İmişli rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədov: “Hər ay Vilyam Hacıyevə 3000 manat verirdim”
“Bu vəzifəyə görə 30 min manat pul verdim”
İmişli rayonunun Məzrəli kənd bələdiyyəsinin sədri Babək Kazımov bu vəzifəyə görə 25 min bir, 5 min manat da bir olmaqla, ümumilikdə 30 min manat pul verdiyini deyir. O, İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin məhkəməsində dindirilərkən bu barədə danışıb.
2020-ci ilin mayında DTX əməkdaşları tərəfindən saxlanılan Vilyam Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır. Hazırda məhkəmədə şahidlərin dindirilməsi mərhələsidir.
Aprelin 1-də məhkəmədə dindirilən Həsən Zahidov bildirib ki, sahibkarlıqla məşğuldur, tikinti aparırdı. Əlində tikinti üçün sərəncam olmasına baxmayaraq, icra hakimiyyətinin arxitektura şöbəsinin müdiri Nazim Rəsulov gəlib, tikintini dayandırmağı tələb edib:
“Pul tələb elədi. Əlimdəki sərəncamı təqdim elədim, dedim, kasıb adamam, xeyri olmadı. Məcbur olub verdim. Dolanışığım oradan çıxırdı”.
İmişli sakinləri, maddi-sosial baxımdan ağır vəziyyətdə yaşayan Teymur Quliyev, Xəyyam Məmmədov, Murad Tağıyev məhkəmədə ifadə verərkən bildirib ki, yardım üçün icra hakimiyyətinə müraciət ediblər. Çünki çox pis durumda olublar. İcra hakimiyyətinin baş mühasibi Cəmil Musayev (indi də öz vəzifəsində qalır) onlara deyib ki, maddi yardım ayrılacaq, amma həmin pulun tələb olunan hissəsini icra hakimiyyətinə verməlidilər.
“Atam xəstə idi, müraciət elədim. Cəmil Musayev yanına çağırıb dedi ki, 7000 verəcəyik, onun 1000 manatı sənin olacaq, qalanını icra hakimiyyətinə gətirib verəcəksən. Razılaşdım. Bankda hesaba pul köçdü, dediyi kimi elədim. Gətirib 6000 manatı Cəmil Musayevə verdim”, – Teymur Quliyev bildirib.
Rayonda 43 ildir yeməkxana işlətdiyini deyən Habil Cəfərovun sözlərinə görə, obyektin sahəsini genişləndirmək istəyəndə icra hakimiyyətinin arxitektura şöbəsinin müdiri ondan icazə üçün 1500 manat pul istəyib: “Məcbur olub verdim. Ailəm, uşağım var, işləyib onları saxlamaq lazımdır”.
Bələdiyyə sədri Faiq Mehbalıyev deyir ki, dövlətin ayırdığı dotasiyanın 50 faizini icra hakimiyyətinə verirdi. Başqa bir bələdiyyə sədri Babək Kazımov isə özünün ikinci dəfə bu vəzifəyə sahib olmaq üçün 30 min manat verməsindən danışıb.
“Bələdiyyə seçkiləri qanuni yolla keçirilib, səs də toplanırdı. Lakin onun reallaşması üçün pul vermək lazım idi. Şirinlik olmasa, maneçilik törədilirdi. Baş mühasib Cəmil Musayev mənə dedi ki, yenidən bələdiyyə sədri olmaq istəyirsənsə, 30 min verməlisən. Mən də 25 min manat bir verdim, sonra icra hakimiyyətində 5 min də bir verdim. O pul çatmasa, seçilməyə qoymurdular. Biz seçilirik, amma reallaşdırmaq olmur. Ona görə məcbur olub vermişəm”, – Babək Kazımov bildirib.
Vilyam Hacıyev isə xatırladıb ki, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası keçirir. Ümumiyyətlə, seçki ilə bağlı qərarları icra hakimiyyəti yox, bu qurum verir: “İcra hakimiyyəti MSK-nın işinə müdaxilə edə bilməzdi”.
İmişli rayonunda Mədəniyyət İdarəsinin rəisi olmuş Nazim Əzimov bildirib ki, əvvəl icra hakimiyyətində baş məsləhətçi işləyib. O, Mədəniyyət İdarəsinin rəisi təyin olunmaq üçün pul verməyib. Lakin işlədiyi müddətdə idarənin təmiri üçün ayrılan 31 min 276 manat vəsaiti hesabdan götürüb, icra hakimiyyətinə verib.
Vilyam Hacıyev isə onu yalan danışmaqda ittiham edib: “Bu orucluq günlərində Allahı başının üstündə gör. Belə yalanlar uydurmağından dəhşətə gəlirəm ki, insan necə bu qədər yalan danışa bilər? Ömürboyu mən səndən dediyin məbləği nə istəmişəm, nə də almışam. Öz aranızda cinayət eləyib, yeyib-dağıtmısız, indi yalan danışırsan”.
Daha bir şahid Mütəllim Qədimov deyir ki, şəhid ailəsi kimi, oğlu ev növbəsində olub. Rayonda çoxmənzilli bina tikiləndə oradan ev vermək üçün pul istəyiblər:
“Şirinlik kimi, 10 min manat istədilər. Dedim, 10 min şirinlik olar?! Amma son nəticədə məcbur olub verdim”.
İmişli rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədov hər ay icra hakimiyyətinə 3000 manat verdiyini bildirib. Onun sözlərinə görə, əks halda, işləməyinə imkan verilməzdi.
“Qohumum Beton Zavodunda işləyirdi. Rayonda icra hakimiyyətinin sifarişi ilə bina tikilirdi. O binanın beton işini qohumuma versinlər deyə, pul vermişdik. Ayda özüm də idarə rəisi kimi 3000 manat verirdim. Çünki rayonun yiyəsi idi, yoxsa işləyə bilməzdim. Su qıt idi, camaatda narazılıq yaranırdı. Camaatı öyrədib üstümüzə salırdılar. Verməsək, işləmək qeyri-mümkün idi”, – Nizami Məmmədov bildirib.
Vilyam Hacıyev şahidlərin bir çoxunun təlimatlandırılıb məhkəməyə göndərildiyini və yalan danışdığını deyir.
Məhkəmə prosesi aprelin 4-də davam edəcək.
Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.
O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.
Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.
Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu bildirir.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi./MEYDAN TV