Ramiz Mehdiyevin 17 anı… – GƏLİŞMƏ

Baxılıb:271
Ramiz Mehdiyevin 17 anı… – GƏLİŞMƏ

Toy əhvalatı

Son həftələrin ən çox müzakirə edilən mövzusu AMEA Prezidenti, Azərbaycan Respublikası Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimidir. Şübhəmiz yoxdur ki, bu toy mərasimi sakit və səssiz keçə bilərdi…

Əgər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin həyat yoldaşı olan Aysel Teymurzadə toy məclisindən siyasi cəhətdən bəzi önəmli və maraqlı görüntüləri paylaşması idi.

Biz Aysel Teymurzadənin bunu bilərəkdən edib-etməməsini sual etmək niyyətində deyilik. Əminik ki, Aysel Teymurzadənin Abel Məhərrəmovun siyasi epitetlər ilə dolu çıxışlarına təbii marağı var və rəfiqələri ilə masa üzərində olan yeməkləri vəya musiqini yox, məhz Abel müəllimin videosunu paylaşıb… Bunu Eurovision müğənnimizin siyasi maarifçilik arzusu kimi də qiymətləndirmək olar. Hər halda bunu Aysel və onun bu videosunu gözləyən rəfiqələri daha dəqiq bilir. Bizi maraqlandıran isə fərqli cəhətdir.

Bu ajiotaj nədən oldu?

Bəzi ekspertlər bu ajiotajı cəmiyyətin istəyi, ehtiyacı və gözləntisi kimi qiymətləndirir. O zaman sual yaranır ki, xaricdən məhsulların gətirilməsinə ölkədə müəyyən edilən 300 dollarlıq məhdudiyyət niyə belə ajiotaj yaratmır və Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevin istefası və ya vəzifədən azad olunması ilə nəticələnmir?

Zənnimizcə, toy (və ya toplantı) videosunun yayılması və ondan sonra proseslərin inkişaf perspektivləri artıq bir neçə ay idi ki, təbii şəkildə müəyyənləşmişdi. Görünən budur ki, Akademik Pandemiya dönəminə laqeyd yanaşdığı kimi, özünün siyasi diaqnostikasına da laqeyd yanaşıb və ayna qarşısında öz yerini və rolunu düzgün müəyyənləşdirməyib.

Proseslərə retrospektiv baxış

2019-cu ilin Oktyabr ayının 23-də Prezident İlham Əliyev Ramiz Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. 1995-ci ildən Azərbaycan Prezidentinin İcra Aparatının, sonra isə Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyev vəzifəsindən azad edildi.

Bəziləri üçün bu çoxdan gözlənilən bir addım idi. Onun yerinə gələn texnokrat Samir Nuriyevin siyasi intriqalar arenasında eyni yolu izləməyəcəyi aydın idi. Ramiz Mehdiyev Elmlər Akademiyasına göndərildi. Bəli… Məhz göndərildi.

81 yaşlı siyasi oyunlar ustadına ömrünün qalan hissəsini hər vəchlə sevdiyini nümayiş etdiyi elmlə məşğul olmağa şans verildi. Hətta nəinki elmlə məşğul olmaq, hətta Akademikə bu sahəyə rəhbərlik etmək üçün etimad göstərildi. O, hazırda Azərbaycan elminə heç bir töhfə verməyən, sadəcə olaraq təqaüdçülər toplantısı olan Elmlər Akademiyasına rəhbər təyin edildi. Bununla bir çox insan rahatlaşdı, bəziləri narahat oldu… Lakin ümumi siyasi abu-hava “islahatçı” adlanan qrupun xeyrinə dəyişirdi.

Siyasi proseslərin növbəti inkişaf mərhələsi Azərbaycan siyasi arenasını Ramiz Mehdiyevsiz təsəvvür edirdi. Bunu həm “islahatçılar”, həm də siyasi qərarları qəbul edən insanlar belə başa düşürdü və görürdü.

Ramiz Mehdiyev isə öz saydığını saymağa davam etdi…

Özünü Azərbaycan ictimai-siyasi arenasının ulduzlarından biri kimi görən akademik hər bir prosesə fikir bildirərək, müxtəlif məmurları Elmlər Akademiyasına müzakirələrinə dəvət edərək, cəmiyyətə öz qüdrəti haqqında miflər yayaraq yenidən siyasi gündəmə təsir etmək imkanlarını qorumaq istəyirdi.

İlkin mərhələdə hakimiyyət üçün bu sadəcə keçmiş vərdişlərin təzahürü kimi görünürdü. Prezident Administrasiyası buna təmkinlə yanaşırdı, Azərtac xəbərləri yayırdı, xəbər saytları isə akademikin istənilən məlumatlarını tirajlayırdı.

Zaman keçdikcə, bundan həzz alan akademik artıq özünü ölkədə Prezident və Birinci Vitse-Prezidentdən sonra ayrı-ayrı mövzularda mütləq fikir bildirməyə “mənəvi haqqı olan” bir insan kimi aparmağa başladı. Prezident Administrasiyasında özünün gənc və siyasi cəhətdən daha az stajlı kadrla əvəzlənməsi ilə barışmayan akademik 1 stakan suda fırtınalar yaratmağa başladı. Elmlər Akademiyasının hər bir kadr dəyişikliyi cəmiyyətə “inqilabi” bir hadisə kimi təqdim edilməyə başlandı. Ölkədə bir anda belə təəsürat yaradılmağa başlandı ki, Azərbaycanın idarə edilməsində üç nəfər iştirak edir. Üçünçü şəxs olmağa iddialı insan isə Azərbaycan siyasi tarixində rast gəlinməsə də Elmlər Akademiyasının Prezidenti idi. Lakin bu sadəcə illuziya idi.

Bununla razılaşmaq istəməyən hakimiyyət Ramiz Mehdiyevə bir neçə dəfə açıq olmayan, lakin siyasi insanlar üçün anlaşılan mesajlar göndərdi. Mesajların mətni aydın və başa düşülən idi: “Siz Akademiyanın Prezidentisiniz, qarşınızda Elmlər Akademiyasının inkişaf etdirilməsi üçün böyük və önəmli vəzifələr var. 110 milyon manat büdcəsi olan Elmlər Akademiyası yeni dövrünü və inkişafını yaşamalıdır. Sizin təcrübəniz və düşüncələriniz bu istiqəmətə yönəlsə daha məqsədəuyğun olardı”.

Lakin, Akademik bu mesajları qulaq ardına vurur və siyasi fəaliyyətini davam etdirirdi.

Doğrudur, Ramiz Mehdiyevin Elmlər Akademiyasında zaman-zaman hansısa dəyişikliklər etmək istəyirdi… Məsələn, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovu Yüksək Texnologiyalar Parkına müdir təyin edirdi, həmin vəzifədə çalışan keçmiş millət vəkili Elton Məmmədovu (Ziya Məmmədovun qardaşı) İşlər müdiri təyin edirdi. Sonra Əli Abbasovu özünə müşavir təyin edirdi. Bu kadr dəyişiklikləri nəticə etibarı ilə Elmlər Akademiyasının zərrə qədər də inkişafına təsir etməsə də, sabiq məmurlar bundan xoşbəxt olurdusa bu Akademik üçün yəqin ki, nailiyyətin bir forması idi.

Gedişat isə göstərirdi ki, Ramiz Mehdiyevin nəvəsinin toyu istənilən digər hadisə ilə əvəzlənə bilərdi. Bir çox müsahibə apardığımız insanlar düşünür ki, bu Ramiz Mehdiyev üçün ən təhlükəsiz və ləyaqətli bir sonluqdur. Çünki, digər halda 110 milyon manat illik büdcəsi olan Elmlər Akademiyasına Korrupsiya ilə mübarizə aparan qurumlar daxil olsa idi, o zaman proseslərin necə inkişaf edəcəyini təsəvvür etmək çətin deyil. Çox güman ki, o zaman 15 sutkalıq həbs heç də Akademikin kürəkəni, keçmiş millət vəkili İlham Əliyevi gözləməyəcək idi.

Ramiz Mehdiyevin siyasi oyunların üstadı olması sirr deyil. Uzun illər istənilən şəxsi qurban verməyi bacaran, ikili oyunları sakit və rahat şəkildə qura bilən, boyük səbrə sahib olan insan olaraq, Ramiz Mehdiyev kiminlə və necə davranmağı yaxşı bilirdi.

Ramiz Mehdiyev hər zaman təmkinlə və səbrlə hər bir prosesin sonunu gözləyir, tələsmir, düşmənlərinə zaman gəldiyində öz məqamında diz çökdürərdi. Ramiz Mehdiyev 2019-cu ilin oktyabr ayında vəzifədən azad ediləndə hələ rahat idi. Çünki vəzifədən gedən cismi idi. Ruhunun daşıyıcısı, silahdaşı və sirdaşı Əli Həsənov isə hələ Prezident Administrasiyanın şöbə müdiri idi və Prezidentin köməkçisi idi. Ramiz Mehdiyev bir çox məsələlərdə ona arxayın idi. Lakin, düz bir ay sonra Prezident Əli Həsənov ilə də vidalaşdı və Əli Həsənova qarşı KİV-də başlanmış kampaniya Ramiz Mehdiyev üçün bir göstərici olmalı idi. İdarəçilik Akademiyasına professorluq etməyə göndərilmiş Əli Həsənov öz əli ilə yetişdirdiyi mətbuatın yeminə çevrildi və növbəti aylar üçün Əli Həsənov Azərbaycan media gündəminin mənfi qəhrəmanı oldu.

Təəsüflər olsun ki, Ramiz Mehdiyev bunu ya görmədi ya da ki, mesajı anlamadı… və burdan etibarən Ramiz Mehdiyevin son 17 anı başlandı…

Ramiz Mehdiyevin 2020-ci ilin avqust ayının 28-də dərc etdirdiyi məqalə (http://elm.az/news/open/14103) əslində onun siyasi iflasıdır. İllərdir Prezident İlham Əliyevin yanında ölkədə seçkilərin keçirilməsinə, siyasi həyatın formalaşmasına və gündəmin müəyyənləşməsinə, insan hüquq və azadlıqlarının implementasiyasına, müxalifətin mövcudluğuna, mətbuata və onun “inkişafına”, gənclər siyasətinə nəzarəti həyata keçirən insan bilərəkdən və bilməyərəkdən “Ermənistanın hibrid müharibəsi fonunda dövlətimizin maraqları hər şeydən üstündür!” adlı məqalə ilə çıxış etdi.

Zənnimizcə, bu məqalə oxunmalıdır və siyasi tariximizin səhifələrinə siyasi fiaskonun örnəyi kimi yazılmalıdır. Cünki, düz 10 ay bundan öncə məqalədə qeyd edilən sahələrə rəhbərlik edən şəxs hazırda həmin sahələrdə illərdir heç bir işin aparılmadığını və “Azərbaycan KİV-lərinin bir çoxunun davamlı olaraq öz auditoriyasını” itirdiyini vurğulayır.

Məqalənin detallarına varmayacağıq. Sadəcə olaraq onu oxumağı tövsiyyə edirik və Ramiz Mehdiyevə aid 17 məqama fikir bildiririk:

1.Azərbaycan mətbuatının “inkişafı” on illiklərdir Ramiz Mehdiyevin rəhbərliyi ilə Əli Həsənov tərəfindən həyata keçirilirdi. Bu gün istənilən KİV-in auditoriyasız, jurnalistlərimizin isə savadsız olması haqda yazmaq olar. Lakin, məhz elə Ramiz Mehdiyevin və Əli Həsənovun yetişdirdiyi jurnalistlər, yüzlərlə qəzetlərin işçiləri bu gün onların üzünə durmağa hazırdırlar. Aşağı əmək haqqı, inkişaf üçün heç bir şəraitin olmaması, təlimlər, xaricdə staj proqramları və təhsil kursları olmadan jurnalistikanın hansı inkişafından danışmaq olar? Məgər, Vüqar Səfərlini Ramiz Mehdiyev Prezidentə təqdim etməyibmi? Təqdim edən zaman etirazını bildirmiş olsaydı, bu gün də “informasiya müharibəsi şəraitində biz yerli əhalinin belə etimad etmədikləri KİV-lərə necə ümid edə bilərik” fikrini yazmağa mənəvi haqqı olardı.

2.İllərdir Azərbaycanda siyasi partiyaların inkişafına imkan verməyən, istər müxalifəti, istər hakim partiyanı cəmiyyətin mənasız və təsirsiz bir qüvvəsinə çevirən Əli Həsənov tapşırıqları kimdən alırdı? İşini hakimiyyətdən pul alaraq quran qüvvələr yaradaraq nəticədə pul bitəndə hakimiyyətə qarşı danışan qüvvəyə çevirən kim oldu? Hakim partiyanı belə ölkədə Siruz Təbrizlinin təbirincə desək, “simasızlar partiyasına” çevirmək istəyən Əli Həsənov ilə Ramiz Mehdiyev olmadımı?

3.Qeyri-hökümət təşkilatlarını və onların fəaliyyətini darmadağın edən, hər bir təşkilat rəhbərinə ildə 5-6 min AZN verərək, onlardan ələ baxan kütlə yaradan kim oldu? Qeyri-hökümət təşkilatları Forumunun fəaliyyətini tam olaraq iflic halına salan və Azərbaycanda hər bir düşüncəli insanı kiçik işlərə möhtac edən ictimai-siyasi şöbənin fəaliyyətini yalnız Əli Həsənovmu müəyyən edirdi? Əminik ki, Əli Həsənov hər bir addımını Ramiz Mehdiyev ilə məsləhətləşirdi.

4.Qarabağın tanıtımı mövzusunda Ramiz Mehdiyev yazır ki, “Prezidenti bu taleyüklü mübarizədə əsla tək qoymaq olmaz”. Bunu anlamaq üçün, Elmlər Akademiyasına Prezident təyin olunmaq lazım idi? Niyə bu istiqamətdə, o zaman Mədəniyyət və Turizm naziri olmuş Əbülfəz Qarayev qarşısında vəzifə qoyulmurdu? “Mədəniyyət Nazirliyi ölkə başçısından fərqli olaraq, tariximizin olduqca vacib parçası olan və erməni təbliğatının susdurulması baxımından xüsusi əhəmiyyətə malik alban irsinə zəruri qayğı ilə yanaşmağı bacarmır” – yazan akademik bu işləri bu günə gədər niyə görmürdu? Film və kitabların nəşri təşkil edilə bilərdi və bu sahədə böyük uğurlara imza atılardı. Əksinə, bu gün Ramiz Mehdiyevin İşlər müdiri olan Elton Məmmədovun qardaşı oğlu Anar Məmmədov ABŞ-da Qarabağı tanıtım adı ilə keçirdiyi müxtəlif tədbirlərə bir neçə milyon dollar xərcləmişdir. Nədənsə, hörmətli akademik onların hesab-kitabını Administrasiya rəhbəri olaraq aparmamışdır.

5.Gənclər siyasətində Ramiz Mehdiyevin Əli Həsənovla birgə həyata keçirdiyi “təşəbbüslər” nəticəsində ölkədə səmərəli fəaliyyət göstərən bir dənə də olsun gənclər təşkilatı qalmamışdır. Əksəriyyətinin fəaliyyəti dondurulmuş, bir qrup gənc isə Əli Həsənovun göstərişi ilə müxtəlif tədbirlərdə iştirak üçün saxlanılmışdır. Bir çox gənc kadrlar xaricə köçmuş, digərləri Azərbaycanda ictimai-siyasi həyatdan uzaqlaşmışdır. 20 ildir Gənclər və İdman nazirliyində eyni vəzifəni daşıyaraq çəkidə yüngül, qiymətdə ağır tədbirlər keçirən rəhbər məmurlar isə bundan daha da fərəhlənərəq heç bir təşəbbüs irəli sürməməyi hələ də davam etdirirlər.

6.Azərbaycan siyasi arenasını Ramiz Mehdiyevə dünən “ata”, bü gün isə “xəyanatkar” deyən insanlar zəbt etmişdir. Təəssüflər olsun ki, bu gün Ramiz Mehdiyevə xəyanət edən insanlar, hər hansı imtahanla üzləşdiyi anda indiki hakimiyyətə də xəyanət edəcəklər. Ramiz Mehdiyev və Əli Həsənov bu insanları Azərbaycanın ictimai-siyasi arenasının ulduzlarına, xalqın simasına çevirmişdi… Ramiz Mehdiyev bu cəmiyyət üçün çox saylı xortdanlar yaratmışdı. Bu xortdanlardan yazıçı Anar, Çingiz Abdullayev, Rüstəm İbrahimbəyov kimi insanların linç edilməsi üçün istifadə edilmişdi. İndi isə həmin xortdanlar Ramiz Mehdiyevin özünə qarşı çıxır.

7.Xarici İşlər nazirliyinin fəaliyyətində dönüş gözləmək olar və lazımdır. Lakin, illərdir Prezident Administrasiyasına rəhbərlik edən şəxs bu istiqamətdə hansı işlər görmüşdür? İldə bir dəfə Xarici İşlər nazirliyində keçirilən ənənəvi toplantılarda səsləndirdiyi tənqidi fikirləri kimsə dinləyirdimi? Kimsə onlara məhəl qoyurdumu? Niyə Prezident Administrasiyasının rəhbərinin tənqidi fikirlərinə məhəl qoyulmurdu? Cünki, bir çox xarici səfirlər Ramiz Mehdiyevin təqdimatı ilə təyin olunurdu və orda səslənən tənqidi fikirlər sadəcə görüntü yaratmaq üçün idi. Məhz Ramiz Mehdiyev XİN sisteminə öz alternativ qüvvəsi olan “lobbist Elxan Süleymanov” fenomenini yaratmışdı. Nəticə isə “Dərviş Parisi partlatdı”…!

8.Ramiz Mehdiyev Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrlərdə təhsil sahəsinə “ciddi nəzarəti” həyata keçirməklə Azərbaycanda təhsili təkmilləşdirə bildimi? Əksinə, müxtəlif özəl universitetlərin diplom özbaşınalığı, Dağıstandan “perevodlar”, universitet rektorlarının klan maraqlarına xidmət etməsi bu dövrə təsadüf etmədimi? Akademik islahatçı Təhsil naziri Mikayıl Cabbarovu zorla öz çətiri altına salmaq üçün müxtəlif cəhdlər edərək hansı “uğurlara” imza atmaq istəyirdi? Mikayıl Cabbarovun akademik ilə mübahisələrdə qətiyyətli mövqeyi olmasa idi, Azərbaycan təhsil sistemi hazırda tam çökmüşdü. Məhz Ramiz Mehdiyev Mikayıl Cabbarovun Regional Təhsil İdarələri sistemi yaratmaq təşəbbüsünü beşikdə boğdu. Cünki, əks halda hər rayona bir təhsil idarəsi rəhbəri təyin etmək imkanı əldən çıxacaq idi. Ramiz Mehdiyev hər vəchlə məktəb direktoru və məktəbə müəllim qəbulu işini İcra Hakimiyyəti başçılarının, dolayısıyla öz nəzarətindən çıxmasını istəmirdi.

9.”Növbəti problem, heç şübhəsiz ki, təbliğatımızın elmi əsaslarının zəifliyidir.” Bunu düşünən akademik son 10 ay ərzində Elmlər Akademiyasının instituları qarşısında hansı vəzifələr qoyub? Gəldiyi gündən etibərən hansı maraqlı təşəbbüslərə imza atıb? Heç olmasa dünyada baş verən quraqlıq və su çatışmazlığı fonunda Azərbaycanda hansı tədbirlərin həyata keçirilməli olduğu barədə bir yol xəritəsi təklif edibmi? Axı suyun həyat mənbəyi olması hər kəsə məlumdur…!

10.”Çox təəssüf ki, bir çox hallarda bizim qəzet və elektron informasiya vasitələrimiz qərəzsiz analizlər təqdim etmək, xalqı maarifləndirmək və gercək təhlükələr haqqında təhlillər vermək əvəzinə, ölkə üçün həssas məsələlərdə susmağa üstünlük verirlər. Əgər onlar bununla xalqa xidmət etdiklərini düşünürlərsə, çox səhv edirlər.” – maraqlısı odur ki, bunu yazan Azərbaycan mediasına, televiziya və KİV-lərinə 25 il nəzarəti həyata keçirmiş insandır.

11.Akademik ilə bir məsələdə mütləq razışmaq lazımdır. “Əgər əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir.” Lakin, əqidəsiz, mənəviyyatsız və intellektsiz jurnalistikanın formalaşması özü-özünə baş vermir. Ya onu məhz bu cür formalaşdırırlar, və ya sadəcə bu cür formalaşmasına göz yumurlar. Hər iki halda buna imkan verən şəxslər tarix qarşısında cavab verməlidirlər.

12.Akademik sadəcə media, siyasi partiyalar, Qarabağ məsələsi və gənclər siyasətini nəzarətdə saxlamırdı. İcra başçılarının təyinatı və onların bəzilərinin sonrakı aqibəti göz önündədir. Azərbaycanda bir çox icra başçısı sadəcə olaraq oliqarx və həddən ziyadə zəngin insanlardır. Əgər bir icra başçısının otağından milyonlarla dollar çıxırsa, o zaman onun evində və hesablarında nələrin olduğunu düşünmək çətin deyil. İcra başçılarının təqdimatı isə 25 ildir bir neçə şəxs tərəfindən verilirdi – Ramiz Mehdiyev və Zeynal Nağdəliyev.


Nəticədə, regionların sosial iqtisadi inkişafı büdcəyə yükə çevrildi. Bu proqrama 15 ildə 60 milyarda manata yaxın vəsait xərcləndi. Təxminən hər rayonun payına 1 milyard manat düşür.Amma rayonlar özü investor axtarmalı, Bələdiyyə institutu məhv edilməməli idi. Azərbaycanda dünyaya nümunə ola biləcək mütərəqqi kadrlar var ikən, Ramiz Mehdiyev öz “stavka”sını sovet komsomolunun flaqmanı olan Zeynal Nağdəliyevə etdi. Onun rəqibləri isə İnam Kərimov modelini yaratdı. Nəticədə icra hakimiyyətləri sistemi də ASAN xidmət modeli də göz qabağındadır. Görünən kəndə nə bələdçi?

13.Akademik uzun illər rəhbəri olduğu Korrupsiya ilə mübarizə komissiyasının rəhbəri kimi nə kimi uğurlara imza atdı? Çox güman ki, bu haqda hal-hazırda yazmağa dəyməz. Cünki, fəaliyyət qənaətbəxş olsaydı Prezident İlham Əliyev bu sahədə yaramazlıqların olmasını şəxsən dilə gətirməzdi. Bu gün ölkə Prezidenti özü Korrupsiya ilə mübarizənin simvoluna çevrilmişdir.

14.Regionçuluq prinsipi əsas götürülərək, Əli Həsənov və onun yerliləri olan tələbə dostları, Vügar Səfərov və onun qohumları və digər insanlar üçün Fondlar yaradıldı, yeni yeyinti mənbələri müəyyən edildi. Onların maraqları digər insan və məmurların maraqlarından üstün tutuldu. Onlara qarşı istənilən zərbə sistemə qarşı zərbə kimi qəbul edildi “arzu edilməyən adamlar” dərhal sistemdən kənar vəziyyətə salındılar.

15.Geosiyasi maraqlarda Türkiyə və Qərb maraqları hər zaman ölkənin maraqlarına qarşı qəbul edilirdi. Bu istiqamətdə bütün mütərəqqi təşəbbüslər yerindəcə boğulurdu.

16.Gənc insanlar təqib olunur, onlara qarşı şərlənmə kampaniyası həyata keçirilirdi. Bəxtiyar Hacıyev, Emin Milli, Adnan Hacızadə, Rəşad Şirin, Nigar Fətəliyeva, Anar Cahangirli, Aytən Şirinova, FASE, HOST, NİDA fəalları və yüzlərlə gənc insan və təşkilatlara damğa vurularaq onların Azərbaycan hakimiyyətinin siyasi opponentinə çevrilməsinə rəvac verilir, bu insanlar Qərbin nüfuz agentləri kimi cəmiyyətə sırınırdı. Nəticədə isə hakimiyyət üçün süni problemlər yaradılır, sonra da bu probləmləri həll edə biləcək “qüdrətin” sadəcə Ramiz Mehdiyevdə olması mifi aşılanırdı.

17.Və nəhayət, 2016-ci ildə Akademik Ramiz Mehdiyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun rəhbəri təyin olunmuşdur.Təəsüflər olsun ki, bu sahədə də xüsusi irəliləyişə nail olunduğunu söyləyə bilmərik.

Toydan sonra…

Ramiz Mehdiyevin siyasi tariximizdə rolu haqda çox yazmaq olar. Ramiz Mehdiyevin Azərbaycan siyasi həyatında rolu danılmaz və böyük idi. Bu formada Prezident İlham Əliyev onu yola saldı və onun Elmlər Akademiyasında gələcək fəaliyyətini yalnız elmi sahədə istədi. Azərbaycan Prezidentinə fəal Elmlər Akademiyasının Prezidenti lazım deyildi, cünki İlham Əliyev özü ölkəni necə idarə etməyi hər kəsdən daha yaxşı bilir. Elmlər Akademiyasının Prezidenti qarşısında isə ölkənin ictimai-siyasi məsələlərindən savayı, digər önəmli və həllini gözləyən məsələlər var.

Akademikin sözləri ilə desək, “dediklərimiz qətiyyən tənqid, yaxud qərəz kimi qəbul olunmamalıdır. Bütün bunlar cəmiyyəti narahat edən məsələlərə dair mülahizələrimizdir. Ümid edirik ki, hər kəs deyilənlərdən lazım olan nəticəni çıxaracaq, öz payına düşən məsuliyyəti dərk edəcəkdir”.

“SFERA” ANALİTİK QRUPU


Abunəlik