Millət vəkili Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın memarı” adlı beynəlxalq elmi konfransda iştirak etdi
Aprelin 26-da Gülüstan sarayında Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın memarı” adlı keçirilən beynəlxalq elmi konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, BDU-nun rektoru Elçin Babayev, Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov, Elm və təhsil naziri Emin Əmrullayev, deputat həmkarları, dövlət rəsmiləri, və digər ziyalılarla birlikdə iştirak edib.
Parlamentin komitə sədri xanım Hicran Hüseynova tədbirdə “Ulu Öndər Heydər Əliyev qüdrətli Azərbaycan dövlətinin memarıdır” mövzusunda çıxış etdi.
Millət vəkili Hicran Hüseynovanın çıxışı
-Hörmətli xanımlar və cənablar, dəyərli qonaqlar.
Möhtərəm Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev bu ili “Heydər Əliyev ili ” elan etdi. Əlbəttə ki, bunun tarixi mənası var. İlk növbədə ona görə ki, Ulu Öndər XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını reallaşdıran tarixi şəxsiyyətdir. Ulu Öndər insanlara özlərinə güvənməyi öyrətdi. Və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. O, ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq, əsrin sonlarına doğru böyük çətinliklər hesabına qurub-yaratdığı dövlətin davamlı inkişafı üçün möhkəm fundament qoymuşdur. Canindan çox sevdiyi Azərbaycan üçün, onun gələcəyi üçün çalışan bu görkəmli ictimai-siyasi xadim sözün əsl mənasında qüdrətli Azərbaycanın memarıdır.
Bir ictimai-siyasi xadimi xarakterizə edəndə mütləq onun şəxsi keyfiyyətləri, əqidəsi, həyata baxışı da nəzərdən keçirilməlidir. Və əgər biz bu kontekstdən yanaşsaq, deyə bilərik ki, Heydər Əliyev fenomenal insan idi. O, müxtəlif dövlət orqanlarında çalışanda da, sovet dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik edən də yeni tendensiyalar gətirirdi. Özü və ailəsi nümunə idi. Biz hər zaman deyirik ki, ailə cəmiyyətin nüvəsidir. Ulu Öndər öz şəxsi nümunəsi və ailə üzvlərinə olan münasibəti ilə yeni normaları, qaydaları, daha doğrusu vaxtı ilə mövcud olmuş ziyalılıq, alicənablıq, qarşılıqlı anlaşma, hörmət, yüksək insani- əxlaqi keyfiyyətləri yenidən aktaullaşdırdı.
Dahi şəxsiyyət Heydər Əliyev milli kimliyimizin, milli mədəniyyətimizin inkişafı üçün çox mühüm işlər gördü. Və qeyd etmək lazımdır ki, o dövrdə müstəqil olaraq milli mədəniyyət günləri, ədəbi-bədii yaradıcılıq gecələri, poeziya günləri, festivallar, beynəlxalq tədbirlər keçirmək elə də asan məsələ deyildi. Lakin Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, böyük iradə göstərirdi və bu tədbirlərin keçirilməsinə nail olurdu. O zaman Xan qızı Natəvanın ev muzeyini açmaq, Vaqifin məqbərəsini ucaltmaqla yanaşı, İranda, xüsusi ilə də Təbriz və azərbaycanlıların yaşadığı şəhərlərdə sənaye sərgiləri keçirmək, onların məhsullarını Bakıda tanıtmaq, əməkdaşlıq qurmaq, Zəngəzur cəmiyyətini yaratmaq – bütün bunlar bir inqilab idi, bir yenilik idi. Heydər Əliyevin şəxsi nüfuzu, ona olan hörmətin nəticəsi idi ki, Azərbaycanda belə mühüm və strateji layihələr həyata keçirilirdi.
Bu dahi insanın bir amalı var idi, Azərbaycanı tam, xoşbəxt, güclü görmək. Və bunun üçün də çalışırdı, hətta deyərdim ki, mübarizə aparırdı. O öz çıxışlarında deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Öz hüquq və azadlıqlarını bilərək, cəmiyyətin formalaşmasında aktiv fəaliyyət göstərmək hər bir vətəndaşın vəzifəsidir. Bütün fəaliyyətinin əsasında bir məqsəd dayanırdı: Azərbaycan vətəndaşı özünü dərk edə bilsin, tarixini, mədəniyyətini öyrənsin. “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Bəli, bu həm öhdəlik, həm də bir nəsihət idi. Tarixin ayrı-ayrı dövrlərində bizi milli tariximizdən, mədəniyyətimizdən ayırmaq, sahib olduğumuz milli-mədəni-dini sərvətimizi saxtalaşdırmaq istəyiblər. Lakin xalq o zaman öz böyüklüyünü dərk edir ki, öz kökündən ayrı düşmür. Ulu Öndər bu məsələyə çox həssaslıqla yanaşırdı, keçmişindən ayrı düşən xalq, millət gələcəyini qura bilməz. Ona görə də, bu böyük şəxsiyyət, həm də azərbaycanlıları təəssübkeş olmağa dəvət edirdi: “İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır … hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır”. Bu amalla dünya Azərbaycanlılarını birləşdirmək, onları yaşadığı ölkələrdə belə Vətən üçün mübarizə aparmağa səsləyirdi: “ Bizim hamımızın bir vətəni var – bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Ümumiyyətlə, 80-ci illərdə keçmiş SSRİ-nin rəhbərliyi çox çalışırdı ki, onu Bakıdan, Azərbaycandan uzaqlaşdırsın. Əlbəttə ki, bunu daha çox ermənilər və onları havadarları istəyirdi. Elə ölkəmizin başına gələn bütün bəlalar da bundan sonra başladı. Lakin, 1990-cı ildə 20 yanvar hadisələri baş verəndə bütün təhlükələrə baxmayaraq, Vətənin çətin günündə beynəlxalq mətbuat konfransı keçirdi.Bu, Azərbaycanda, onun paytaxtı Bakıda baş verən cinayətlərin və əsl həqiqətlərin bütün dünyaya yayılması sahəsində ən mühüm addım idi. O, yaxşı bilirdi ki, onun həyatına təhlükə var, hətta ailə üzvlərinin də həyatı təhlükədədir. Lakin Vətən sevgisi, xalqa olan böyük məhəbbət bütün təhlükələr və çətinlikləri arxada qoyurdu. Artıq onun Azərbaycana qayıtması vacib bir məsələyə çevrildi. Çünki, o bizim hər birimizin etibar etdiyi insan idi. Xalq yalnız ona inanırdı. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ölkəyə yenidən rəhbərlik edən Ümummilli Lider faktiki olaraq Azərbaycanı fəlakətlərdən qorudu. Və Xilaskarlıq missiyasinı yerinə yetirən Ulu Öndər Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, böyük neft sazişləri imzalandı.Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.
Hər bir arzunun arxasında əməl, səbir, məharət, siyasi bacarıq dayanır. Ulu Öndər bizi bu Qələbəyə inandırırdı, çünki özü inanırdı. Onun hər bir çıxışı hər birimizdə inam yaradırdı. Bütün həyatını erməni millətçiləri və separatçıları ilə mübarizəyə həsr edən dahi siyasətçi, qəti şəkildə bildirirdi ki, “Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik”. O, çox yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyinə zidd olan ölkələr, qüvvələr, cəmiyyətlər var və onlar işğalçını müdafiə edir. O deyirdi ki, “Dünya da görür ki, Ermənistan Azərbaycana təcavüz edir. Azərbaycana qarşı olan bu təcavüz ədalətsizlikdir. Bu, misli görünməmiş bir şeydir. Ancaq bunu dünyaya sübut etmək ki, Ermənistan Azərbaycana bu cür təcavüz edib və Ermənistan təcavüzkardır – bu asan məsələ deyildir. Çünki dünyada Ermənistanı dəstəkləyən, ona kömək edən, dayaq duran böyük ölkələr var”. Biz hər zaman bu iki standartlarla rastlaşırıq. Ancaq heç vaxt ruhdan düşmək və bir an belə mübarizədən geri çəkilmək olmaz. Ulu Öndər hər zaman bu düşüncədə olub, yorulmadan, usanmadan, hətta saatlarla, günlərlə erməni işğalından, xalqımıza qarşı törədilən soyqırımından, münaqişənin əsl səbəbi və mahiyyətindən danışıb, məruzələr edib, müzakirələr aparıb. O bütün varlığı ilə inanırdı və həmişə vurğulayırdı ki, “əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik”. O, hər zaman deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Bu ideyanı cənab İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi ki, “ Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır”. Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd edirdi ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. Bu reallığı 44 günlük Vətən Müharibəsi və onun nəticəsi olan 10 noyabr Bəyanatı yaratdı. Rəşadətli Ordumuz öz canları, qanları hesabına Vətəni erməni işğalından azad etdi, Şanlı Qələbə çalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.
Hörmətli tədbir iştirakçıları, bir məsələni xüsusi ilə qeyd etməliyəm ki, Ümummilli Liderimiz ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində də çox böyük işlər görmüşdür. Və bunun nəticəsidir ki, ölkəmizdə qısa müddət ərzində güclü lider qadınlar formalaşmış, gənc qızlarımız üçün təkcə respublikada deyil, həm də, xarici ölkələrdə yüksək standartlara uyğun təhsil almaq imkanları yaradılmışdır ki, bu da dövlətimizin inkişafına öz müsbət töhfəsini verir. Qadının cəmiyyətdə vətəndaş, mütəxəssis, həm də ana kimi özünəməxsus rolu var. Və Ulu Öndər hər zaman deyirdi ki, mən anama borcluyam!
Dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. O deyirdi ki,“…. Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Əlbəttə, milli, maddi və mənəvi dəyərlərimizi gənc nəsillərə təbliğ etmək və ötürmək, xalqımızın gələcəyini qorumaq qədər vacibdir. Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim – tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur.
Heydər Əliyev siyasəti ölkənin inkişafının, müasirləşməsinin və yeniləşməsinin əsasını təşkil edir. 2003-cü ildən bu günə qədər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm inkişafında bu siyasət həlledici rol oynayıb və oynamaqdadır. Məhz bu siyasətin uğurla həyata keçirilməsi sayəsində Azərbaycanın iqtisadiyyatı inkişaf edir, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlir, ölkənin hərbi qüdrəti güclənir. Bütün sosial təbəqələrin müdafiəsi, həyat tərzinin yaxşılaşdırılması üçün həyata keçirilən sosial islahatlar göz önündədir. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. Artıq Böyük Qayıdışın ilk mərhələsinə başlanılmışdır. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Azərbaycan bu illər ərzində həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndi, regionun lider dövlətinə çevrildi, nəhəng nəqliyyat, kommunikasiya, neft, qaz, enerji layihələrinin təşəbbüskarı oldu və dünyaya sübut etdi ki, Cənubi Qafqazda ən güclü dövlətdir. Ulu Öndər hər zaman deyirdi ki “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Güclü iqtisadi imkanlara malik olmaqla Azərbaycan dövləti heç kimdən asılı olmayan müstəqil bir dövlətə çevrildi. Qarşıda böyük hədəflər dayanır. Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq. Vaxtilə Heydər Əliyev deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün artıq Azərbaycanın tək bölgədə deyil, dünyada nüfuzu artır. Bizim hər birimiz çox fəxr edir və qürur hissi keçiririk ki, bu gün onun yolunu və ideyalarını dünyanın nüfuzlu dövlət xadimi, prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla davam etdirir və daha da gücləndirirlər. Tarix belə dahiləri tək-tək yetirir. Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin “Vətən birdir və hamı bu vətən uğrunda çalışmalıdır!” fikirləri hər bir Azərbaycan vətəndaşının həyat amalına çevriləcəkdir.