Qusarda “Sağlam bədəndə, sağlam ruh” devizi altında yeniyetmə və gənclər arasında kross qaçışı və turnikdə dartınma yarışı yekunlaşdı
AzTimes.az xəbər verir ki, Qusarda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birgə təsdiq etdikləri Əsasnaməyə uyğun olaraq Qusar Rayon Polis Şöbəsi, rayon Gənclər və İdman İdarəsi və Təhsil idarəsinin birgə təşkilatçılığı ilə “Sağlam bədəndə, sağlam ruh” devizi altında yeniyetmə və gənclər arasında kross qaçışı və turnikdə dartınma üzrə respublika yarışlarının rayon mərhələsi keçirilmişdir. Yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ümummilli lider Heydər Əliyevin , Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Açılış mərasimində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşları polis polkovnik-leytenantı Aydın Həşimov və polis mayoru Elşən İbişov çıxış edərək bildirdilər ki, gənclər arasında sağlam həyat tərzinin təbliği, onların Daxili İşlər Nazirliyi sistemində xidmətə həvəsləndirilməsində belə yarışlar mühüm əhəmiyyət kəsb edir. Yarışda ümumilikdə 250 nəfərə yaxın yeniyetmə və gənc iştirak edirdi. Yarışın sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutmuş idmançılar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə təltif olundular.