Millət vəkili:”Mehriban Əliyevanın müraciəti qardaş Türkiyəyə olan yüksək həmrəyliyin nümunəsidir”

Baxılıb:228
Millət vəkili:”Mehriban Əliyevanın müraciəti qardaş Türkiyəyə olan yüksək həmrəyliyin nümunəsidir”

Mehriban xanım Əliyevanın bütün çağırışları, müraciətləri vətəndaşlarımızı daha da ruhlandırır

Birinci vitse-prezident Mehriban Əliyevanın “Azərbaycanlı olduğuma görə çox qürurluyam!” deməsi hər birimizdə fəxarət hissi yaradır

Bu günlərdə Türkiyə böyük bir sınaqdan keçir. Lakin bu təbii fəlakətin ağır fəsadları bir tək Türkiyəni deyil, bütün türk dünyasını, dünyanı səfərbər etdi. Tarix boyunca Azərbaycan və Türkiyə bir- birinin ən çətin və xoş günlərində bir olub, birlik, həmrəylik nümayiş ediblər. Tarixdə belə misallar, nümunələr çoxdur. Ən yaxın tariximizdə isə Vətən Müharibəsi zamanı Türkiyənin bizə verdiyi mənəvi və siyasi dəstək xalqımız və dövlətimizə əlavə güc verdi.

Təbiətin yaratdığı təbii fəlakət Türkiyə ilə yanaşı Azərbaycanı da sarsıtdı, kədərləndirdi. Bu gün Azərbaycan qardaş Türkiyə üçün, oradakı qardaş və bacılarımız üçün səfərbərdir. Hər kəs yardım göstərməyə, evsiz qalan, yaxınlarını itirən bacı və qardaşlarımızın yarasını sarmağa, ona dəstək olmağa çalışır. Bu bir dövlətin dövlətə deyil, bir qardaşın qardaşa yardımıdır, dayağıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıqlarına əsasən ölkə boyu həyata keçirilən humanitar yardım hər birimizdə fəxr hissi yaradır.

Elə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında deyildiyi kimi, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Dost dar gündə tanınar deyib atalarımız. Biz isə dostdan daha yaxınıq- qardaşıq. Ona görə da artıq bir həftədir ki, bütün Azərbaycanda əsas xəbərlər qardaş Türkiyədə baş vermiş zəlzələdir. Vətəndaşlarımız böyük bir sevgi və fədakarlıqla qardaş türk xalqının dərdinə şərik olmaq, təbii fəlakətdən zərər çəkən qardaş və bacılarına yardım etmək üçün, sözün əsl mənasında gecə-gündüz bilmədən səfərbər olublar. Hər birimizin ürəyi zəlzələ baş verən şəhərlərdədir, fəlakətdən əziyyət çəkən insanların yanındadır. Biz də həlak olanlara yas saxlayır, dağıntılar altında sağ-salamat xilas olanların yaxınları ilə birgə sevinirik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın həmvətənlərimizə müraciətində, məhz xalqımıza məxsus bu yüksək keyfiyyətlərin xüsusi olaraq vurğulayır.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Mehriban xanımın bütün çağırışları, müraciətləri vətəndaşlarımızı daha da ruhlandırır, onları motivasiya edir. COVID -19 Pandemiyası, Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlar, Vətən Müharibəsi ilə bağlı və digər müraciətləri sanki bir çağırışdır. Onun şəhid ailələri, qazilərlə görüşü bir ana, bacı qayğısı ilə kədərlənməsi və onların rifah və sağlamlıqları üçün əlindən gələni əsirgəməməsi hamımız üçün bir nümunədir. Mehriban xanım müraciətində Azərbaycan vətəndaşlarına insansevərliyə, yardımsevərliyə təşəkkürünü birlidir və azərbaycanlı olduğuna görə qürur duyduğunu vurğulayır.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərimə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə təşəkkürümü bildirən, ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdarlığını bildirən Mehriban xanımın “Azərbaycanlı olduğuma görə çox qürurluyam!” deməsi hər birimizdə fəxarət hissi yaradır.

Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın müraciəti, Azərbaycan qadınının malik olduğu yüksək mənəvi dəyərlər, milli təəssübkeşlik hislərini özündə təcəssüm etdirir. Bu müraciət həm də dövlətimizin, xalqımızın qardaş Türkiyəyə münasibətdə nümayiş etdirdiyi yüksək həmrəyliyin, birliyin nümunəsidir.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor AzTimes.az


Abunəlik