18 nəfərin Yasamaldakı Şəhidlər Xiyabanında dəfn olunması böyük problemlər doğura bilər – Aslan İsmayılov

Baxılıb:170
18 nəfərin Yasamaldakı Şəhidlər Xiyabanında dəfn olunması böyük problemlər doğura bilər – Aslan İsmayılov

“Bu problemin nə qədər həssas, ağrılı olduğunu və bundan çirkli məqsədlər üçün istifadə edildiyini də bilirəm. Ancaq bir daha bu mövzuya qayıtmağı özümə borc bildim. Bəri başdan deyirəm ki, kimsənin şəhid ailələrini hansısa oyunlarda iştirak etməkdə ittiham etməyə haqqı yoxdur. Bunu edənlərdə isə ya ağıl, ya da vicdan yoxdur. Heç bir ata-ana iki aydan sonra balasının ruhunun inciməsini, adlarının qalmaqallı müzakirələrdə hallanmasını, oldu ki, yenidən qəbirdən çıxarılıb başqa yerdə dəfn olunmasını istəməz. Demək, buna əsaslı səbəblər var”.

Aztimes.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Bir şəhid anasının qışın oğlan çağında balasının qəbrinin üstünə yığılmış suyu başına tökməsinə səbəbkar olanlar dar ağacından asılmalıdır desəm, o da azdır. Neçə gündür ki, sosial şəbəkələrdə müzakirə mövzusu olan qəbirstanlıqda şəhidlər ən azı iki ay bundan əvvəl dəfn olublar. Deməli, bu gün şəhid valideynlərinin etirazlarının səbəbi birdən birə, bir-iki günə yox, ən azından iki aydır ki, mövcud olduğu şübhəsizdir. Nə üçün iki aydır ki, mövcud olan bu problem bu günə qədər həll olunmayıb, bir həftəyə bir kvartal söküb-tikənlər, kilometrlərlə yolu qaşıyıb yenidən döşəyənlər, mərmərdən bordyur düzəldənlər, Prezident yoldan keçəndə görəcək deyə bir həftəyə çoxmərtəbəli binanı üzləyənlər və s. işləri görənlər iki aydır ki, bu günlər cəmiyyətə təqdim etdikləri qəbirstanlıq layihəsini başa çatdırmayıblar? Heç kim “bacarmayıblar”, yaxud “çatdırmayıblar” deməsin. Hansısa iribuynuzlu məmura, yaxud ailəsinə lazım olsa ondan da böyük həcmli işi iki aya yox, iki həftəyə ən yüksək səviyyədə çatdırardılar. Baş verənlərin bircə səbəbi var. Məmur harınlığı, cəzasızlıq mühiti, şəhid və ailələrinə olan sayğısızlıq. Əgər yerli icra hakimiyyətinin əməkdaşları dəfn günündən etibarən şəhid ailələrindən xəbərləri olsa, onlarla maraqlansa dərhal problemi bilərdi və həll edərdi. Bu gün hamımızın gördüyü məzarlıq o vəziyyətdə olmazdı, nəzərdə tutulan abadlıq işləri çoxdan yekunlaşmışdı, qəbirləri də su basmazdı. Görünən isə odur ki, həmin məzarlıq başdansovdu, heç kimi maraqlandırmayan bir iş kimi görülüb. Bu günə qədər bir dəfə də səlahiyyət sahiblərinin həmin şəhid ailələri ilə səmimi söhbətinin şahidi olmamışam. Əminəm ki, məzarlıq abadlışdırılmış olsa, şəhid valideynlərini sayıb, hər birinə hörmətlə izah etsəydilər ki, Yasamaldakı şəhidlər Xiyabanı salınanda Vətən Müharibəsinin nə qədər davam edəcəyi, şəhidlərimizin sayı bilinmədiyindən hər rayonda Şəhidlər Məzarlığı salınıb, bu günlər gördüyümüz ağır mənzərənin şahidi olmazdıq. Həm də bu gün 18 nəfərin Yasamaldakı Şəhidlər Xiyabanında dəfn olunması da böyük problemlər doğura bilər və başqa rayonlarda dəfn olunmuş şəhidlərin valideynləri də haqlı olaraq eyni tələbi irəli sürə bilərlər və bu da yer baxımından mümkün olmayacaq. İstənilən halda bu gün hər şey şəhid ailələrinə hörmət, onların razılığı ilə həll edilməlidir və bu gün baş verənlər hamı üçün dərs olmalıdır. Bütün vəzifə sahibləri bilməlidir ki, onların ilk işi şəhid ailələrinə hörmət və qayğı olmalıdır” – Hüquqşünas vurğulayıb.(Pravda.)


Abunəlik