Mən onu belə sevdim…

Baxılıb:476
Mən onu belə sevdim…

 

Sıradan bir gün idi. Qadın həmişəki yerində oturmuş, kimisə gözləyirdi. Gözləri hüzün dolu, o gələcək deyə bir ümid var içində. Pəncərəyə baxıb sakitcə ağlayırdı..
Arxa masada bir nəfər oturmuşdu. Tək başına.. Deyəsən heç kimi gözləmirdi. Bütün kədərini bir qədəhə sığışdırıb.. elə dərdli içirdi ki..

Gec idi. “Yenə gəlmədi…” deyərək qadın hesabı istədi. Çıxarkən gözü o adama sataşdı. Üzü tanış gəldi sanki. Qaranlıqda seçilmirdi. Qadın ayaq saxladı. Üzünü kişiyə tutub, “Bilirsiz, mən səvgiyə inanmıram. Uydurma əfsanədir” dedi.

-Xanım, siz nə bilirsiz eşq nədir.

Qadın qarşı tərəfdəki stulu çəkib onunla üz-üzə oturdu. ayağını ayağının üstünə aşırıb əlini çənəsinə dayadı:

-Onda deyin mən də bilim.

Kişi həsrət dolu baxışlarını uzaqlara dikdi:

-Hər kəsin bir hekayəsi vardır. Siqaretini siqaretlə yandıranların hekayəsi soruşulmaz-deyib bir siqaret yandırdı.-Bəyəndiyim xanım vardı. Onunla nə vaxt göz-gözə gəlmək istəsəm məndən qaçır, görməzdən gəlirdi. Səssizcə yanımdan ötüb keçirdi. Bəlkə də başqasına tələsirdi. O an bir şey istədim. Xırda bir daş olum. İlişim ayağına, yıxılsın. Getməsin.. O gün ilk dəfə canını yandırmaq istədim..

Sonradan tanış olduq. Hər gün o parkda görüşüb söhbət edirdik. O danışır, mən qulaq asırdım. Əslində nə dediyini eşitmirdim. Onun səsi məni xəyallara aparırdı. O güləndə mən də gülürdüm. Bir dəfə dedim gəl səninlə bir şey edək. “Neyləyək?”- Sən gülüşünü mənə ver ömrümun qalanı sənin olsun. Aşiq olduğumu anlamışdı. Susdu və heç nə demədi…
Bir gülüşü üçün hər şeydən vaz keçəcəyimi başa düşdüyüm gün ona vurulduğumu anladım…

Parkdakı bu oturacaq bizə o qədər doğma idi ki, ona xəyanət edib başqa yerdə görüşmürdük. Deyəsən mənə qarşı bir şeylər hiss edirdi. Bu da mənə cəsarət verirdi. Bir birimizə o qədər bağlanmışdıq ki, ayrı qala bilmirdik. Bir dəfəsində  mənə sual vermişdi, mən olmasam neyləyərsən? Səninçün necə darıxdığımı bilsən yoxluğundan utanarasan dedim. Məni qucaqlayıb “sus” dedi..

Neçə yaşım olursa olsun. Bir uşaq kimi onun saçlarıma toxunuşunun, məni öpməsinin həsrətin çəkəcəm. Onu elə bərk qucaqlayırdım ki qoxusu üzərimə çöksün. Sonra evə gəlib saatlarla köynəyimi qoxlayırdım. Hər gün yenidən sevdiyim, itirməkdən qorxduğum yeganə insan idi. Ona elə güvənirdim ki… Mənə tərəf silah tutsa əgər, “Arxamda birisi var” deyərdim. Bilirsən ən yaxın insan kimdir?- Beynimizdən sual işarələrini alıb yerinə hüzur qoyan insan. Onu mənə göstərməyən hər günümə küsgünəm. Ağıl xəstəxanası tərəfindən kəşf ediləcək qədər dəlicəsinə sevirdim onu… İnsan bilirsən nə vaxt məhv olur. Unudulduqda və ya arxasınca gələn olmayanda. Könül baxçamdakı tər bənövşəmdi. Çox incə duyğularla sevirdim onu… Hər kəs özlədiyi insanın yoxsuludur. İtirdiyim sərvətimdi o,mənim. Onsuzluq bilirsən nədir? Təsəvvür elə bu böyüklükdə dünyaya sığmırsan. Hava var ama nəfəs ala bilmirsən.. Saçlarına toxundu deyə yağan yağışa belə qısqanırdım.

Bir dəfə ona dedim ki, aramızda qalsın. Bir birimizə çox yaraşırıq. Güldü:

-Niyə aramızda qalsın ki?

-Qorxuram göz dəyər, bitər hər şey.

Onu itirməkdən çox qorxurdum. Əslində mən ürəyimi heç vaxt qorxaq öyrətmədim. Bütün varlığımla sevdim onu. İndi onsuz heç yerə aid deyiləm. Hara gedəcəyimi də bilmirəm. “Bir gün gözəl olmasam yenə sevərdinmi məni?”-deyə sual vermişdi. “Səni elə sevərəm ki gözlərinə inana bilməzsən. Qəlbinin səsi olaram.. Günəş kimi yanaram baxdığın hər yerdə.” dedim. Onu çox sevdiyim halda ondan uzaq durmalıydım. Bu acını kimsə bilməz.

Öləcəyimi bildiyim üçün ondan uzaqlaşmağa çalışırdım. Ona ayrılmalı olduğumuzu söylədim. Çox ağladı o gün. “Sonra bir gün peşman olub geri dönsən, məni ilk gördüyün yerdə olacam. Bir ömür səni gözləyəcəm.”- dedi…. Bəlkə indi yoxluğuma alışıb, onunçün coxdan ölmüşəm. Onunla ilk tanış olduğumuzda bir hüzün vardı gözlərində. Sanki heç sevilməmiş kimi..

Onsuz elə bir qış yaşadım ki, üşüməyi unutdum.

Kişi danışdıqca qadının badamı, qəmli gözlərindən yaş yanağı boyu süzülürdü:
-Bəs sonradan heç kimi sevmədiz?

-Yox. İnsan biri üçün gec qaldısa bir daha başqası üçün tələsməz. Bəlkə də üzüldüyümü bəlli etməyəcək qədər güclüyəm. Amma bu üzülmədim anlamına gəlməz ki… Zamanla bəlkə ürəyi məni bağışlayar. Amma mən ona yaşatdıqlarım üçün özümü bağışlamayacağam. O dünyamı gözəlləşdirən tək mənzərəmdi. Həyat filmimin ən gözəl səhnələriydi.. Saatlarla ona baxmaqdan doymurdum.

Qadın  səssizcə qulaq asırdı, ağlamaqdan dodaqları səyriyirdi. İllər öncə onu tərk edən insan qarşısında oturmuş həyat hekayəsini danışırdı. Kişi getmək istədikdə qadın əlindən tutub saxladı.Gözlərinin içinə baxaraq:

-Bir dəfə əllərini buraxdım, bir də buraxmaram. Sən bir gün öləcəm deyə məni hər gün öldürdün. Səndən bir şey istəyirəm. Son bir şey..

-Nə istəyirsən?

-Mənə bir öpüş ver.. ömrümün qalan hissəsi sənin olsun..

Elvin Əşrəf © /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir