tədris ilində 322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib. Təhsil Nazirliyindən verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.

Qeyd olunub ki, 2020-2021-ci tədris ili üçün ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI siniflərinə ümumilikdə 339 adda 7 233 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulub. Onlardan 260 adda 6 912 174 nüsxəni dərsliklər, 79 adda 3 210 40 nüsxəni isə metodik vəsaitlər təşkil edir. Bu kağız dərsliklər əsasında 48 adda yeni elektron dərsliyin hazırlanması, 46 adda mövcud elektron dərsliyin isə təkmilləşdirilmiş kağız dərsliklərə uyğunlaşdırılması həyata keçiriləcək. Bununla yanaşı, dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 1 856 99 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulub. 2019-2020-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.


Abunəlik