Azərbaycan və Türkiyə səhiyyəsi gələcəyimiz olan uşaqlar üçün bir araya gəldi-FOTO
AzTimes.az xəbər verir ki, millət vəkili Hicran Hüseynova sentyabrın 28-də “Liv Bona Dea Hospital” Vətən müharibəsinin başlanmasının ildönümünə həsr etdiyi tədbirdə iştirak edib.
Bu dəfə Azərbaycan və Türkiyə səhiyyəsinin nümayəndələri, Türkiyənin Azərbaycandakı səfir Cahit Bağıcı, Türkiyə və Azərbaycandan olan iş adamları, millət vəkilləri, müxtəlif dövlətlərin Azərbaycandakı səfirliklərinin təmsilçiləri ilə gələcəyimiz olan uşaqlar üçün bir araya gəliblər.
Millət vəkili Hicran Hüseynova bu tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə bütün təşkilatçılara, zəhməti olan hər kəsə təşəkkür bildirib:
“Bu gün biz çox həssas bir məsələnin müzakirəsinə yığışmışıq. Gələcəyimiz olan uşaqlar təkcə öz ailəsinin deyil, həm də dövlətin sərvətidir. Biz onlar üçün elə bir şərait yaratmalıyıq ki, onlar sağlam, savadlı, təhlükəsiz və bərabər şəkildə böyüsünlər. Bu imkanlar isə lap erkən dövrdən, uşaq vaxtlardan yaradılmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün uşaq hüquqlarının müdafiəsi sahəsində əsaslı uğurlar əldə olunmuşdur. Qeyd edim ki, uşaq hüquqlarının müdafiəsinə dair çox güclü qanunvericilik bazası mövcuddur. Və bu sahədə qarşıda duran gələcək hədəflər və öhdəliklərdən irəli gələrək mühüm sənədlərin hazırlanması və qəbulu da nəzərdə tutulur. Bu gün ölkədə hər bir uşağa bərabər imkanların yaradılması, təhsil, tibb, istirahət və digər xidmətlərin daha əlçatan olması üçün ciddi islahatlar aparılır. Ədalətli, inkluziv çıxış imkanları var. Bildiyiniz kimi, dövlət tərəfindən xüsusi qayğıya ehtiyacı olan və 16 yaşadək əlilliyi olan uşaqlara, eyni zamanda, sağlamlıq imkanları məhdud 18-yaşadək uşaqlara sosial müavinət verilir. Artıq 2015-ci ildən autizmli uşaqlara da sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikasının Birinci Vitse – prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqların hərtərəfli inkişafı istiqamətində gördüyü çox önəmli və geniş miqyaslı tədbirləri xüsusilə qeyd etmək lazımdır. Və eyni zamanda, Fondun vitse-prezidenti Leyla xanım Əliyeva da bu sahəyə qayğı və diqqət göstərir. Onların təşəbbüsü ilə bütün uşaqlar üçün, xüsusilə də, xüsusi qayğıya ehtiyacı olan, ailələrini itirmiş azyaşlılar, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir.
Çox sevindirici haldır ki, bu gün özəl sektor, biznes qurumları korporativ sosial məsuliyyətin fəaliyyətindən irəli gələrək bu istiqamətdə bir sıra layihələrə imza atırlar.
Bu tədbirin digər mühüm əhəmiyyəti isə qardaş Türkiyənin Azərbaycana olan dəstəyidir. Biz bu dəstəyi bütün sahələrdə görürük. Dünən Vətən Müharibəsinin başlanmasının ikinci ilini qeyd etdik. Qeyd etməliyəm ki, ilk gündən Türkiyə öz mənəvi və siyasi dəstəyini verməklə bizə dayaq oldu. Şuşa Bəyannaməsi isə bizim bu qardaşlığımızı, ən üstün müttəfiqliyə çevirdi. “Bir millət, iki dövlət” olaraq bu gün Azərbaycan və Türkiyə vahid komanda kimi hərəkət edir.
Ailə, Qadın və Uşaq Siyasətinin İnkişafı, uşaqların sağlamlığı, qadınların cəmiyyətdə yeri və rolulunun artırılnasında öz tövhələrini verən, naliyyətlər əldə edən və səmərəli fəaliyyətlərinə görə fəxri fərmanla
təltif olunanlar arasında olmağım mənə çox xoş təsurat bağışladı.
Sonda tədbir iştirakçılarına bir daha bu vacib tədbirin keçirilməsində əməyi olan hər bir şəxsə təşəkkür edirəm. İnanıram ki, bu toplantı uşaqlarımızın daha sağlam böyüməsi və bu sahədə Türkiyə-Azərbaycan iş birliyinə mühüm töhfə olacaq.”