Keçmiş deputatın qayınatası prezidentə müraciət etdi

Baxılıb:269
Keçmiş deputatın qayınatası prezidentə müraciət etdi

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor, yazıçı-publisist Rüfət Rüstəmov dövlət başçısına açıq məktubla müraciət edib. Müraciətin  mətnini təqdim edirik.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq məktub

Hörmətli cənab Prezident! Hər bir Azərbaycan vətəndaşı üçün qanun qanundur! Qanunu pozan hər kəs layiqli cəzasını almalıdır. Mənim kürəkənim Nazim Bəydəmirli 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub, iqtisad elmləri doktorudur, iqtisadiyyat sahəsində tutarlı söz sahibidir. O, daim xalqına, dövlətinə sədaqətli bir ziyalı kimi xidmət edib.

Təəssüflər olsun ki, 5 iyul 2023-cü il tarixində Nərimanov Rayon Məhkəməsi istintaq orqanının tələm-tələsik verdiyi təqdimat əsasında Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Halbuki istər istintaq orqanı, istərsə də məhkəmə qanunun aliliyini, ən azı Nazim Bəydəmirlinin zərərçəkmiş şəxs qismində şikayət verən vətəndaşla eyni şirkətdə payçılardan biri olduğunu nəzərə almalı idi.

Cənab Prezident! Nazim Bəydəmirli özünü ekologiya məhbusu sayır, hesab edir ki, əslində vətəndaş mövqeyini bildirdiyinə görə təqibə məruz qalıb. Halbuki Siz dəfələrlə vətəndaşları şikayətçi olduqları məsələlər barəsində mövqe bildirməyə çağırmışınız, bunu haqlı olaraq xalqa, dövlətə, Prezidentə xidmət kimi qiymətləndirmisiniz. Avqustun 10-da Nazim Bəydəmirli Bakı İstintaq Təcridxanasında vəkilinə deyib ki, onun ekoloji təmizliyin qorunmasına yönəlmiş fikirləri ölkə Prezidentinin Gədəbəyin Söyüdlü kəndində qızıl mədənini istismar edən şirkətin yol verdiyi pozuntulardan doğan hadisələrlə bağlı dedikləri ilə üst-üstə düşür. Söyüdlü kəndində monitorinqə məsul hökumət komissiyası da ərazidə fəaliyyət göstərən müəssisənin təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verdiyini aşkara çıxarıb, şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb.

Hörmətli Prezident! Sizdən çox xahiş edirəm, bu məsələni şəxsi nəzarətinizə götürəsiniz. Süni maneələr yaradanların qarşısı vaxtında alınsa, bu, dövlətçiliyimiz üçün çox yararlı olardı!

Dərin hörmətlə,

Rüfət Rüstəmov,
Bakı Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor,
yazıçı-publisist


Abunəlik