“Два manat 34 qəpik” qəbzinə RƏSMİ AÇIQLAMA – FOTO

Baxılıb:515
“Два manat 34 qəpik” qəbzinə RƏSMİ AÇIQLAMA – FOTO

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “Azərpoçt” MMC-yə irad bildirib.

AzTimes.az xəbər verir ki, buna səbəb deputata “Azərpoçt” MMC-nin poçt şöbələrinin birində yarı rus, yarı Azərbaycan dilində çap edilmiş qəbzin təqdim olunmasıdır.

“Bu ödəniş bildirişi “Azərpoçt” MMC-də vətəndaşlara verilən qəbzlərdən bir nümunədir. Müəssisə, doğrudan da, “yüksək texnologiya” nümayiş etdirərək qurama bir dil icad edib.

30 ilə yaxın müstəqil olan bir dövlətin poçtları özlərini niyə bu gülünc vəziyyətə salırlar, anlamaq olmur. Bəlkə, Azərbaycana məxsus olduqları hələ poçt işçilərinə və onların böyüklərinə çatmayıb? “Əməliyyatın növü: письмо” və ya “Два manat 34 qəpik” hansı texnologiya ilə icad edilmiş dildir. Poçt işçiləri dövlət dilimizə niyə sayqısızlıq edirlər?” – deyə Sabir Rüstəmxanlı Facebook səhifəsində yazıb.

Məsələyə münasibət öyrənmək üçün “Azərpoçt” MMC-yə müraciət etdik və belə bir qəbzin necə çap olunmasını aydınlaşdırdıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, “Azərpoçt” MMC-nin poçt şöbələrində tətbiq edilən xidmətlər Rusiyanın “Colvir” əməliyyat sistemi vasitəsilə həyata keçirilir: “Sistemdə daim, mərhələli şəkildə yeniliklər edilir. Adətən müşahidə olunan texniki problem sistemdə tətbiq edilən növbəti yenilənmə zamanı baş verir.

Qeyd edək ki, əməliyyat sistemi fasiləsiz olaraq çalışır. Bu halın bir daha təkrarlanmaması istiqamətində əməkdaşlarımız tərəfindən müvafiq işlər aparılır”.(BAKU.WS)


Abunəlik