4 qat deputat Ülvi Quliyevin “DÖNÜŞ”-ü – DAHA BİR DEPUTAT HƏBS OLUNA BİLƏR…
Ülvi Quliyevi də Xaçmazdan olan keçmiş həmkarı Eldəniz Səlimovun aqibəti gözləyir
Deputatın şirkəti Səbaildə sakinlərin evlərini başlarına uçurdur
Səbailin icra başçısı hara baxır ?
Dönüş deyəndə ilk öncə ağlımıza Qarabağ, azad olunmuş torpaqlarımız, öz dədə-baba yurdlarına dönən məcburi köçkün və qaçqın ailələri, möhtəşəm quruculuq işləri gəlir.
Və 4 qat deputatımız ( 2 dəfə Nəsimidən, 2 dəfə də Yasamaldan seçilib ) Ülvi Quliyevə məxsus olan “Dönüş -1” MMC tikinti şirkətinin varlığından xəbər tutanda, sevindik ki, yəqin cənab deputatın Qarabağa qayıdış-dönüşlə bağlı layihələri var. Düşündük ki, yəqin Ülvi Quliyev azad olunmuş torpaqlarımızda yollar çəkəcək, binalar tikəcək, yeni iş yerləri açacaq…Amma və lakin..
Bəli, cənab deputat azad olunmuş Qarabağda deyil, Bakıda evlər yıxır, yollar kəsir, adamların evlərini başına uçurdur…
Fərqi gördünüzmü ?
Ümumiyyətlə, son bir neçə ildə pilot layihə-filan adı altında vətəndaşlara məxsus evləri alıb yerində bahalı binalar ucaltmaq az qala dəb halını alıb.
Təsəvvür edirsiniz, sakinləri öz qanuni evlərindən zorla çıxardırlar. Bəli, əvvəlcə real bazar qiymətlərinə uyğun olmayan “summa” təklif edirlər, vətəndaşlar razı olmayanda hədə-qorxu, yaxud məhkəmə yolu ilə ev sahiblərini “razı olmağa” məcbur edirlər. Bəli, məhz məcbur edirlər.
Kimlər ki, şirkətin şərtləri ilə razılaşmır və axıradək dirəniş göstərir, onların başına olmazın oyunlarını açırlar ki, ev sahibləri öz qanuni evlərini tərk etsinlər.
Məsələn, mənzilin sağını-solunu sökür, guya təsadüfən hasarını uçurdur, qazıntı işləri zamanı guya bilmədən qazını, suyunu kəsir, işığını söndürür və mənzil sahibini seçim etməyə məcbur edir.
Hətta bir neçə ay öncə Dönüş-1 kimi bir şirkət 5-6 il öncə tikilmiş uşaq bağçasının qəzalı vəziyyətdə olması barədə məktub göndərmişdi. Bağçanın sahibi deyirdi ki, bu bina keçən əsrdə, yaxud 20-30 il əvvəl tikilməyib, bu binanın 5-6 yaşı var, bu necə qəzalı ola bilər.
Bax beləcə, Ülvi müəllim kimi tikinti maqnatları ev-mülk sahiblərini gözümçıxdıya salıb evlərini sökürlər və yerində bahalı göydələnlər tikib milyonlar qazanırlar.
Görəsən, Ülvi Quliyevə 10-15 ildir satdığı dərmanlardan qazandığı milyonlar bəs etmir ?
Həm də unutmamalıyıq ki, cənab deputatın aptekləri başqa dərmanlar, özü də çox bahalısından satır.
Nə isə, əsas mövzudan yayınmayaq.
Bəli, Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, ev 42, mənzil 19 və 16-da yaşayan sakinləri cənab deputatın tikinti şirkəti sanki intihar həddinə çatdırıb.
Məlumat üçün qeyd edək ki, şirkət rəsmi olaraq deputatın qohumu Quliyev İlkin Bəxtiyar oğlunun adınadır.
Bu tikinti şirkəti 4 -cü ildir ki, yuxarıda qeyd etdiyimiz ünvanda sakinlərə maddi və mənəvi zülm edir.
Şirkətin zülm etdiyi Həvva adlı şəxs hazırda ölüm həddindədir.
“Dönüş-1” şirkəti Səbaildəki məhəlləni az qala Suriyaya çevirib. Tikinti poliqonuna tez-tez gecələr noutbukla Ülvi Quliyevin oğlu Orxan Quluzadə gəlir. Və o gələndə hamı onun qarşısında dimdik, əmrə müntəzir dayanır.
Onu da qeyd edək ki, Uni klinikasının direktoru Əli Həsənov ( ona doktor Əli deyirlər ), hətta deputat Adil Əliyev də Ülvi və Orxan Quluzadə ilə, yəni “Dönüş-1” MMC ilə şərikdir. Yeri gəlmişkən, Adil Əliyevin “Zirvə” tikinti şirkətində də payı var.
Bir sözlə, cənab deputat sakinləri boğaza yığıb. Əhali narazılıq edəndə, ayağa qalxanda isə, Ülvi Quliyevin “vuran əli” olan Rüstəm Rüstəmov ( Kinq Boks federasiyasında çalışır ) sakinlərə hədə-qorxu gəlir.
Ata-bala Quliyevlər isə əraziyə gələndə sakinlər 005 nömrəsindən bilirlər ki, onların əzrayılı-qənimi gəlir.
Cənab deputat Ülvi Quliyev tikinti ərazisindəki sakinlərdən bəzilərinin pullarını verib. Məsələn, Prezident Administrasiyasında işləyən Ramiz Muxtarova hər kv.m üçün 3000 manat verib. Sakinlərdən Ceyhuna 40 kv.m üçün 145 min verib, Şəfaət, Elçin və digər sakinlərin də evlərini “xaraba qoymaq” üçün pullar ödəyib.
Görəsən, dərman satmaqla Ülvi Quliyev bu yüz minləri, milyonları necə qazanıb ?
Yeri gəlmişkən, şirkətin rəsmi sənədlərində tikilən binalar 12 mərtəbə göstərilsə də, cənab deputat 1 mərtəbəni də özü əlavə edib, 13 mərtəbəli bina tikir. Hazırda başqa bir binanın da təməli qoyulub.
Deyirlər, hər cür müqayisə qüsurludur. Amma Ülvi Quliyevlə Xaçmazın keçmiş deputatı, hazırda həbsxanada olan Eldəniz Səlimovun müqayisəsi qüsurlu olmaz.
Yəqin ki, Quliyevi də Səlimovun aqibəti gözləyir.
Bir də sakinlər üçün bir məsələ maraqlıdır. Milli Məclisdə dəfələrlə müxtəlif səbəblərdən İntizam komissiyasında bəzi deputatların məsələsinə baxılıb. Yəqin ki, MM-in spikeri xanım Sahibə Qafarova deputat Ülvi Quliyevin məsələsinin komissiyada müzakirəsinə kömək edəcək. Ki, sakinlər dövlətdən narazı qalmasınlar.
Bir də maraqlıdır ki, görəsən Səbailin icra başçısı bu barədə nə düşünür?
Ümumiyyətlə, düşünə bilirmi ?
Yazıda adları gedən hər bir şəxsin cavab haqqını tanıyırıq.//gundelikbaki