Hicran Hüseynova beynəlxalq tədbirdə iştirak etdi- FOTOLAR
Dekabrın 9-da Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyanın (CEDAW) icrası, hesabatlılıq və atılmalı olan addımlarda Parlamentin iştirakına həsr olunmuş 2-ci PAİ vebinarı keçirilib.
AzTimes.az xəbər verir ki, onlayn tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, komitənin üzvləri Nigar Arpadarai, Könül Nurullayeva və Sevil Mikayılova iştirak ediblər.
Vebinara, habelə cari ilin iyun və oktyabr aylarında hesabatları dinlənilən bir sıra digər ölkələrdən, o cümlədən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Belçika, Finlandiya, Mərakeş, Ukrayna, Portuqaliya, Boliviya, Monqolustan, Namibiya və digər ölkələrdən olan deputatlar qatılıblar.
Tədbirdə keçirilən müzakirələrdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda insan hüquqlarının tərkib hissəsi olan gender bərabərliyinin, eləcə də qadın və uşaq hüquqlarının təmin olunmasının fundamental hüquqi əsasları yaradılıb. O, bu istiqamətdə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” və “Uşaq hüquqları haqqında” BMT konvensiyalarının ratifikasiya olunduğunu deyib. Bununla yanaşı, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edildiyini söyləyib. O, ölkəmizdə qadın və uşaq hüquqları sahəsində dövlət siyasətinin formalaşdığını qeyd edib və zəruri institusional islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Komitə sədri ölkəmizdə gender bərabərliyinin təmin olunması sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində qəbul edilən qanunvericilik aktlarının əhəmiyyətindən danışıb.
Hicran Hüseynova Azərbaycanda gender ayrı-seçkiliyinin və bərabərsizliyin aradan qaldırılması sahəsində qızlara və qadınlara dəstək tədbirlərinin genişləndirilməsi, bu istiqamətində aparılan təbliğat və maarifləndirmə tədbirləri barədə məlumat verib. Habelə, gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun möhkəmləndirilməsinin təşviqi ilə bağlı görülən işləri qeyd edib. Komitə sədri ölkəmizdə uşaqlar üçün bərabər imkanların yaradıldığını, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarının müdafiə edildiyini, onlara sosial dəstək xidmətlərinin təmin olunduğunu söyləyib.
Komitə sədri ölkəmizdə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin görüldüyünü, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktların qəbul edildiyini diqqətə çatdırıb. O, qadınların hüquqlarının müdafiəsi məqsədilə onların əməyi qadağan olunan 700-ə yaxın peşə və iş yerini müəyyənləşdirən siyahının ləğv edildiyini, hamilə və bir yaşınadək uşağı olan qadınların əməyi qadağan olunan iş yerlərinin, zərərli maddə və amillərin siyahılarının təsdiq edildiyini, bununla bağlı sənədin Milli Məclisdə qəbul olunduğunu bildirib.
Hicran Hüseynova Azərbaycanda qadınların həyatın bütün sahələrində ən yüksək səviyyələrdə təmsil olunduğunu, dövlət tərəfindən bunun üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.
Onlayn tədbirdə iştirak edən Milli Məclisin deputatları Nigar Arpadarai, Könül Nurullayeva, Sevil Mikayılova mövzu ilə bağlı fikirlərini açıqlayıblar. Millət vəkilləri Azərbaycanda həyata keçirilən gender bərabərliyi siyasəti, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, CEDAW Konvensiyasına uyğun olaraq ölkəmizdə qadınlar üçün yaradılan imkanlar, onların bütün sahələrdə fəal iştirakı barədə söhbət açıblar.