İlham Əliyev ŞOK GİZLİNLƏRİ AÇDI: Aprel döyüşündən sonra Vyanada otağa girən kimi mənə…

Baxılıb:1417
İlham Əliyev ŞOK GİZLİNLƏRİ AÇDI: Aprel döyüşündən sonra Vyanada otağa girən kimi mənə…

Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycana edilən təzyiqlərin və təxribatların təməlində Qarabağ amilinin dayandığını bildirib və bununla bağlı bəzi məqamları açıqlayıb.

AzTimes.az xəbər verir ki, bu barədə danışan dövlətimizin başçısı deyib: “Bizə edilən təzyiqlərin və təxribatların təməlində də bax, Qarabağ amili idi. Çünki prezidentlik dövründə, – mən bunu bir neçə dəfə demişəm, indi hələ vaxt tam yetişməyib ki, mən xalq qarşısında tam mənzərəni açım, – amma belə tezislər var idi ki, bəli, siz gərək Qarabağı unudasınız, siz gərək bu vəziyyətlə barışasınız, deməli, Ermənistanla barışasınız, əməkdaşlığa başlayasınız. Neçə dəfə təklif edilirdi ki, Azərbaycan güc tətbiq etməməklə bağlı öhdəlik götürsün öz üzərinə. Mən hər dəfə imtina edirdim, hər dəfə! Sonuncu dəfə Aprel döyüşlərindən sonra Vyana görüşündə. O vaxt məğlubiyyətdən sonra Ermənistanı dəstəkləmək üçün Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatları Vyanada tələm-tələsik bu görüşü təşkil etmişdi. Mən o görüşə gələndə artıq orada Minsk qrupunun xarici işlər nazirləri əyləşmişdilər və mənə bir protokol, yəni, bir bəyanat mətnini verdilər. Mən elə orada dedim ki, əgər bunu siz hazırlamısınızsa, bunu bir gün əvvəl, iki gün əvvəl verəydiniz. Niyə məni fakt qarşısında qoyursunuz? Mən başladım orada oxumağa. Gördüm ki, burada bizə sərf etməyən müddəalar var, o cümlədən güc tətbiq etməməklə. Mən imtina etdim. Dedim ki, mən buna imza atmayacağam. Dedilər necə? Dedim belə. Siz özünüz nə istəyirsiniz qəbul edin, mən buna imza atmayacağam. Yəni, sözüm odur, bütün təzyiqlərin təməlində bu dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili problemlərin içərisində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun. Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız, siz müharibəni uduzmusunuz, yeni müharibəni heç kim qoymayacaq, biz qoymayacağıq, qonşu ölkələr qoymayacaqlar. Bizi hədələyirdilər. Hədələyirdilər ki, müharibə başlasa, biz yenə torpaq itirəcəyik. Ermənistanın oğurluğa görə bu gün həbsdə olan keçmiş müdafiə naziri bizi hədələyirdi. Amerika da hədələmişdi. Yəni, o bunu özbaşına demişdi? Yox! Onun ağzına bu sözləri qoyanlar olub ki, biz bu vəziyyətlə barışaq, bu torpaqlardan əl çəkək, deyək ki, bəli, gəl indi Ermənistanla əməkdaşlıq edək. Mən demişdim ki, heç vaxt əməkdaşlıq etməyəcəyik, mən demişdim ki, nəyin bahasına olursa-olsun Ermənistanı iqtisadi cəhətdən çökdürəcəyik. Bütün neft-qaz kəmərləri, nəqliyyat xətləri, dəmir yolu – hamısı Ermənistandan yan keçdi. Yəni, nəhayət Ermənistanı çökdürdük. İqtisadi cəhətdən artıq bizimlə rəqabət apara bilmədi, hərbi cəhətdən apara bilmədi, müftə alsa da, yenə də o istədiyi silahları ala bilmədi. Beləliklə, Ermənistanda daxili böhran artıq qaçılmaz idi, xalq qalxmışdı, nifrət etdiyi Sarkisyan rejiminə qarşı qalxmışdı və dəyişiklik oldu. Mən o vaxt demişdim, bəli, o dəyişiklikdə bizim əlimiz olub, əlbəttə ki, birbaşa yox. Biz yalan danışmamalıyıq. Bizim birbaşa yox, amma dolayısı ilə. Əgər Ermənistan inkişaf edən ölkə olsaydı, xalq ayağa qalxardı? Əlbəttə ki, yox. Ona görə, bu hakimiyyət dəyişikliyində bizim rolumuz kifayət qədər böyük idi. Mən deyirdim ki, bizim hədəfimiz nəyin bahasına olursa-olsun, torpaqların azad edilməsidir və biz ölüm savaşına çıxdıq, bunu hər kəs bilir. Çünki kim deyə bilərdi ki, hansı ölkə necə hərəkət edəcək. Mən bu qarantiyanı verə bilməzdim. Biz faktiki olaraq ölüm-dirim savaşına çıxmışdıq, yəni, ya ölüm, ya olum, vəssalam, qurtardı. Daha səbrimiz tükənmişdi.


Abunəlik