Əks-göstəriş sertifikatı almağa gedən anaya pediatrdan-“Get südü kəs!”
Bildiyimiz kimi, süd verən analara koronavirus əleyhinə peyvəndin vurulması tövsiyə edilmir. Bu səbəbdən də həmin şəxslərə əks-göstəriş sertifikatı verilməlidir. Bununla bağlı nazir müavinin imzası olan sənəd də var.
AzTimes.az xəbər verir ki, əks göstəriş sertifikatı almaq üçün Bakıdakı Səbail rayonu, Bayıl qəsəbəsi 15 saylı poliklinikaya müraciət edən Könül Orucova deyir ki, 1 sentyabr 2021-ci il tarixində ana südü ilə qidalandırma dövründə əks-göstəriş sertifikatı almaq üçün 1 yaş yarımlıq qızı ilə birlikdə Səbail rayonu, Bayıl qəsəbəsi 15 saylı poliklinaya gedib: “İlk öncə pediatr Səadət Abdullayevanın otağına yaxınlaşdım. Saat 9-dan tez olduğu üçün gözləməyimizi istədilər. Daha sonra baş həkimin müavini Aytən Səmədovanın yanına göndərdilər.
Nə üçün gəldiyimi soruşdu. Bildirdim ki, süd verən analar üçün əks-göstəriş sertifikatı almağa gəlmişəm. Uşağın yaşını soruşdu, dedim 1 yaş yarım. Səbəbsiz yerə güldü… Və dedi ki, biz 1 yaşdan yuxarı uşaqların analarına əks-göstəriş sertifikatı vermirik. Qeyd etdim ki, nazir müavinin imzaladığı sənəddə yaş məhdudiyyəti yoxdur. 0-3 yaş arası uşaqlarda südvermə dövrü hesab olunur. Razılaşmadı. Nə qədər söhbət etsək də, bir nəticə hasil olmadı.
Daha sonra uşağın ana südü ilə qidalanmasından əmin olmaq üçün məni yaş yarımlıq qızımla birlikdə pediatrın otağına apardılar. Uşağı əmizdirdim baxdılar. Dedilər ki, əmmək yetərli deyil, əlinizlə sağın görək süd gəlirmi? Dediklərini etdim, normal şəkildə süd gəldi. Hətta az sonra süd necə sürətlə çıxdısa, həkimin üstünə sıçradı və stolun üstündəki sənədləri də islatdı. Qane olmadılar ki, olmadılar. Yenə dedilər yox, süd azdır. Sənin südün fontan vurmalıdır. Heç cür razılığa gələ bilmədik.
Və axırda baş həkim Rauf Mahmudovun otağına getdim. Baş həkim də uşağın yaşını soruşdu. Dedi ki, uşağa süd 1 yaşına kimi verilməlidir. Bir yaşından sonra süd vermək uşağa ziyandır. Dedim, necə yəni baş həkim, nəyə ziyandır axı? Qeyd etdim ki, elə bir neçə gün bundan öncə ölkənin baş pediatrı Erkin Rəhimov açıqlamasına qeyd etdi ki, uşaqları 2 yaşına kimi ana südü ilə qidalandırın. Ana südünün uşaq üçün nə qədər faydalı olduğu hamımız bilirik axı.
Baş həkim R.Mahmudov qeyd etdi ki, 1 yaşdan sonra süd əmmək uşağın ağız quruluşuna ziyan vurur. Mənə dedi ki, get uşağı süddən kəs şirinçay ver, sənin verdiyin 10 qram südün ona heç bir xeyri yoxdur. Uşağa kaşa, şirinçay ver. Dedim, şirinçay uşağa ziyandır axı. Mənim qızım bir az şirin yeyən kimi üzündə, bədənində səpgilər yaradır. Dedi, onda kəmşirin elə ver. Baş həkimlə də heç cür razılığa gələ bilmədik. Bizə dedi ki, gedin özünüz xüsusi komissiyaya yaxınlaşın, biz sizə heç cürə arayış verə bilmərik. Dedim bəs məndən öncəki günlərdə bir neçə nəfərə arayış vermirsiniz, bu necə olur? Bütün verdiyim bu suallara bir məntiqli cavab gəlmədi…
Əgər qaydalarda hər hansı dəyişiklik varsa, rəsmi şəkildə göstərilsin və hər kəs də məlumatlı olsun”. (E.sağlam.az)