Hicran Hüseynova: “Daxili Qoşunların bütün mənsublarına çətin və şərəfli xidmələrində uğurlar arzu edirik!”
AzTimes.az xəbər verir ki, martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 32 il ötür.
Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar.
Daxili Qoşunların formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətləri olub. Belə ki, 1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyü uğrunda və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı ilk gün – martın 12-si Daxili Qoşunlar Günü elan olunub.
Prezident, Ali Baş Komandan İlham Əliyevin xidməti vəzifələrini layiqincə yerinə yetirən, Vətən müharibəsində Daxili Qoşunların hərbçilərinin misilsiz qəhrəmanlıq nümunələri xalqımızın yaddaşına həkk olunub. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində şanlı Zəfərin qazanılmasına mühüm töhfələrini veriblər.
Azərbaycan Respublikası vətəndaşlarının asayişinin və təhlükəsizliyinin təmin edilməsi, ölkədə ictimai-siyasi sabitliyin qorunmasında gecə-gündüz şərəflə xidmət aparan Daxili Qoşunların bütün mənsublarını təbrik edir, çətin və şərəfli xidmələrində daim uğurlar arzu edirik!