Millət vəkilindən bayrağımızın yandirilmasına sərt REAKSİYA
14 aprel tarixində İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması dövlətimizə və millətimizə qarşı Ermənistan tərəfindən yüz ildən çoxdur ki, davam edən barbarlığının və vəhşiliyinin növbəti təzahürü idi.Bu hadisə eyni zamanda Ermənistanın beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərə münasibətinin göstəricisidir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, hadisəyə idman yarışlarındakı adi təhlükəsizlik qaydasının pozulması kimi yanaşmaq sadəlöhvlük olar. Azərbaycan bayrağına qarşı edilən hörmətsizlik ölkəmizin regionda yaratdığı yeni reallıqları həzm edə bilməyən qüvvələrin ümumiləşdirilmiş obrazıdır. Həm döyüş meydanında, həm də beynəlxalq siyasətdə məğlub olan Ermənsitan və onun bacılarının Azərbaycan qarşı istifadə edə biləcəkləri başqa silahları olmadığını anladıqca belə aqressivlik nümayiş etdirdilər.Beynəlxalq qurumlar isə həmişəki kimi sadəcə “ narahatlıqlarını” və “ təəssüflərini” bildirdilər.
Bir neçə gün öncə Azərbaycan əsgərinə qarşı işgəncə və fiziki zorakılıq törədilməsi, daha sonra beynəlxalq yarişda bayrağımızın yandırılması faktı milli nifrət və düşmənçiliyin Ermənistanın əsas ideologiyası olduğunu göstərir.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər qurumların qəbul etdiyi, Ermənistanın da qoşulduğu davranış qaydalarına hörmətsizlik ifadə edən bu fakt araşdırılmalı və hüquqi qiymət verməlidir.Ermənistanın öz öhdəliklərinə əməl etmədiyinin dəfələrlə şahidi olmuşuq. İstər 2020-ci il 10 noyabr Üçtərəfli bəyantının şərtlərinin yerinə yetirilməsində göstərdiyi destruktiv mövqe, istərsə də münasibətlərin normallaşdırılması prosesinin müxtəlif mərhələlərində göstərdiyi mövqe Ermənistanın beynəlxalq münasibətlər sistemində etibarsız tərəf olduğunun bir daha nümayişi oldu.
Təəccüblü deyil ki, beynəlxalq yarışda Azərbaycan bayrağının yandırılması faktına qarşı da aidiyyatı beynəlxalq təşkilatlar yenə də susqunluq nümayiş etdirdilər. Bu fakt da özlüyündə həmin qurumların yenədə ikili standartlara sadiq qaldığını bir daha sübut etdi. Beynəlxalq təsisatların belə ikili standartlar mövqeyi nümayiş etdirməsi sadəcə təəssüf doğurur amma biz buna öyrəşmişik. Onların ədalətinə Azərbaycanın onsuz da ehtiyacı yoxdur. Azərbaycan ədaləti və beynəlxalq hüququ təkbaşına bərqərar etməyi bacardı və bütün dünya Azərbaycanın gücünü gördü.
Bir daha Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyir, Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırır və cinayətkarların cəzalandırılmasını tələb edirik.
Ermənistan bir daha sübut etdi ki, beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Millət vəkili Tamam Cəfərova belə deyib.
AzTimes.az