Əxlaqsızlığa aparan yollar – Lüks həyat yoxsa ehtiyac – ETİRAFLAR
Elə olur ki, kiminsə hərəkətləri bizə xoş gəlmir, onu qınamağa başlayırıq. Bəlkə elə düşdüyü vəziyyət onu bu yola ayaq basmağa vadar edir. Amma həyatda elə nöqtələr var ki, yürüyərkən onu heç cür tapdalamaq olmur. Kimi yaşadıqca özünə bu tabuları qoyur, onları keçmir, kimi ömrünü doğruları üzərində yaşamağı seçir, bəziləri isə nəfsi üçün hər şeydən keçməyə hazır olur.
Onların bir adı var həyat qadını… Bilmirəm, bu ad haradan yaranıb. Bəlkə bu qadınlar yataqda hansısa kişiyə həyat bəxş edir, onun ac qalan kişilik qürurunu doyuzdurur. Bəlkə elə onların özləri həyatdır…
Onlar həyatın oynadığı acımasız taleyi bəzən özləri seçir, bəzən isə elə həyat onlara gözlənilməz hədiyyə edir.
Müsahibədən əvvəl bir neçə seks xidməti təklif edən qadınla söhbətləşdim. Mənə maraqlı idi, axı qadını nə vadar edir, bu yola düşməyə? Beynimdə suallar məni bir çox yerlərə çəkib apardı. Danışdığım cavan qızlar lüks həyat arzusunda olublar uşaqlıqdan. Kasıblıq içində böyüyən bu qızların yolu elə Bakıda kəsişib.
Onlar öz gözəllikləri ilə indi fəxr edirlər. Ancaq illər keçəcək, gözəlliklərinin onları həyatın çirkabına sürüklədiyini anladıqları yaşa, vəziyyətə gəlib çıxacaqlar.
Söhbətimiz başlayır:
-Neçə yaşınız var?
-21 mənim, rəqfiqəmin 22.
-Neçə ildi bu işlə məşğulsunuz?
-5 ildi.
-Bu 5 ildə həyatında neçə kişi olub?
-Mən bir gecəlik kişilərin hesabını aparmıram.
-Lüks həyat deyirsiz, bu əbədi olan bir şey deyil. Bu gün var, sabah yox. Hansısa məbləğ qarşılığında özünü satırsan.
-Ac qalmaqdan, kiməsə möhtac olmaqdan yaxşıdı.
O, boyalı uzun dırnaqlarını tez-tez saçlarında gəzdirir. Digəri isə acgözlüklə mütəmadi saatına baxır. Mənimlə üzbəüz oturan qız elə hey qısa ətəyini dartışdıra-dartışdıra qalıb. Çox gözlətmirəm:
-Heç bu 5 ildə döyülmüsən?
-Olub, hətta bir dəfə polisə də müraciət etmişəm.
-Ondan sonra da bu işdən əl çəkmək fikrin olmayıb?
-Yox, o hər dəfə olan iş deyil. Olur 100 dəfədən bir manyaka rast gəlmək olur. Buna görə pul qazanmaqdan əl çəkim?
-Hm. Bəs, bir az yaşlaşandan sonra nə edəcəksən? Bu dediyin xidmət əbədi deyil. İstəməzsən öz ailən, övladların olsun?
-Kim istəməz axı.
-Bəs heç kəsə lazım olmayanda nə edəcəksən?
Bu sualım cavabsız qalır. Öz nəfslərinə qurban edilən bu cür qızlar, uşaqlıqdan seriallarda gördükləri kadrları həyatda gerçəkləşdirmək üçün, dəridən-qabıqdan çıxırlar. Bu danışdığım iki qız lüks, avtomobil, ev sahibi olmaq üçün həyatda həyat qadınına çevriliblər….
İkinci müsahibimin həyatı isə tamam başqa olub. 32 yaşlı bu tənha qadını da ehtiyac bu yola sürükləyib. Ancaq digərlərindən fərqli olaraq bu ehtiyac kef, əyləncə olmayıb. O biri müsahiblərimdən hirsli olduğum üçün elə Vəfa (ad şərtidir) ilə söhbətimi bir az sərt başlayıram.
-Məğər, təhsili olmayana başqa iş yoxdur? Məncə siz bunu səbəb göstərib, etdiyiniz əməlinizə haqq qazandırmaq istəyirsiz. O qədər peşələr var ki? Qabyuyan, ofisant, bərbər? Bəlkə haqsızam?
Vəfa əvvəl mənə baxır, nəsə demək istəyir, ancaq susur. Görünür, deyəcəyi istənilən sözə inanmayacağımı sanır.
-Haqlısız, bir qızım var, uşaq evindədi. Həftədə 1 dəfə yanına gedirəm, bacardığımı aparıram. Mən onun üçün yaşayıram.
-Qızınız layiqdirmi sizin bu yaşadığınız həyata? Feministlər kimi azad seks, içki deyirsiz?
-Yox, əsla. 12 yaşımda atam xərçəng xəstəliyindən dünyasını dəyişdi. Mən və balaca qardaşım qaldıq. Anam isə bir ildən sonra, nənəmgilin basqılarından, əmilərimin zorakılığından intihar etdi. Yadımdadır, neçə dəfə atasıgilə qayıtmaq istədi, nənəm qoymadı, ondan sonra anam tövlədə özünü asdı.
Biz uşaq evinə düşdük, qardaşım vəfat etdi. 15 yaşında nənəm xəstələndiyi üçün məni kəndə geri gətirdilər. Günlərlə mənə yemək verməyib, işlədirdilər. Nənəm öldükdən sonra əmilərimin zorakılığına möhtac qaldım.
-Bu, əxlaqı satmaq üçün səbəbdirmi?
-Siz məni mühakimə edirsiz.
-…
-Daha sonra 18 yaşımda qonşu kənddən bir nəfərə zorla ərə verildim. O isə toyun səhəri qız deyiləm deyə məni əmimgilə qaytardı.
-Səbəb vardı?
-Yox, əsla. Oğlanda olan xəstəliyi mənim üzərimə yıxdılar. Bu xəbər ildırım sürəti ilə kənddə yayıldı. Əmimgil məni 2 gündən sonra evdən qovdular. Yenə uşaq evinə qayıtmaq istədim, ancaq o yaşda alınmadı. Daha sonra xadimə də işlədim, aşpaz da, ancaq alınmadı.
-Uşaq kimdəndir?
-Kafelərin birində çalışanda bir kişi ilə tanış oldum, avam ağlımla aldandım. Evlənəcəyik düşünmüşdüm, ancaq o getdi, uşaq qaldı. Bir dəfə kafemiz polis basqınına məruz qaldı, məni də tutub o qadınların gözünə qatdılar.
-Bilmirdiz harada çalışırsız?
-Bilirdim, ancaq başqa kafelər günə 15-20 manat verirdilər, burada 50 manat alırdım.
-Yenə pul?
-…
– Döyülmüsən heç?
-O qədər olub. Bir dəfə bir müştəri məni dəniz sahilinə apardı, fevral ayı idi. Məni suya girməyə məcbur etdi, girməsəydim əlindəki silahla vuracaqdı. Qorxumdan dənizə girdim, düz 1 saata yaxın soyuq suda qaldım. Ondan sonra 1 ay yataqdan qalxa bilmədim. O ərəfədə sayıqlayanda tez-tez anamı görürdüm, mənə ovucunda su içirdirdi.
-Heç insan adama rast gəlmədin? Filmlərdə bəzən kişilər müştəriləri olduqları qadınlara vurulurlar.
-O filmdir.
-Heç bir dəfə də aşiq olmamısan?
-Olub, ancaq müştərilərim olmayıb. Bu barədə danışmasaq yaxşıdı.
-Nə zamana qədər bu işə davam edəcəksən? Övladın haqqında nə planın var?
-Hm… Bunu zaman göstərər. Ancaq görürəm məni qınayırsız, hər şey siz düşündüyünüz kimi deyil.
– Bəs necədir? Vəfanın həyatı necədir? Hansı rəngləri var?
– Boz, bir də qəhvəyi. Bu rənglər isə qara fonun üzərində çəkilən naxışlardır…
Vəfadan ayrılıram, yenə düşünürəm. Bir qadını nə məcbur edir bu yola düşməyə? Nə əvvəldə, nə də axırda mən bu suala cavab tapa bilmədim…
Bizim.Media.