Millət vəkili “Anım günü” ilə bağlı silsilə tədbirlərdə iştirak etdi-FOTOLAR
AzTimes.az xəbər verir ki, 27 Sentyabr – Vətən müharibəsinin ikinci ildönümünü Şamaxı rayonunda da silsilə tədbirlərlə qeyd olunub.
Şamaxı Tarix-diyarşünaslıq muzeyinin qarşısında təşkil olunmuş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Tamam Cəfərova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri və rayon sakinləri iştirak edib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan ordumuzun döyüş yolundan söz açan natiq onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.
Mərasimdə çıxış edən millət vəkili Tamam Cəfərova 44 günlük müharibədə iştirak edərək şücaət göstərmiş, qəhramanlıqla həlak olmuş və sağlamlığını itirmiş hər bir müharibə iştirakçısının daim dövlət qayğısı ilə əhatə olunduğunu və bundan sonra da olunacağını bildirib, şəhidlərimizin ailələrinə başsağlığı verib və səbir diləyib.
Sonra YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı , QMİ-nin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhməd Mustafayev və şəhid atası Rza Nəbiyev çıxış edərək Şanlı Azərbaycan ordusunun hər bir əsgərinin mərdlik, şücaət göstərdiyini vurğulamış, düşmənə sarsıdıcı zərbə vuraraq yaddaşlarından silinməyəcək dərs verdiklərini qeyd etmişlər.
Mərasimdə məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya nümayiş olunub.
Ölkəmizin hər yerində olduğu kimi saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub, məzarlar üzərinə tər çiçəklər düzülüb.
Tədbirlər çərçivəsində Şəhidlər xiyabanı ətrafındakı ərazidə rayon ictimaiyyətinin iştirakı ilə ağaclar əkilmişdir.
27 Sentyabr – Anım Günü ilə əlaqədar rayon rəsmiləri rayonun ayrı-ayrı kəndlərində dəfn olunan şəhidlərin məzarlarını ziyarət etmiş, həmçinin Vətən müharibəsinin ilk günü şəhid olan Rza Məmmədov, İsaxan Qanıyev və Nadir Soltanovun şəhidlik zirvəsinə ucalmalarının 2 ili münasibətilə ailələrinə baş çəkmişlər.