Eldar Həsənovun xalası oğlu 1 milyon borcu niyə qaytarmır? – İş adamından DİN-ə şikayət
Keçmiş baş prokuror, hazırda həbsdə olan Eldar Həsənovun xalası oğlu, iş adamı Loğman Məmmədov ortağına olan 1 milyon borcu qaytarmır.
Bu barədə Reportyor.info-ya Loğman Məmmədovun iş ortağı olmuş Mirabbas Ağayevin xanımı Gülxanım Ağayeva bildirib.
Mirabbas Ağayev hələ 90-cı illərdə Kürdəmirdə şəxsi şirə zavodu açıb. Gülxanım Ağayeva bildirib ki, mərhum həyat yoldaşı üzümçülük sahəsində mütəxəssis olub.
O, həmçinin şərabçılıqla da məşğul olub. “Yoldaşım çox yaxşı mütəxəssis idi. O vaxt Ulu Öndərimiz Heydər Əliyevin göndərişi ilə Moskvada təhsil alıb. Üzümçülüyü, eyni zamanda şərabçılığı çox yaxşı bilirdi. Özünün şəxsi şirə zavodunu yaratmışdı. Bu bəlkə də Azərbaycanda ilk özəl şirə zavodu idi.
2011-ci ildə Loğman Məmmədovla tanış olub. Həmin vaxt Loğman Məmmədov onun istehsal etdiyi məhsulları satırdı. O zaman ölkədən kənarda satış təşkil etmək çətin idi. Loğman Məmmədov isə Eldar Həsənovun dəstəyindən yararlanaraq bu işi təşkil edir və çoxlu pul qazanırdı. Daha sonra yoldaşıma ortaqlıq təklif edib. Bu 2013-cü ildə olub. Hətta yoldaşıma deyib ki, ortaqlıq barədə rəsmi sənəd imzalayaq. Lakin yoldaşım ona etibar etdiyi üçün razı olmayıb”, – deyə Gülxanın Ağayeva bildirib.Onun sözlərinə görə, Mirabbas Ağayev Loğman Məmmədovla ortaqlığa razı olandan sonra ikinci Göyçayda zavod açmağı təklif edib.
Mirabbas Ağayev də Göyçayda şərab zavodu qurub: “O zavodu təkbaşına qurdu. Bütün avadanlıqları aldı. Təkcə avadanlığın qiyməti 375 min dollardır. Bütün bunları yoldaşım edib. Daha sonra üzümçülüklə məşğul olanlardan üzüm alıb zavod üçün. Zavod fəaliyyətə başladıqdan sonra Loğman Məmmədov çoxlu pul qazandı. Amma yoldaşıma qəpik-quruş verirdi. Beləliklə, onun verəcəyi pullar üst-üstə yığıldı. Məndə həmin zavoda 54 milyon manatlıq məhsul verildiyi barədə sənədlər var. Zavod işlək idi və çox qazanc gətirirdi. Elə indinin özündə də zavod işləyir və Loğman Məmmədov oradan yaxşı qazanc əldə edir. Söhbət Göyçay Şərab Zavodundan gedir”.
Gülxanım Ağayeva deyib ki, bir müddət sonra Mirabbas Ağayevin səhhətində problem yaranıb. Həmin vaxt o, Loğman Məmmədova zəng vuraraq pullarını istəyib. “Zülmlə 50 min dollar aldı. Onu da getdik Almaniyaya, yoldaşımı müayinə etməyə. Orada məlum oldu ki, yoldaşım onkoloji xəstədi. Almaniyadan qayıtdıqdan sonra yoldaşım yenidən Loğman Məmmədova zəng vuraraq dedi ki, borcunu qaytar. O isə “bu gün-sabah” deyərək borcu verməkdən yayınırdı”, – şikayətçi bildirib.
Nəhayət, 2018-ci ildə Loğman Məmmədov Mirabbas Ağayevlə görüşüb. Gülxanım Ağayevanın sözlərinə görə, onun borcu hesablanıb və məlum olub ki, iş adamı avadanlıqlara görə 375 min dollar, zavoda göndərilən məhsullara görə isə 747 min dollar ödəməlidir. Bundan sonra Loğman Məmmədovla Mirabbas Ağayev arasında müqavilə imzalanıb. O, borcu ödəyəcəyi ilə bağlı öhdəlik götürüb. “2018-2021-ci ilə qədər avadanlıqların pulundan 275 min dolları Loğman Məmmədovdan güc-bəla ilə ala bildik. 2019-cu ildə artıq həyat yoldaşım vəfat etmişdi. O da bundan istifadə edərək borcunu qaytarmaq istəmirdi.Vaxtilə yoldaşımın yanında mühasib işləyən Fuad Babayev də onun tərəfinə keçdi. Loğman Məmmədov daha da arxayınlaşdı. 275 min dolları ödədikdən sonra qalan borcdan bir qəpik də ödəmədi. Bu pullar əslində üzümçülüklə məşğul olan ayrı-ayrı şəxslərindir. Onlar bu pulu bizdən tələb edirlər. Qapımıza gəlirlər. Hər dəfə nəsə satıb borcdan qaytarırıq. Artıq müflis olmuşuq, satmağa heç nəyimiz qalmayıb. Loğman Məmmədov isə pulu qaytarmaq istəmir. Dəfələrlə ofisinə getmişəm, nəticəsi yoxdur. Müvafiq qurumlara müraciətimin də nəticəsi olmayıb. Xüsusilə, prokurorluqda olan yaxın adamları vasitəsi ilə bu məsələni ört-basdır etmək istəyir. Onun xalası oğlu Eldar Həsənov uzun müddət Azərbaycanın baş prokuroru olub. İndi Eldar Həsənov həbsdədir. Amma hələ də prokurorluqda adamları var. Loğman Məmmədov da həmin adamlara güvənərək borcu vermir. Düşünür ki, hara müraciət etsək, qarşısını ala biləcək. Təsəvvür edin, mən prokurorluğa müraciət edirəm. İş araşdırılması üçün Göyçay Rayon Prokurorluğuna göstərilir. Ortada sənəd-sübut ola-ola heç bir tədbir görülmür. İndi mən düşünməliyəm?!
Məndə onun səs yazısı var. Deyir ki, məndən hara istəyirsən şkayət elə. İstəyirsən prokurorluğa, istəyirsən Prezident Aparatına, mən pulumu verib özümü qurtaracam”.
Gülxanım Ağayeva baş verənlərlər bağlı bu dəfə Daxili İşlər Nazirliyinə müraciət edib: “Media vasitəsi ilə bir daha müraciət edirəm. Daxili işlər naziri cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, bu işi diqqətə alsın. Ədalətin bərqərar olunmasına yardımçı olsun”.
Məsələ ilə bağlı Loğman Məmmədovun da mövqeyini öyrənməyə cəhd etdik. İş adamı hazırda ölkədə olmadığını, Azərbaycana qayıdandan sonra bizinlə əlaqə saxlayacağını bildirdi. Loğman Məmmədov Azərbaycana geri dönsə də, bizimlə əlaqə saxlamıdığına görə növbəti dəfə ona zəng vurduq. Bu dəfə ümumiyyətlə, telefonu açmadı.
Məndə onun səs yazısı var. Deyir ki, məndən hara istəyirsən şkayət elə. İstəyirsən prokurorluğa, istəyirsən Prezident Aparatına, mən pulumu verib özümü qurtaracam”.
/reportyor.info