Hicran Hüseynova və digər ictiamai fəal xanımlar qardaş Türkiyə səfirliyini ziyarət etdilər

Baxılıb:247
Hicran Hüseynova və digər ictiamai fəal xanımlar qardaş Türkiyə səfirliyini ziyarət etdilər

AzTimes.az xəbər verir ki, fevralın 10-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hicran Hüseynova, millət vəkili Sədaqət Vəliyeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva və digər ictiamai fəal xanımlar qardaş Türkiyə səfirliyini ziyarət ediblər.

Görüş zamanı dəhşətli zəlzələdə həlak olanların ruhu 1 dəqiqəlik sükutla yad edilib, dualar oxunulub.
Daha sonra Türkiyənin Azərbaycandakı Səfiri Cahid Bağçı ilə görüşən ziyarətçilər, Kahramanmaraş başda olmaqla, 10 vilayətdə baş verən dəhşətli zəlzələnin ağır nəticələrindən üzüldüklərini bildiriblər.

Hicran Hüseynova qeyd edib ki, Azərbaycan və Türkiyə sevincini və kədərini bölüşən bir millət və iki dövlətdir. Biz öz bacı və qardaşlarımızın yanındayıq. Bir necə gün öncə Türkiyənin Azərbaycandakı səfirliyində olarkən Azərbaycan Prezidenti cənab İlham Əliyev “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır.” söyləməsi bizim birliyimizin tərcümanıdır.

Baş vermiş bu ağır fəlakətdə həlak olanlar, yaralananlar bizim bacı və qardaşlarımız, övladlarımızdır. Hər birimiz bu çətin günlərdə qardaş ölkəyə yardım etməyə hazırıq. Azərbaycan Türkiyənin yaralarını sarmaq və dəstək olmaq üçün səfərbər olub.
Türkiyə güclü dövlətdir, onun cümhur başqanı güclü liderdir, inanırıq ki, qardaş dövlət bu ağır imtahandan şərəflə çıxacaq. Bir daha uca Tanrıdan zəlzələ zamanı həlak olan bütün qardaş-bacılarımıza rəhmət diləyir, yaralılara tezliklə sağalmalarını, dağıntılar altında qalanların sağ- salamat xilas olmasını arzulayıram!

Səfir Cahit Bağçı Komitə sədrinə, onunla birgə səfirliyi ziyarət edən millət vəkilinə və ictimai fəallara təşəkkür edib.
Səfir bildirib ki, bu acı xəbər yayılandan səfirlik davamlı olaraq ziyarət olunur, zəlzələdən zərər çəkənlərə dövlət səviyyəsində dəstək və müxtəlif təşkilatlar, vətəndaşlar tərəfindən təşkil olunan yardımlar bir daha qardaşlığımızın nə qədər qüdrətli və sarsılmaz olduğunun göstəricisidir.


Abunəlik