Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama: – “Burada elə bir pasiyent yoxdur”

Baxılıb:379
Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama: – “Burada elə bir pasiyent yoxdur”

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqlənmir.

Sözügedən klinikadan Yenisabah.az-a bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmayıb. “Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur” – deyə klinikanın əməkdaşı bildirib.

Halbuki bir müddət əvvəl Əli Həsənovun “Ersek” ürək-cərrahiyə klinikasında bir həftəlik müalicə kursu qəbul etdiyi barədə məlumat yayılmışdı. Xəbərdə deyilirdi ki, keçmiş köməkçi müalicə kursunu bitirdikdən sonra xəstəxananı tərk edib. Lakin bir neçə gün sonra səhhəti qəfil pisləşib və o, yenidən “Ersek” klinikasına yerləşdirilib.

Əli Həsənovun sözügedən klinikada müalicə olunması barədə xəbər onun Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) qanunsuzluqları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqına təqsirləndirilən şəxs kimi cəlb olunması barədə yayılan məlumatla eyni vaxta təsadüf edir.

Keçmiş köməkçi özü də istintaqa cəlb olunması barədə xəbərə münasibət bildirmişdi. O, məlumatın əsassız olduğunu, hazırda Türkiyədə müalicə aldığını və hər şey yaxşı olacağı təqdirdə 10-15 günə Azərbaycana qayıdacağını qeyd etmişdi. Əli Həsənovun bu açıqlamasından sonra isə yuxarıda qeyd etdiyimiz məlumat yayılmışdı.


Abunəlik