Beynəlxalq forumda Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışılıb
AzTimes.az xəbər verir ki, noyabrın 17-də Ümumdünya Uşaqlar Günü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Özbəkistandakı nümayəndəliyi tərəfindən hibrid formatda beynəlxalq forum təşkil olunub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Uşaqların sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təmin edilməsi” mövzusuna həsr edilmiş foruma Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, dünyanın bir çox ölkələrinin parlamentlərindən, beynəlxalq təşkilatlardan nümayəndələr və rəsmi şəxslər qatılıblar.
İclası açan Özbəkistan Respublikasının birinci xanımı, Zamin Beynəlxalq İctimai Fondunun Himayəçilik Şurasının sədri Ziroatxon Mirziyoyeva forum iştirakçılarını salamlayıb və tədbirin işində onlara uğurlar diləyib.
Sonra forum işini plenar iclasla davam etdirib.
Tədbirə videoformatda qoşulan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi dövlətimiz üçün həmişə prioritet məsələ olub. Ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri də Uşaq Hüquqları Konvensiyasıdır. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğı və diqqəti nəticəsində uşaqlarla bağlı dövlət siyasəti daha da gücləndirilir, uşaqların sağlam mühitdə yaşamasının təmin edilməsinə yönəlmiş mühüm layihələr həyata keçirilir.
Komitə sədri çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində biz tarixi ədaləti bərpa etdik. Azərbaycan öz torpaqlarını, şəhər və kəndlərini Ermənistanın işğalından azad edib. Ərazilərimizin minalarla kütləvi şəkildə çirkləndirilməsi bizi çox narahat edir. Bütün bunlara baxmayaraq, işğaldan azad olunmuş ərazilərimiz minalardan təmizlənir, ekoloji fəlakətlərin aradan qaldırılmasına, yaşıl iqtisadiyyatın inkişafına yönəlmiş layihələr həyata keçirilir, uşaqlı məcburi köçkün ailələrinin qayıdıb öz yurdlarında məskunlaşmasına şərait yaradan ağıllı kənd və şəhərlər salınır.
Çıxışının sonunda Hicran Hüseynova forumun işinə uğurlar arzulayıb, aparılacaq fikir mübadiləsinin dünyada uşaq hüquqlarının daha səmərəli qorunmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə ətraf mühitin çirkləndirilməsinin uşaq sağlamlığına təsiri barədə sosial videoçarx nümayiş olunub.
Forumda aparılan müzakirələrin və fikir mübadiləsinin yekununda “Uşaqlar, gənclər və iqlim fəaliyyəti haqqında” Bəyannamə imzalanıb