Kamran Hüseynovun şərəfli ömür yolu vətənə, xalqa layiqli xidmət nümunəsi olaraq həmişə örnək kimi xatırlanacaq
Hər bir dövrün istedad və qabiliyyət ilə seçilən, ömrünü xalq işinə həsr edən şəxsiyyətləri formalaşır. Belə insanlar başqalarından seçilən keyfiyyətləri ilə cəmiyyətdə özləri nüfuz qazanır, illər, qərinələr keçsə də, xeyirxah əməlləri ilə xatirələrdə yaşayırlar.
Azərbaycanda, o cümmlədən keçmiş SSRİ-də bir sıra vəzifələrdə çalışmış Kamran Hüseynovu tanımayan demək olar ki, yoxdur.
1913-cü ilin dekabrın 15-də Qubadlı rayonunun Çərəli kəndində anadan olmuş Kamran Hüseynov əmək fəaliyyətinə gənc yaşlarından başlayıb və 1934-cü ildən Bakının neft sənayesində müxtəlif vəzifələrdə çalışıb. 1938-40-ci illlərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 40-41-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil alıb. 1949-cu ildə Azərbaycan Dövlət Pedoqoji İnstititunun tarix fakültəsini və Respublika Ali Partiya Məktəbini bitirib. 1967-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi alıb. K.Hüseynov həmçinin 1941-44-cü illərdə iqtisadiyatın müxtəlif sahələrində fəaliyyət göstərib. 1944-45-ci illərdə Sumqayıt şəhər Partiya Komitəsinin sənaye və kadr işlər üzrə katibi, 45-47-ci illərdə indiki Binəqədi rayon Partiya Komitəsini birinci katibi işləyib. 1949-52-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən olub. 1952-53-cü illərdə Neftçala rayon Partiya Komitəsini birinci katibi, 54-58-ci illərdə Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi olub. 1958-61-ci illərdə Respublika Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsində çalışıb. 1961-68-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının katibi olub. 1968-80 ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. 1980-93-cü illərdə Respublika Ticarət və Səneya Palatasını sədri işləyib. 1993-ci ildən Ticarət və Sənaye Palatasında prezidentin müşaviri olub. Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi fəaliyyəti olub. Kamran Hüseynovun xidmətləri Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən “Şöhrət” ordeni ilə təltif edilib. Həmçinin 90 illik yubileyində Rusiyanın Azərbaycandakı keçmiş səfiri Nikolay Ryabov Kamran Hüseynova “Xalqlar dostluğu” ordenini təqdim edib.
AHİŞ-ə rəhbərlik etdiyi dövrdə Kamran Hüseynovun ictimai fəaliyyəti beynəlxalq əhəmiyyət kəsb edir. Ayrı-ayrı nümayəndə heyətlərinin üzvü, yaxud nümayəndə heyətinə rəhbərlik edən şəxs kimi xarici səfərlərdə olurdu.
Kamran Hüseynov 1980-93-cü illərdə Respublika Ticarət və Sənaye Palatasının sədri işlədiyi dövrdə bu təşkilatın fəaliyyətinin canlandırılması və nüfuzunun artırılması üçün də çox iş görmüşdür. TSP müəyyən edilmiş qaydada palata üzvlərinə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məsələləri üzrə kömək edir, ölkə daxilində və xaricdə onların mənafelərini təmsil və müdafiə edir.
Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən idi. Onun dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində gördüyü işlər böyük bir dövrü əhatə edir. O, sıravi fəhləlikdən başlamış strateji əhəmiyyətli mühüm dövlət obyektlərinin tikilib istismara verilməsinə qədər çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, fədakarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Azərbaycanda yeni yaşayış məntəqələrinin salınmasında, onların sənaye mərkəzlərinə çevrilərək inkişaf etməsində Kamran Hüseynovun xidmətləri təqdirəlayiqdir.
Ümummilli lider Heydər Əliyevin “nadir şəxsiyyət” adlandırdığı ictimai xadim, tarix elmləri doktoru Kamran Hüseynov “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyin qurucusu olmaqla yanaşı ilk sədri seçilmişdir. “Zəngəzur ”cəmiyyəti gənclərimiz tariximizi unutmasınlar,
yaddan çıxarmasın deyə, böyük təbliğat işləri aparırdı.
Tutduğu vəzifələrdən, gördüyü işlərdən asılı olmayaraq, onun mövqeyi daim öz vətənpərvərlik ruhu ilə səciyyələnmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Kamran Hüseynovun işgüzarlığını xüsusilə yüksək qiymətləndirirmiş. O, həmişə Kamran Hüseynovu hökümətin içində-Nazirlər Sovetində çalışanlar arasında nadir şəxs kimi dəyərləndirib.
Ulu Öndər Heydər Əliyev dəfələrlə deyirdi ki, “Xalq yalnız iqtisadiyyatı, maddi sərvətləri, tarixi, mədəniyyəti ilə deyil, həm də adət-ənənəsi ilə seçilir. Hər bir dövlətin gücü onun xalqına, adət-ənənəsinə, milli dəyərlərinə sadiq olması ilə ölçülür”. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət quruculuğu siyasəti Azərbaycanın çiçəklənməsinə, inkişaf etməsi və iqtisadi cəhətdən güclənməsinə, regionun lider dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Müxtəlif mərhələlərdə bu siyasətin həyata keçirilməsində böyük rolu olan görkəmli ictimai – siyasi xadimlər, tanınmış və nüfuzlu şəxsiyyətlər öz humanizmi, vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılıqları ilə sözün əsl mənasında vətəndaşlıq nümunəsinə çevrilmişlər. Bu insanlar xalqın dəyərlərinə arxalanaraq, ondan güc alaraq Azərbaycanın dünyada tanınmasında müstəsna xidmətlər göstərmişlər. Xalq isə onları hər zaman yad edir, xatirələrdə yaşadır. Belə bir dünyagörüşünə əsaslanan və hörmətlə yanaşan Kamran Hüseynovun həyat fəlsəfəsində iki əsas istiqamət var idi. Və bu istiqamətlərin biri digərini tamamlayırdı. O deyirdi ki, “Həmişə yaxşılıq etməyə tələsin!”. Özünü isə belə qiymətləndirirdi: “Mən özümü daim bal arısı hesab etmişəm. Arı bal verir, ilan ağu. Mənim həyat fəlsəfəm budur.”
1953-1958-ci illərdə Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifələrində çalışmış və şəhərin inkişafının intibah və tərəqqisi naminə müstəsna töhfələr vermişdir.
SSRİ hökuməti Corat və Saray qəsəbələrini ləğv etmək fikrində idi. Kamran Hüseynov memarları, Azərbaycan Layihə İnstitutunun əməkdaşlarını bir yerə yığır, bu məsələni müzakirə edirlər. Kamran Hüseynov bu məsələdə böyük qətiyyət göstərdi və bildirdi ki, 1000 illik tarixə malik olan Corat kəndini hər birimiz qoruyub saxlamalıyıq. Respublikanın tanınmış ziyalıları və tarixçiləri Kamran Hüseynovu müdafiə etdilər. Kamran Hüseynov Corat kəndini, Saray qəsəbəsini tarixi faciədən xilas etdi.
Kamran Hüseynov şəxsiyyətini qiymətləndirən tanınmış siyasi və ictimai xadimlər onun cəsarət və qorxmazlığını, insanlara və hadisələrə münasibətdə ədalətə arxalanmasını daim ön plana çəkmişlər. Kamran Hüseynov şəxsiyyətinin gücünü də məhz bunda aramışlar.
Kamran Hüseynov, dövrünün tanınmış ictimai –siyasi xadimi olmaqla yanaşı, şerə, sənətə böyük önəm verirdi. Qubadlıya, onun bərəkətli torpağına, saf suyuna, təravətli çiçəklərinə o qədər vurğun idi ki, şerlər yazır, fəlsəfi düşüncələrini qələmə alırdı. O, doğma yurdunun təbiətinə, dağına, gülünə o qədər vurğun idi ki, həyatında ilk və son şerini də məhz Qubadlının Hərtiz dağına həsr etmişdi. Bu kəndin, təbiətin həsrətinə dözməyən Kamran müəllim yazırdı ki,Səndən ayrıldığım xeyli müddətdir,Vətən ayrılığı nə böyük dərddir.
Bəli, Vətən həsrəti çox çətindir. Bir an belə ruhdan düşmürdü, inanırdı ki, Vətəninə qovuşacaq. Elə bu niyyətlə “Zəngəzur ”cəmiyyəti yaratdı. Gənclərimiz yaddan çıxarmasın, tariximizi unutmasınlar deyə, böyük təbliğat işləri aparırdı. 2020-ci il oktyabrın 25-də Qubadlı işğaldan azad edildi. Əlbəttə, bu xəbər hər kəsi sevindirdi.
Qubadlının işğaldan azad edilməsi təkcə bu həsrətlə yaşayanları deyil, həm də bu arzu ilə dünyada köçən narahat ruhları da sevindirir. Bu gün mənim atamın, nənəmin də ruhu şaddır. Artıq torpaqlarımız düşmən tapdağından azad olunub, nəfəs alır, sanki biz də yenidən cavanlaşırıq, Yeni arzular, yeni planlarla yaşayırıq! Bizə bu möhtəşəm hissləri yaşadan başda Ali Baş Komandan İlham Əliyev olmaqla, hər bir əsgərimizə, zabitimizə təşəkkür edirik! Şəhidlərimizin qarşısında baş əyirik! Qazilərimizə Allahdan şəfa diləyirik!
Bu gün Kamran Hüseynov ocağının nümayəndələri, onun övladları, nəvələri fəxr edir ki, o, vətənə, xalqa layiqli xidmət edən, şərəfli ömür yaşayan bir insan və ictimai-xadim kimi xatirələrdə əbədi yaşayacaq!
Sumqayıt şəhərində Kamran Hüseynovun adına küçə olması bir daha bizlərə göstərir ki, vətənə, xalqa layiqli xidmət edən, şərəfli ömür yaşayan insanlar unudulmur.
Allah rəhmət eləsin!
AzTimes.az