Ayağını itirən qaziyə əlillik düzgün təyin edilməyib? – Rəsmi açıqlama
AzTimes.az xəbər verir ki, Neftçala rayonundan həqiqi hərbi xidmətə çağırılmış 19 yaşlı qazi Həsənov Murad Teyyub oğlu Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı minaya düşərək bir ayağını itirib. Ona 3-cü qrup əlillik təyin edilib və vətəndaşlar məlumatı paylaşaraq tənqidedici fikirlərini bildiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə aydınlıq gətirib. Qurumun Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, əlilliyin təyin edilməsi Nazirlər Kabinetinin qəbul etdiyi normalara uyğun həyata keçirilir:
“Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşın amputasiya olunmuş ayağı dizdən aşağıdırsa, 3-cü qrup, dizdən yuxarıdırsa, 2-ci qrup, hər iki ayağı amputasiya olunubsa, 1-ci qrup əlil sayılır. Bu baxımdan vətəndaş Murad Həsənovla bağlı əlilliyin təyin edilməsi tam qanunidir”.