“Azərbaycanda “ailə institutu” deyilən anlayış yoxdur” – PROBLEM

Baxılıb:137
“Azərbaycanda “ailə institutu” deyilən anlayış yoxdur” – PROBLEM

Dünən Mingəçevirdə 1986-cı il təvəllüdlü Mirvari Məmmədova bıçaqlanaraq öldürülüb. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı M.Məmmədovanın qardaşı, 1985-ci il təvəllüdlü Malik Məmmədovla bağlı əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, M.Məmmədov şəxsi münasibətlər zəminində mübahisə zamanı bacısına çoxsaylı bıçaq xəsarətləri yetirib.

Dəfələrlə televiziyalarda və müxtəlif KİV-lərdə maarifləndirmə aparılsa da, dəyişən heç nə yoxdur. Sanki durum daha da pisə doğru gedir. Hər dəfə eyni və cavabı tam olaraq tapılmayan suallar müzakirə olunur. Qadınlara qarşı zorakılığa səbəb nədir ? Kimdir günahkar? Bu cür halların qarşısını tam ala bilməsək də, necə azaltmaq olar?

“Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva “Sherg.az”a bildirib ki, qadınlara qarşı zorakılıq hallarına tez-tez rast gəlirik. Belə hadilər durmadan artır.

Z.Mustafayeva vurğulayıb ki, qadınlara zorakılıq halları əsasən yaxınları – ata, qardaş, həyat yoldaşı, əmi, baba və s. tərəfindən olur:

“Bu zorakılıqlar müxtəlif sferada – psixoloji, iqtisadi, psixi zorakılıqlar ola bilər. Ən qorxuncu isə cinayət tərkibli zorakılıqlardır. Təəssüf ki, bu zorakılıq daha çox yaxınlar, qohumlar tərəfindən edilir.

Səbəb ailə üzvlərinin savadsız olmağı, sosial-iqtisadi problemlərinin həddindən artıq çox olmasıdır. Həmçinin zərərli vərdişlərin həyat tərzinə çevrilməsi, ruhi-psixi pozuntuların olmasını da səbəb kimi söyləyə bilərik”.

Birlik sədri qeyd edib ki, Azərbaycanda “ailə institutu” deyilən anlayış yoxdur:

“Həmin anlayış o vaxt olardı ki, gənclərə kütləvi şəkildə ağsaqqal-ağbirçəyə hörmət aşılanardı. Bunun da ən asan yolu televiziyalardır. Gündəlik olaraq sosial şəbəkələr, qəzet, televiziya, radio vasitəsilə qadınlara qarşı zorakılıqlardan xəbərdar oluruq.

Qadın öldürülür, zorakılığa, işgəncəyə məruz qalır, ya da ki intihar etməli olur. Azərbaycanda qadına qarşı zorakılığın dinamikası hələ ki azalmır, əksinə artmaqda davam edir”.


Abunəlik