“Gəncə dəhlizi” ilə bağlı məkrli plan: – Kreml üçün yeni “nəfəslik”?
Tovuz təxribatları zamanı Ermənistanı silahlandırdığı üçün rəsmi Bakı Rusiyaya ciddi etiraz bildirdi.
Lakin görünən odur ki, bunun Kremlə heç bir təsiri olmayıb. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfəri zamanı ölkəsinin Ermənistana silah deyil, tikinti materialları göndərdiyini iddia etdi.
Lakin onun bu sözlərinə kimsə inanmadı. Siyasi ekspertlər Ermənistanın müharibəyə hazırlaşdığını və təxribat zonası kimi Tovuz rayonunun təsadüfən seçilmədiyini bildirir. Hətta politoloq Xaləddin İbrahimli iddia edir ki, ermənilər Tovuzun timsalında daha bir Qərb rayonunu seçməklə Azərbaycanı Qarabağla bağlı kapitulyasiyaya məcbur etməyə çalışır.
“Bunu Rusiya da istəyə bilər”
Politoloq Natiq Miri “Cümhuriyyət”ə açıqlamasında bildirib ki, bu fikirdə həqiqət payı var:
“Bu Ermənistan rəhbərliyinin istəyidir. Bu qələbəni çalmaqla həm Rusiyaya yarımaq, həm də öz mövqelərini gücləndirmək istəyərdilər. Hesab edirlər ki, yeni ərazilər işğal olunarsa, Dağlıq Qarabağ və ətraf yeddi rayon məsələsini arxa plana keçirmək olar. Zamanında Kəlbəcər rayonu işğal olunandan sonra BMT- nin 822 nömrəli qətnaməsi qəbul edildi. Burada Ermənistan ordusunun qeyd- şərtsiz Azərbaycanın işğal olunmuş ərazisindən çıxarılması nəzərdə tutulurdu. Bu qətnamə icra olunmaq ərəfəsindəydi ki, o zaman ermənilər, xüsusən də onların lideri Koçaryan daha bir addım atdı və Ermənistan ordusu Ağdam rayonu işğal edildi. Bununla ermənilər Kəlbəcərin işğal olunma faktını geri atdılar. Bu işğallar davam etdi, Dağlıq Qrabağ və ətraf yeddi rayon işğal olundu. Artıq 27 ildən çoxdur ki, ermənilər, nə Dağlıq Qarabağı nə də ətraf yeddi rayonu qaytarmaq fikrində deyil. Vəziyyət bu cür davam edərsə, ermənilər yeni ərazilərə iştahlana bilər. Bununla da hazırda müzakirə mövzusu olan Dağlıq Qarabağ və ərtaf yeddi rayon problemini arxa planda saxlaya bilər. Ancaq bunun nə qədər real olduğunu demək çətindir. Bu yalnız Ermənistanın röyası ola bilər. Artıq Azərbaycan ordusu 90- cı illərinki deyil və qəti şəkildə zərrəcə geri çəkilmək fikri yoxdur. Bura Azərbaycan- Türkiyə münasibətlərini də əlavə etsək, ermənilərin bu xülyası, ümumiyyətlə, mümkünsüzdür. Amma bunu Rusiya da istəyə bilər. Çünki ermənilərin bu planı Rusiyanın geosiyasi maraqlarına xidmət edir. Tovuzun və ümumilikdə “Gəncə dəhlizi”nin işğalı Rusiyanın Qərbə daşıdığı enerji- kommunikasiya xətlərinə nəzarətini təmin edərdi. Bu da son zamanlar Avropada və Türkiyədə öz enerji bazarlarını itirən Kreml üçün yeni “nəfəslik olardı”. Artıq Azərbaycan Avropaya öz qazını satmağa hazırlaşır. TAP xətti də artıq hazır vəziyyətdədir. Düşünürəm ki, Azərbaycan ilin sonunadək öz qazını rahatlıqla Avropaya çıxara biləcək. Əlbəttə ki, belə durumda Rusiya istəyərdi ki, sözügedən qaz xəttini öz nəzarətinə götürsün. Beləliklə də, bundan istifadə etməklə o, Azərbaycanla Türkiyəni bir çox geosiyasi məsələlərdən çəkindirməyə çalışacaqdı”.
“Türk ordusunun burada qalması üçün hüquqi zəmin yaradılmalıdır”
Ekspert hesab edir ki, Rusiyanın bu iştahasını boğazında qoymaq üçün Türkiyə ordusunun Azərbaycanda qalmasına hüquqi zəmin yaratmaq lazımdır:
“Ancaq ortada bir də reallıq var. Məhz bu məsələləri gördükləri üçün Azərbaycanla Türkiyə münasibətləri daha da inkişaf etmək istiqamətində yol alıb. Məhz bu baxımdan Türkiyə-Azərbaycan arasındakı münasibətləri gücləndirmək və onu hərbi sazişə çevirmək lazımdır. Amma bu məsələlər nədənsə, ləngiyir. Hesab edirəm ki, bu, yolverilməzdir. Eyni zamanda Türkiyə ordusunun Azərbaycanda qalmasını təmin edən hüquqi zəmin yaratmaq lazımdır. Bu da özündə strateji müttəfiqliyi ehtiva edən hərbi sazişdən keçir”.
“İran Türkiyəyə də, Azərbaycana da xəyanət edir”
Politoloq hesab edir ki, İrana da ciddi bir nota vermək lazımdır:
“Açığı Ermənistanın bu planı nə qədər xülya görünsə də o, Rusiya tərəfindən silahlandırılır. Ayrıca, bu prosesin içində İran da iştirak edir. Yəni yalnız hava sahəsi ilə deyil, quru yoluyla da Rusiyanın silahları Ermənistana daşınır. Quru yolu ilə silahlar həm Ermənistana, həm də işğal altındakı torpaqlarımıza- Dağlıq Qarabağa daşınır. Ona görə də bu məsələni yalnız xülya olaraq görmək lazım deyil. Bunun üçün qabaqlayıcı addımlar atmaq lazımdır ki, İran da bu xülyaya düşməsin. İrana çox ciddi bir nota vermək lazımdır. Hesab edirəm ki, bu prosesdə də yalnız Azərbaycan deyil, qardaş Türkiyə də iştirak etməlidir. Çünki İran bu gün nəfəsi həm Azəraycandan, həm də Türkiyədən alır. Bu gün iqtisadi sanksiyalar içində boğulan İran həm Azərbaycana, dolayısı ilə həm də Türkiyəyə xəyanət edir. Bunu İrana mütləq mənada anlatmaq lazımdır”.