Turan Agentliyi “Media haqqında” qanun layihəsinin qeyri-rəsmi surətini əldə edib
Medianın İnkişafı Agentliyi “Media haqqında” qanun layihəsini parlamentə təqdim edib. Dekabrın 10-da qanun layihəsinin müzakirələrinə başlanıb.
Qanun layihəsi ötən ilin yazından etibarən qapalı rejimdə, müstəqil KİV-in və ifadə azadlığı sahəsində hüquqşünasların iştirakı ilə müzakirələr aparılmadan hazırlanırdı.
Medianın İnkişafı Agentliyi və Milli Məclis qanunu pozaraq, qanun layihəsini öz veb səhifələrində dərc etməyiblər.
“İnformasiya əldə etmək haqqında” qanunun 29 və 30-cu maddələrinə əsasən:
29.1. İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır:
29.1.10. normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan.
30.1. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar İnternet informasiya ehtiyatlarında açıqlanmalıdır.
“Turan Agentliyi “Media haqqında” qanun layihəsinin mətnini əldə edib. Bu sənədin parlamentə təqdim edilən qanun layihəsinin surəti olub-olmadığını bilmirik, belə ki, onu qeyri-rəsmi mənbələrdən əldə etdik. Amma ictimai maraq doğurduğunu və bu məsələnin əhəmiyyətini nəzərə alaraq, onu dərc etmək qərarına gəldik”, deyə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.