Sabirabad İH-dən növbəti qanunsuz əməl: Qazini çağırıb… – ŞİKAYƏT
Sabirabad Rayon İcra Hakimiyyətindən məni çağırıb bildirdilər ki, verdiyim açıqlamanı geri götürüb, məsələnin həll olunduğunu bildirim.
AzTimes.az xəbər verir ki,bu sözləri Azadinfo.az-a Sabirabad rayon sakini, Birinci Qarabağ döyüşlərinin iştirakçısı Məmmədova Gülnaz Fətulla qızı bildirib.
O qeyd edib ki, rayon icra hakimiyyətinin Sektor müdiri-baş mühasib Hacıəli İsmayılov onunla görüşərək, mətbuata açıqlama verməsini tələb edib:
“Hacıəli müəllim məni yanına çağırdırıb, dedi ki, dediyim sözləri geri götürüb, icra başçısı Siraqəddin Cabbarovla barışdığımı bildirim. Guya Siraqəddin müəllim mənim problemlərimi həll edib. Mən bununla razılaşmadım və problemlərimin həllində onlardan kömək istədim. O isə mənim şikayətlərimin bir nəticəsi olmayacağını, nə edəcəmsə, özümə ziyan dəyəcəyini bildirdi.
Mən dövlətimdən kömək istəyirəm, qalmışam küçələrdə. Mənim kimləsə dərdim yoxdur”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Sabirabad Rayon İcra Hakimiyyətinin Sektor müdiri-baş mühasib Hacıəli İsmayılov sözügedən iddiaların əsasız olduğunu bildirib:
“Mənim Gülnaz Məmmədova ilə görüşdüyüm doğrudur, lakin mən ona Siraqəddin müəllimlə bağlı dediyi sözləri geri götürməsi haqda heç nə deməmişəm. Həm bunu niyə edim? Desəm belə, bilirəm ki, o, bunu etməyəcək.
Məlumat üçün qeyd edim ki, icra hakimiyyəti tərəfindən ona 300 manat məbləğində köməklik olunub”.
H. İsmayılov G. Məmmədovanın Siraqəddin Cabbarovun onu təhqir edib, döyməsi iddiasına da münasibət bildirib:
“Bu da yalandır. Onu Siraqəddin müəllim nə təhqir edib, nə də əl qaldırıb. Bu, tamamilə yalandır”.
Qeyd edək ki, bir neçə gün əvvəl saytımıza müraciət edən Birinci Qarabağ müharibəsinin qazisi Məmmədova Gülnaz Fətulla qızı dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət etməsinə baxmayaraq, ona heç bir köməkliyin olunmadığını, hətta İH-nin başçısı Siraqəddin Cabbarov tərəfindən təhqir olunduğunu bildirmişdi.
Sözügedən məsələ sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib, insanlar tərəfindən tənqid olundu.