İslahatlar qaçılmazdır: Hərəyə fərqli avtosığorta – AKTUAL

Baxılıb:223
İslahatlar qaçılmazdır: Hərəyə fərqli avtosığorta – AKTUAL

Rusiyada icabri sığorta üçün tariflər bu günlərdə individual qaydada hesablanmağa başlandı. Sığorta paketinin dəyərinin yeni qaydası sözsüz ki, qanuna əməl edən sürücüləri sevindirməlidir. Avtomobillərin mülki məsuliyyətinin icbari sığortasının qiymətinə işıqforların qırmızı işığında və qarşıdakı zolaqda hərəkət etmək və s. təsir göstərə bilər. Artıq sığortaçılar sürücünün yaş və təcrübə nisbətini nəzərə alacaqlar. Bəlkə də avtomobilin sinfi və hətta rəngi də nəzərə alınacaq, amma hələ ki, bu statistika araşdırılır.

Sığorta mütəxəssisi Xəyal Məmmədxanlı AYNA-ya deyib ki, sürücülərə qarşı fərqli meyarlara əsaslanan yanaşma yaxşı fikirdir: “Bir sürücü barədə müvafiq məlumatlar toplanır və təhlil olunur. Bir vaxtlar icbari sığortanın qiymətinin yaşayış yerindən asılı olaraq fərqli olması məsələsini təklif etmişdim. Məlumdur ki, qəzaların 70%-i Bakıda baş verir və bir kənddə yaşayan sürücünün böyük bir şəhərdə olduğu qədər sığorta ödəməsi olduqca haqsızdır. Şəhərdə bir çox insan demək olar ki, yarım gün avtomobil sürür, kənd yerlərində isə bu göstərici daha az saat təşkil edir, hətta bəzən hər gün də olmur”.

Ekspertin fikrincə, avtomobilin növünə görə fərqli qiymətlər tətbiq edilə bilər: “Deyək ki, idman avtomobillərinin sığortası daha çox olmalıdır. Taksilərin sığortaları adi avtomobillərdən fərqləndirilməlidir. Şəhərdə çox sayda qəzaların səbəbi məhz taksilərdir və nəticədə digər sığortalıların pulu onlara xərclənir”.

“Bizdə qanuna bəzi dəyişikliklər etmək planlaşdırılırdı. Lakin heç bir şey edilmədi və yaxın gələcəkdə bunu edəcəklərinə şübhə edirəm. Azərbaycanda yalnız bonus-malus sistemi var ki, o da normal işləmir. İcbari sığorta bir çox yerli sığorta şirkətləri üçün başağrısıdır. Bir çox şirkət, mühərrikin həcmi 2 litrdən az olan avtomobilləri sığortalamaqdan imtina edir, çünki onlar üçün sərfəli deyil. Bakıda isə çox sayda kiçik mühərrikli maşın var”, – Məmmədxanlı bildirib.

Mütəxəssis hesab edir ki, Rusiya və Türkiyənin, eləcə də digər ölkələrin təcrübələrini nəzərə almaq mümkündür: “Ancaq problem normal analitik və statistik bazanın olmamasıdır. Gəlin, yol qəzalarının statistikasını götürək. Məsələn, qəzanın idarəetmənin itirilməsi nəticəsində baş verdiyi deyilir, ancaq səbəbləri təhlil edilmir. Qəza növləri ilə bağlı statistikaya ehtiyacımız var, tez-tez qəzaya düşənlərin yaşını, cinsini, avtomobilinin rəngini bilmək vacibdir. Sığortaçılara müvafiq nəticələr çıxarmaq üçün bütün bu məlumatlar vacibdir”.

Digər mütəxəssislər də avtomobillərin icbari sığortasına fərdi bir yanaşmanın lazım olduğunu qəbul edirlər. Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayevin AYNA-ya şərhinə görə, bu cür tədbirlər sığorta şirkətləri üçün gəlirli ola bilər: “Bundan əlavə, məsuliyyətli sürücüləri qiymətləndirməklə qəzaların sayını azaltmaq mümkündür. Müxtəlif parametrləri, xüsusən də sürücü təcrübəsini qiymətləndirmək lazımdır. Bir avtomobil həvəskarı uzun müddət qəzasız sürmə təcrübəsinə sahibdirsə, sığorta üçün minimum məbləği ödəməlidir. Digər tərəfdən yeni başlayanlar standart tariflə ödəmə etməli və üç il ərzində heç bir qəza törətmədikləri təqdirdə, sığorta ödəməsinin dəyəri azaldılacaq şəxslər kateqoriyasına köçürüləməlidirlər”.

“Sürücülərin yaşını da nəzərə almaq lazımdır, çünki sükan arxasında yaşlı adam oturubsa, deməli, risk daha böyükdür. Hesab edirəm ki, müəyyən xəstəliklərə əsaslanan riskləri qiymətləndirmək mümkündür. Beləliklə, xəstəliyi olan bir insanı tanıyırdım, nəticədə qısa müddətdə huşunu itirir, amma eyni zamanda, sükan arxasında otururdu. Düşünmürəm ki, bu vəziyyətdə ona sağlam bir insanla eyni meyarlar tətbiq olunmalıdır. Psixoloqların sığorta polisi hazırlanmasında iştirak etməsi vacibdir. Onlar avtomobilin rəngini, sahibinin işini, ailənsinin varlığını və ya olmamasını və digər meyarların qəzaya məruz qalma riskinə necə təsir edə biləcəyini təyin etməyə kömək edə bilərlər”, – Ağayev vurğulayıb.

Pandemiya bitdikdən sonra, mütəxəssisin fikrincə, sürücülərin psixi sağlamlığı məsələsi ümumiyyətlə əsas məsələlərdən birinə çevriləcək, çünki insanlar neçə aydır ki, əsəb gərginliyi içərisindədirlər. Bu, onların psixikasını təsir etməyə bilməzdi. Bir çoxları pandemiyada ucbatından daha səbirsiz və əsəbi hala gəliblər.

İqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya açıqlamasında, avtomobil sığortasında tətbiq oluna biləcək bir çox fərqli variantın olduğunu deyib. Onun sözlərinə görə, Rusiya təcrübəsi maraqlıdır və öyrənilməlidir.

“Bu ölkədə sığorta şirkətləri arasında ciddi rəqabət var. Azərbaycanda da sığorta sektorunda sağlam rəqabəti inkişaf etdirmək və çevik qaydalarla çıxış etmək lazımdır. Bu zaman bu seqment zərərlə işləməyə son qoyacaq və nəhayət inkişaf etməyə başlayacaq”, – o bildirib.


Abunəlik