YAP-da vəzifəsiz qalanlar: Komitə sədri, nazir müavini, millət vəkili, icra başçısı (SİYAHI)
Xəbər verdiyimiz kimi, dünən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Nəticədə YAP-ın Binəqədi, Xətai, Nizami, Qaradağ, Yasamal, Nəsimi, Səbail rayon təşkilatının sədrləri seçilib.
AzTimes.az-ın əldə etdiyi məlumata görə, YAP-ın sözügedən rayonlar üzrə yaxın günlərdə yeni sədr müavinləri də təyin ediləcək. YAP-ın Mərkəzi Aparatının bu məsələlərlə bağlı nizamnaməsi hazırlanır və yaxın günlərdə yeni sədr müavinləri də təyin olunacaq.
Sözügedən rayonlar üzrə sədr müavini vəzifəsini itirənlər arasında ictimaiyyət arasında tanınan vəzifəli şəxslər də var.
Səhiyyə Nazirinin müavini Elsəvər Ağayev – 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, partiyanın Nəsimi rayon təşkilatının sədr müavini vəzifəsində çalışıb. Yeni qərara əsasən o, bu vəzifəsini itirib və növbəti dəfə sədr müavini seçilməyəcək.
Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov 2017-ci ildən YAP Binəqədi Rayon Təşkilatının sədr müavini idi. Yeni qərarə əsasən, o da YAP-da bu vəzifəsini itirib. H.Əsgərov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun qardaşıdır.
Bununla belə, sözügedən rayonlarda sədr müavini vəzifəsini itirənlər arasında icra başçıları və millət vəkilləri də var.
Həmçinin YAP-ın Mərkəzi Aparatında vəzifəsini itirənlər arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və millət vəkili Aydın Mirzəzadə də var. Onlar yenidən YAP Mərkəz Aparatının rəhbərliyində təmsil olunmayacaqlar.
M.Qurbanlı partiyanın uzun illər icra katibinin müavini olub və 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP İdarə Heyətinin üzvü seçilib.
Millət vəkili Aydın Mirzəzadə 2015-ci ildən YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri olub.//Qaynarinfo