“Qalatasaray”ın prezidenti: “Neftçi”ni çox sevirik
Əslində biz də “Neftçi” ilə düşmək istəyirdik. İki hissi bir arada yaşayacağıq. Həm qardaşınla oyun keçirəcəksən, həm udub və ya uduzacaqsan.
Report xəbər verir ki, bunu UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Qalatasaray”ın prezidenti Mustafa Cengiz “CBC Sport” telekanalında yayımlanan “Türkiyədən futbol” verilişinə müsahibəsində deyib.
71 yaşlı funksioner Azərbaycan klubu ilə qarşılaşacaqları üçün sevindiyini bildirib:
“Şükürlər olsun ki, bizə bu komanda ilə oyun keçirmək nəsib oldu. Bizə ən yaxın olan qardaş ölkənin komandası ilə qarşılaşacağıq. “Neftçi”nin hər zaman uğur qazanmasını istəyirəm. İranda “Traktor” klubu kuboku qazandı. Onda da türklər çox sevindilər. “Neftçi”ni çox sevirik. Bu komanda ilə oynayacağımız üçün məmnunuq”.
M.Cengiz Azərbaycandakı “Qalatasaray” azarkeşlərinin komanda ilə görüşmək istəyini baş məşqçi Fatih Terimə çatdıracağını söyləyib: “Onlara deyəcəyəm ki, stadiona gedərkən azarkeşləri salamlasınlar. Yeri gəlmişkən, mən də öz növbəmdə “Neftçi”nin prezidenti Kamran Quliyevə, baş məşqçisi Füzuli Məmmədova, bütün Azərbaycan xalqına, klubun azarkeşlərinə sevgi və salamlarımı çatdırıram”.
Klub prezidenti deyib ki, artıq transfer məsələsində türk ölkələrinə üz tutmağın vaxtıdır: “Xüsusilə Azərbaycanda futbola ciddi diqqət var. Seleksiyaçılarımız bu işi incələməlidirlər. Azərbaycandan oyunçu alsaq, buna ancaq sevinərik. Bunu özüm üçün qeyd etdim. Bu istiqamətdə fəaliyyətimiz olacaq”.
“Qalatasaray”ın transfer siyasətindən də söz açan M.Cengiz yarımmüdafiə xəttinə yeni oyunçu alınacağını vurğulayıb.
Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.