Allah kəssin belə insafı: – “Alıcılar ələ salınır”

Baxılıb:216
Allah kəssin belə insafı: – “Alıcılar ələ salınır”

Bu günlərdə sosial şəbəkələrdə yayılan bir foto həm maraq, həm təəccüb, həm də ikrahla qarşılanıb. Deməli, marketlərdən birində çəkilən şəkildən də görüldüyü kimi, rəhbərlik nektar meyvəsininin qiymətini 99 qəpikdən 98 qəpiyə salıb. Ha istəyirsən, müsbət düşünəsən, sevinəsən amma gülüş, qəzəb imkan vermir. Bir qəpiklik də endirim olar?! “Allah kəssin belə endirimi” deyən heç bir müştərini qınamaq olmaz. Vallah, billah olmaz.

İqtisadçı-ekspert Nazim Bəydəmirli də tənqidi mövqedədir. O, “Sherg.az”a açıqlamasında bunları deyib:

“Yay fəsli ilə əlaqədər məhsulun bol olmasına rəğmən, qiymətlər çox bahadır. Dünya ölkələrində belə mövsümi dəyişikliklərlə əlaqədər qiymət ucuzlaşır. Azərbaycanda isə bir-iki qəpik…Bu, alıcını əla salmaq kimi bir şeydir. Nə demək olar, Allah bunlara insaf versin”.

Ekspert, həmçinin məsələyə təsir edən məqamlardan da danışıb:

“İnhisarçılıq, məmur sahibkarlığı aradan qaldırılmalı, bazar və marketlərə istehsalçıların çıxışı asanlaşdırılmalıdır. “Kənddən-bazara” kimi piar kampaniyalarına ehtiyac yoxdur. Sadəcə iqtisadiyyata dövlət müxadiləsi olmamalıdır.

Bu, həm bazar iqtisadiyyatına, həm də mövcud qanunvericiliyə ziddir. Özəl fəaliyyət olan yerdə dövlətin hansısa şirkət və ya təsərrüfat obyekti yaratması yolverilməzdir. Dövlət resurslarından istifadə etməklə sahibkarları bazardan çıxarmaq monopoliyadır və bunun qarşısı alınmalıdır.

“Aqrar ticarət” adlı MMC yaradılandan sonra kənd təsərrüfatında vəziyyət daha da pisləşdi. Yadınızdadırsa, keçən il bir kisə soğanın qiymətinin 35 manata satılması ilə xəbər və səs yazısı yayılmışdır.

Halbuki bazarda eyni məhsulun qiyməti 5 manat, yəni yeddi dəfə azdır. Bəzi qurum rəhbərləri, səlahiyyətli şəxslər mövcud durumu başa düşmürlər. Vətəndaş cəmiyyətləri, QHT-lər də məsələni aktuallaşdırmır.

Nəticədə iqtisadi fəaliyyət daralır, sosializmə doğru gedilir və belə hadisələr olur. Sadaladığım problemlər həllini tapmadıqca bir qəpiklik endirimlərlə alıcılar ələ salınacaq”.


Abunəlik