Türkiyə yanır: niyə ekoloji terror, niyə indi və hədəflər nədir?
Türkiyədə davam edən yanğınların mümkün nəticələrini analiz etdikdə AKP iqtidarına qarşı daxildə ciddi problemlərin təməlinin atıldığı görünür:
– Türkiyənin əsas gəlir mənbələrindən olan turizm sektoruna bu mövsüm böyük ziyan vuruldu: turistlər üçün təhlükəsizlik amilinin önəmini nəzərə alsaq, bunun təsirləri növbəti mövsüm(lər)də də olacaq;
– Evlərini, doğmalarını, varını-yoxunu itirən insanlarda hakimiyyətə qarşı qəzəb artacaq;
– Dəymiş ziyanın ödənməsi üçün dövlətə böyük vəsaitlər lazımdır: turizm sektorundan azalan gəlirlər fonunda bu, ikiqat çətinləşir;
Burada “Röyters” agentliyinin yanğınların başlanmasından təxminən iki həftə öncə yayımladığı analiz diqqət çəkir. Agentlik Ərdoğan hökumətinin ardarda seçkiləri qazana bilməsinin əsas səbəbinin iqtisadi inkişaf olduğunu, lakin son illər bu inkişafın sürətlə azadlığını və qarşıdakı dövrdə daha da çətinləşəcəyini yazır.
Ərdoğanın Davosu tərk etməsindən sonra Türkiyənin xarici siyasət açılımları, Qərb qarşısında mərkəzdən qaçma addımları özü ilə iqtisadi problemlər gətirdi. 2013-cü ildən sonrakı dövr sınma nöqtəsi idi: Gəzi hadisələri, FETÖ-nün 17-25 dekabr əməliyyatları, 15 iyul çevriliş cəhdləri və s.
Bütün bunlar Türkiyə iqtisadiyyatına xarici müdaxilələri artırdı və zəifləməsinə səbəb oldu: 2013-cü ildən indiyə qədər türk lirəsi dollar qarşısında 75 faiz dəyər itirib;
Baş verənləri anlamaq üçün yanğınlardan öncə Türkiyə daxili siyasətinin gündəminə baxmaq lazımdır: müxalifət erkən seçki tələbini gündəmə gətirir, “iqtisadi vəziyyətin ağırlaşması seçkiləri yaxınlaşdırır, iqtidar 2023-cü ilə qədər dirənə bilməyəcək” proqnozunu verir, iqtidar fors-major situasiya olmasa seçkilərin 2023-cü ildə keçiriləcəyini açıqlayır.
İqtisadi itkilər, daxili narazılıq yaradacaq yanğınlarla seçkilər (erkən, yaxud 2023-cü ildə olsa belə) arasında hansı əlaqələr ola bilər?
Birincisi, vəziyyətin ağırlaşması erkən seçki tələbini aktuallaşdıra və belə mənzərədə seçkilərə getmək AKP iqtidarının itirməsi ilə nəticələnə bilər: yanğınların seçkilərin önə çəkilməsi üçün fors-major situasiyanın yaradılması məqsədi daşıdığı ehtimalı önə çıxır;İkincisi, iqtidar erkən seçkiyə getməsə belə yanğının vurduğu ziyan 2023-cü ildə AKP hakimiyyətini çətinə sala bilər: yanğının önümüzdəki illərdə də iqtisadiyyata mənfi təsir göstərəcəyi gözləniləndir və istisna deyil ki, erkən seçimə nail ola bilməyən güclər 2023-cü ilə hazırlıq görür;
Yanğınların ekoloji terror olduğu şübhəsizdir və sual yaranır: niyə ekoloji terror?:
1. Əsas plan iqtisadi zərbə və etirazın yaradılmasıdır;
2. Türkiyə cəmiyyətinin iqtidar ətrafında birləşməsi ilə nəticələnən klassik terror hücumlarından fərqli olaraq, ekoloji terror xalqın hakimiyyəti qınamasına səbəb olur və təbii fəlakətlərdə əsas gündəm “hökumət işləyə bilmədi” ittihamıdır;
3. Türkiyə dövlətinin terrora qarşı mübarizəsi, PKK-nın “belini qırması” hücumları tamamilə sıradan çıxarıb və indi silahla, yaxud partlayıcı maddələrlə aktlar törətmək çətindir;
4. PKK-nın arxasındakı güclər bununla həm Türkiyəyə mesaj verir, həm də terror təşkilatından xeyli uzaqlaşan kürdlərə “PKK-nın hələ də güclü” olduğunu göstərir;
Yanğınların davam etdiyi vaxt iki məsələ qarşıdakı dövrdə Türkiyəyə qarşı digər hücum hansı istiqamətlərini də təxmin etməyə imkan verir:
– Əfqanıstandan gələn miqrantlar: Suriyadan gələnlərdən sonra əfqanların da axın etməsi hakimiyyətə qarşı ciddi narazılığa səbəb olur və iqtisadiyyatın pisləşməsinin səbəbkarı kimi göstərilir; əfqanların gəlişi AKP hökumətinə qarşı daxili narazılığın körüklənməsi üçün istifadə ediləcək;
– Konyada bir ailənin 7 üzvünün qətlə yetirilməsinin türk-kürd toqquşması kimi təqdim edilməsi: bu, Ərdoğan hökumətinin böyük ölçüdə qarşısını aldığı etnik qarşıdurmanın yenidən körüklənməsi və kürdlərin yenidən dağlara çıxaraq, PKK-ya qoşulmasına hesablanıb və bu səpkili hadisələrin davam edəcəyi istisna deyil;
Hədəf 2023-cü il – Yeni Türkiyədir.
Asif Nərimanlı /AzTimes.az/