MTK sədri Bakının mərkəzində bina tikib və ölkədən qaçıb…

Baxılıb:455
MTK sədri Bakının mərkəzində bina tikib və ölkədən qaçıb…

Bakının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 30 ünvanında yerləşən bina sakini Damət Ağakişiyev redaksiyamıza müraciət edib. Sakin qeyd edib ki, 2006-cı ildən yaşadığı binanın inşasını həyata keçirmiş “Aslan” MTK” ona və binada yaşayan digər sakinlərə verilən vədlərin heç biri yerinə yetirməyib: ““Aslan” MTK 2004-cü ildə bu ərazini Bakı şəhər İcra Hakimiyyətindən alsa da, burada tikinti aparılmasına icazə sənədi ala bilməyib. Buna rəğmən ərazidə 18 mərtəbəli bina tikilib və vətəndaşlara satılıb. 2006-cı ildə 40500 ABŞ dollar pul ödəyərək, mən də binadan ev almışam. Müqaviləyə əsasən, bizə ümumi sahəsi 81 kvadratmetr olan mənzil veriləcəyi qeyd edilmişdi. Lakin sonradan bildik ki, ev faktiki olaraq 64 kv-dir. Müqavilədə həm də göstərilmişdi ki, giriş qapısı seyf qapı olacaq, binanın fasadı təmir ediləcək, order veriləcək, bina qazla təmin ediləcək və bütün texniki şərtlərə əməl olunacaq. Lakin bu günə qədər bu məsələlər öz həllini tapmayıb. Üstəlik bina icazəsiz tikildiyi üçün dövlət qeydiyyatına alınmır və biz sakinlərə “kupça” verilmir”. Bu azmış kimi biz sakinlərdən Tarif Şurasının tətbiq etdiyi qiymətlərdən 5-6 dəfə artıq kommunal xərclər alınıb”.

Şikayətçi qeyd edib ki, binanı tikən sahibkar, “Aslan” MTK-nın sədri Abbasov Fərhad Gülbaba oğlu 2010-cu ildə Azərbaycanı tərk edib və sakinlər çıxılmaz vəziyyətdə qalaraq, hara müraciət edəcəklərini bilmirlər: “Qeyd olunan faktlar barədə “Aslan” MTK-nın qanuna zidd əməllərinə görə 2008 ci ildə Prokrorluğun Ağır Cinayətlərə dair İstintaq idarəsində və 2012 ci ildə Nəsimi rayon Prokroluğunda araşdırmalar aparılsa da sonradan  məlum olmayan səbəbdən iş ört-basdır olunub.

2017 ci ildə Nəsimi rayon Prokroluğuna, Nəsimi RPİ-nə, Bakı şəhər Prokurorluğuna və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə cinayət işinin başlanması üçün müraciətlər etmişəm. Lakin bu müraciətlərin də bir nəticəsi olmayıb. 

“Aslan” MTK-nın sədri Fərhad Abbasov 2010-cu ildə Azərbaycanı tərk edib. Deyilənə görə, onun bir neçə ölkə vətəndaşlığı var və hazırda İspaniyadadır. İllərdir ki, sakin olaraq pozulan vətəndaşlıq hüququmuz bərpa olunmur. Aidiyyəti qurumlar da bu məsələyə biganə yanaşır. Hətta bir dəfə bütün bu haqsızlıqlara dözməyərək, yaşadığım binanın damına çıxaraq, intihara cəhd etmişəm”.

Qeyd edək ki, şikayətlə bağlı qarşı tərəfin də rəyini öyrənməyə çalışsaq da, cəhdlərimiz boşa çıxdı. Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 


Abunəlik