Milli Məclisdə mərhum Fəttah Heydərovun yerinə nə vaxt sədr seçiləcək?
Milli Məclisin Hesablayıcı Komissiyasının sədri vəzifəsi boşdur.
Hesablayıcı Komissiyanın sədri deputat Fəttah Heydərov 2020-ci ilin avqustun 4-də vəfat edib.
Oxu.Az Komissiyaya sədrin seçilməsi prosedurunu araşdırmağa çalışıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırış Milli Məclisin birinci iclasında və bundan sonra hər il parlamentin yaz sessiyasının birinci iclasında Hesablayıcı Komissiya yaradılır.
Milli Məclisin Hesablayıcı komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Sonra Milli Məclisin Hesablayıcı Komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.
F.Heydərov 2020-ci ilin martın 11-də həmin Komissiyanın tərkibi müəyyənləşmişdi və sədri seçilmişdi. Komissiyanın yeni tərkibi isə prosedura görə, yaz sessiyasının birinci iclasında yaradılacaq.
Qaydalara görə, Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 1-də keçirilir. Deməli, prosedurla Hesablayıcı Komissiya fevralın 1-də yenidən təşkil olunacaq. Hazırda isə Komissiyanın sədri olmasa da, öz fəaliyyətini davam etdirir.
Milli Məclisdə açıq səsvermə elektron sistemdən istifadə etməklə, elektron sistemdən istifadə etmədən və adbaad sorğu vasitəsilə keçirilə bilər.
Eektron sistemdən istifadə etmədən açıq səsvermə keçirilərkən səsləri Hesablayıcı Komissiya hesablayır.
Gizli səsvermə isə elektron sistemdən istifadə etməklə və ya bülletenlər vasitəsilə keçirilir.
Bülletenlər vasitəsilə gizli səsvermə Milli Məclisin iclas salonunda keçirilir. Hesablayıcı Komissiya səsvermə bülletenlərini hazırlayır, səsvermə qutusunu yoxlayır, möhürləyir və deputatları siyahı ilə səs verməyə dəvət edir.
Hesablayıcı Komissiya səsvermənin gizliliyini təmin etmək üçün şərait yaratmalıdır.