Dövlət İdarəçilik Akademiyası Ramiz Mehdiyevlə Əli Həsənovu kafedra müdirliyindən çıxarır – FOTO
Prezident yanında Dövlət İdarəçilik Akademiyası bu ali təhsil ocağındakı altı kafedraya müdir vəzifəsinin tutulması üçün müsabiqə elan edib.
Bunlar aşağıdakı kafedralardır:
Politologiya və siyasi idarəetmə – kafedra müdiri
Dövlət qulluğu və kadr siyasəti – kafedra müdiri
Beynəlxalq münasibətlər və xarici siyasət – kafedra müdiri
Dövlət idarəetməsi və menecment – kafedra müdiri
Fəlsəfə və sosial psixologiya – kafedra müdiri
Dillər – kafedra müdiri
Müsabiqə ilə bağlı elanda bildirilib ki, bu istiqamətlər üzrə vəzifələrin tutulması üçün elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.
“Sənədləri elan dərc edilən gündən bir ay müddətində təqdim etmək olar”, – deyə akademiya bəyan edib.
Müsabiqə 2020-ci il sentyabrın 4-də elan edilib.
“Modern.az”ın məlumatına görə, elanda diqqətçəkən məqam müsabiqəyə çıxarılan Dövlət qulluğu və kadr siyasəti ilə Beynəlxalq münasibətlər və xarici siyasət kafedraları ilə bağlıdır. Çünki hazırda bu iki kafedraya ölkənin ictimai-siyasi arenasında tanınmış simalar rəhbərlik edirlər.
Belə ki, Dövlət İdarəçilik Akademiyasının saytındakı məlumata görə, yarandığı gündən indiyədək Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsini Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev tutur.
Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri vəzifəsinin qarşısında isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun adı yazılıb.
Beləliklə, Dövlət İdarəçilik Akademiyası həmin kafedralara yeni müdir axtarmaqla Ramiz Mehdiyev və Əli Həsənovla vidalaşmağa hazırlaşır.
82 yaşlı akademik Ramiz Mehdiyevin, eləcə də sağlıq durumundakı ciddi problemlər səbəbindən hazırda Türkiyədə müalicə olunan Əli Həsənovun yenidən həmin kafedraların müdirliyinə öz namizədliklərini irəli sürəcəyi inandırıcı görünmür.