Hicran Hüseynova “Zaman və Şəxsiyyət” kitabının təqdimat mərasimində iştirak etdi
“ Zaman və Şəxsiyyət ” kitabının təqdimat mərasimində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova çıxış edərək, Ümummilli Liderin Azərbaycan xalqı və dövlətçiliyi üçün əvəzsiz xidmətlərindən danışıb.
Aztimes.az xəbər verir ki, tədbirdə Hicran Hüseynova bildirib ki, biz bu il dahi tarixi şəxsiyyət Heydər Əliyevin və görkəmli alim Zərifə xanım Əliyevanın 100 illiyini qeyd edirik. Ulu Öndər deyirdi ki, “Mənim silahım- sözdür”. Onun sözü, nitqi insanlara hər zaman ümid olub. Özü inanır və bütün xalqı da inandırırdı. Bu inam heç vaxt, ən çətin günlərdə belə itmədi. Onun inamı bügünkü Azərbaycandır. Zərifə xanım, isə Ümummilli Liderin hər zaman dayağı olub.
O qeyd edib ki, Elmira xanımın təqdim etdiyi bu kitab və onun Ulu Öndər Heydər Əliyev və görkəmli alim Zərifə xanım Əliyeva haqında xatirələr başqalarından nə ilə fərqlənir? Onunla seçilir ki, bütün bunlar həyatdan götürülüb, canlıdı, xoronoloji ardıcıllığı var, həm də sənədlidir. Bu kitabı oxuyanda elə bil ki, sən özün o prosesləri bir daha yaşayırsan. Bu kitabı emosiyasız oxumaq mümkün deyil. Bu həm də bir tarixdir. Vaxt ilə bir çoxları bu tarixi, əsl tarixi hadisələri saxtalaşdırmaq istəyiblər. Lakin buna nail ola bilməyiblər. Bu kitab həm də ona görə maraqlıdır ki, burada əlçatmaz insandan, şəxsiyyətdən söhbət getmir. Burada dahi, qüdrətli, xarizmatik şəxsiyyət, eyni zamanda, səmimi, sadə bir insan və onun ailəsindən bəhs olunur.
Parlamentin komitə sədri diqqətə çatdırıb ki, Elmira xanım onların hiss və həyacanlarından, şübhələrindən, insanlara olan münasibətlərindən, sevinc və çətinliklərindən, bir- birinə necə dəstək olmalarından bəhs edir. Və bu insanların qeyri-adi dərəcədə məsuliyyət hissini təqdim edir. Ulu Öndər və Zərifə xanım bir-birinə qarşı deyil, həm də onların öz xalqı, Vətəni qarşısında daşıdıqları məsuliyyəti göstərir. Elmira xanım, unikal ailə nümunəsi göstərir, ailədə qarşılıqlı münasibətlər necə olmalıdır, bir-birinə necə hörmət edilməlidir? Uşaqlara, nəvələrə münasibət necə olmalıdır? Və doğrudan da biz xoşbəxt xalqıq ki, tarixin ən çətin dövründə, ən həssas zamanında ölkəmizə Ümummilli Lider Heydər Əliyev rəhbərlik etmişdir. Və nə vacibdir? Buradan çıxardığımız nəticə nədir? Müəyyən ənənələr, əsaslar var. Biz bu gün bunu Prezident İlham Əliyev və onun həyat yoldaşı, bizim Birinci vitse-prezident Mehriban xanım Əliyevada görürük. Bu ənənələr davam edir. Bu iki liderin unikal simbiozdur. Zərifə xanım həm öz elmi və ictimai fəaliyyətinə, həm ailəsinə sadiqlik, fədakarlıq göstərirdi. Zərifə xanım tarixdə həm prezidentin həyat yoldaşı, həm də prezident anası kimi qaldı. Onun bir qadın, ana, alim kimi fəaliyyəti qadının ailədə və cəmiyyətdə digər qadınlara bir nümunə idi. Bu gün Mehriban xanım bu ənənəni davam etdirir. Mehriban xanım güclü, mübariz olmaqla yanaşı, sədaqət nümayiş etdirir. O, öz həyat yoldaşı Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq, yaxşı gündə, çətin gündə ona dəstək olur. Biz bunu Pandemiya zamanı, Vətən Müharibəsində, Qarabağın və Şərqi Zəngəzurun quruculuq işlərində gördük və bu belə də davam edir. Bütün bunlar göstərir ki, cəmiyyətin əsası olan ailədə qoyulan təməl prinsiplər daha sonra böyük ailəyə, yəni cəmiyyətə keçir.
“Mən bir daha Elmira xanım belə bir unikal əsər hazırladığına görə təşəkkür edirəm. Və zəhmət keçən hər kəsə minnətdaram” deyə Hicran Hüseynova vurğulayıb.
AzTimes.az