Millət vəkili “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən regional konfransda iştirak etdi

Baxılıb:280
Millət vəkili “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən regional konfransda iştirak etdi

Aprelin 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən regional konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, deputat həmkarı Tahir Mirkişili, Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdarov, şəhər ictimaiyyətinin nümayəndələri, dini icma sədrləri, eləcə də din xadimlərlə birlikdə iştirak edib.

Öncə Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərində ucaldılan abidəsi ziyarət olunub.

DQİDK və Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) rəhbər şəxsləri, Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri, dini icma sədrləri, eləcə də din xadimlərinin iştirak etdikləri tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransda çıxış zamanı milli dəyərlərin qorunması və onun gələcək nəsillərə çatdırılmasının aktuallığına toxunub. Həmçinin ailə institutunun möhkəmləndirilməsi məqsədilə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliğinin, qadın və uşaq hüquqları sahəsində maarifləndirmə işlərininin daha da gücləndirilməsinin önəmi barədə fikirlərini bölüşüb. Vurğulayıb ki, ailə cəmiyyətin əsası, milli sərvətidir. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli daha sağlam tərbiyələndirməliyik. H.Hüseynova bu istiqamətdə aparılan dövlət siyasətinə toxunaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılıb. Bu sahədə yaradılmış müdrik siyasi-mənəvi xətt Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir və zənginləşdirilir. Cənab Prezident İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər, layihələr Azərbaycanı regionda və dünyada tolerantlıq nümunəsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanıldığı məkana çevirib.

AzTimes.az


Abunəlik