Əhmədzadə milyonları necə xırıd edir… – FAKTLAR…

Baxılıb:269
Əhmədzadə milyonları necə xırıd edir… – FAKTLAR…

Bu ilin 8 ayında verilən sərəncamlarla 358 kənddə 441 subartezian quyu qazılmalıdır

Çoxunun yadında olar, 10 il qabaq paytaxta Oğuz-Qəbələ-Bakı su kəməri çəkildi. Bu kəmərin açılışını bildirən qurğunu Prezident İlham Əliyev işə saldı. Sonra da ətrafdakı məmurların alqışları altında çıxış elədi. Bu kəmərlə Bakının su probleminin, demək olar, həll edələcəyini, əhalinin fasiləsiz suyla təmin olunacağını dedi.

Oğuz-Qəbələ-Bakı kəməri Azərbaycana 780 milyon manata (1 milyard dollar) başa gəldi. Bakının su probleminin həll edilməməsi bir yana, suyun mənbəyində – Oğuzda və Qəbələdə bu kəmərin çəkilişiylə ciddi su qıtlığı yarandı. Hələ o vaxt ekoloqlar, QHT-lər həyəcan təbili çalır, bu su xəttinin ekoloji fəlakətə yol açacağını deyirdi. Artıq neçə ildir orda da əhali susuzluq acısı yaşayır. 10 il qabaq çəkdiyi bahalı kəmərlə Bakının su problemini həll edə bilməyən hökumət regionlar üçün bir neçə 10 illik əlavə problem yaradıb.

Demək olar, bütün ölkə susuzluqdan əziyyət çəkir. İndi də subartezian quyuların qazılmasıyla bağlı bir-birinin ardınca verilən sərəncamlarla vəziyyətdən çıxış yolu arayırlar.

İlin başlanğıcından – yanvarın 7-dən startı verilən sərəncamlarla Meliorasiya və Su Təsərrüfatı ASC-yə pullar ayrılır. 1 milyard dollara suyunu Bakıya çəkdikləri Oğuzun 9, Qəbələnin 10 kəndində subartezian quyuları qazılmalıdır. İndiyə qədərsə müxtəlif rayonlarda subartezian quyularının qazılmasıyla bağlı 26 sərəncam verilib. Quyularının qazılmasına 30 milyon 636 min manat, arxlar qazılması və təmizlənməsinə 13 milyon 907 min manat, eyni məqsəd üçün Naxçıvan Nazirlər Kabinetinə 1 milyon manat (neçə quyu qazılacağı göstərilməyib) ayrılıb. Demək olar, bütün rayonlarda iş gedir. Oğuz-Qəbələdə çətinlik həm də ondadır ki, geoloqlar su tapa bilmir. Oğuz-Qəbələ-Bakı su kəməri üçün qazılan 120 quyu (150 metr dərinlik) torpağın şəhdini-şirəsini çəkib… Ona görə daha dərinliklərə baş vurmalı olurlar.

Maraqlıdır ki, Meliorasiya və Su Təsərrüfatı ASC-yə subartezian quyuların qazılmasıyla bağlı ayrılan pullar standartdır; hər bir quyu 70 min manat. Niyəsini, yəni bir quyunun qazılması üçün detallı xərci öyrənmək istəyi ilə ASC-yə yolladığım sorğuya da cavab verən yoxdur. Bəzi mütəxəssislər regiondan asılı olaraq bir quyunun qazılmasının 25-30 min manata başa gəldiyini deyir.

Daha bir maraqlı məqam eyni məqsədlə “Azərsu”ya ayrılan məbləğdir. Avqustun 12-də verilən sərəncamla 15 rayonda 24 subartezian quyu qazılması üçün prezident “Azərsu”ya 756 min manat ayırıb. Hər bir quyunun qazılması “Azərsu”ya 31 min 500 manata başa gələcək. Bərdədə 23 subartezian quyunun qazılması üçünsə bu il martın17-də verilən sərəncamla Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1 milyon 610 min manat ayrılıb. Hər bir quyunun qazılmasına burada 70 min manat xərclənəcək. Ümumiyyətlə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə müxtəlif rayonlarda subartezian quyularının qazılması üçün ayrılan məbləğdə fərq yoxdur, regiondan asılı olmayaraq hər bir quyu 70 min manata qazılacaq. Məsələn, Ağdam rayonunda 20 quyunun qazılması üçün Əhməd Əhmədzadənin idarəsinə 1 milyon 400 min manat ayrılıb. Anlaşılmır, eyni quyunu Bərdədə, Balakəndə, Zaqatalada, Tərtərdə, Qubada, Cəlilabadda, Şəmkirdə, Goranboyda, Beyləqanda “Azərsu” da qazır, ya da qazacaq, Meliorasiya və Su Təsərrüfatı ASC də. Biri 31 min 500 manata, biri 70 min manata. Heç bir qurum da sorğuya cavab vermir ki, öyrənək görək kim hansı üsulla quyu qazır və niyə bu qədər qiymət fərqi yaranır. Büdcə vəsaitinin xərclənməsinə nəzarət edən hökumət qurumları da, görünür, belə xırda məsələlərə önəm vermir.

Özəl şirkətlər quyunu neçəyə qazır?

Subartezian quyular qazan bir neçə şirkətlə də əlaqə saxladıq. Bu şirkətlərdə artezian quyularının qazılma qiymətləri aşağıdakı parametrlərdən asılıdır:

1.Quyunun yerləşdiyi ərazidən.

2.Quyunun diametrindən.

3.Quyuya qoyulacaq materialların qiymətindən.

Quyunun qazılmasının 1 metrinin qiyməti 50-150 manat aralığındadır. Qazılma, borular və gərək olan başqa avadanlıqlar bu qiymətə daxildir. Yalnız su motoru müştərinin boynundadır. Əlaqə saxladığımız şirkətlər motorun qiymətinin 1500-2500 aralığında olduğunu dedilər. Tutaq ki, həyətində artezian quyu qazdırmaq istəyirsən, dərinlik quyunun qazıldığı regiondan asılıdır. Bəzi yerlərdə 60-70 metrdən, bəzlərində 100-120 metrdən su çıxır. Ortalama 100 metrdən götürsək, bir quyunun qazılıb təhvil verilməsi 15-16 min manata başa gəlir. Ancaq Meliorasiya və Su Təsərrüfatı ASC regiondan asılı olmayaraq bir quyunu 70 min manata qazır. “Azərsu” isə, yuxarıda qeyd etdiyimiz kimi, 31 min 500 manata. Həmin işi görən özəl şirkətlərlə müqayisədə çox böyük fərq yaranır. Fərqi izah edən yoxdur. Yalnız bu il iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə çıxışında dolayısıyla bu məsələlərə toxunaraq deyib:

“…Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa “Azərsu”dan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan.

İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır”.

Bəs sərəncamlar imzalanarkən bu suallar niyə verilmir, “havadan götürülən” rəqəmlər sərəncam şəklində niyə rəsmiləşdirilir? O sərəncamlara da imzanı investisiya proqramlarına ciddi nəzarət olmadığını deyən adam, prezident atır. Nəzarətsizliyin səsi isə ofşor zonalardan, Avropanın bahalı şəhərlərindən gəlir…

Oxuculara maraqlı olar, su təsərrüfatına dövlət büdcəsindən də hər il milyonlar ayrılır, investisiya proqramı çərçivəsində. Ölkənin su təsərrüfatına sorumlu olan Meliorasiya və Su Təsərrüfatı ASC-yə son 5 ildə büdcədən ayrılan məbləğə baxaq:

2020 – MST ASC – 412 milyon 97 min 695 manat

2019 – MST ASC – 333 milyon 95 min 125 manat

2018 – MST ASC – 248 milyon 922 min 714 manat

2017 – MST ASC – 201 milyon 315 min 345 manat

2016 – MST ASC – 231 milyon 356 min 535 manat

“Havadan götürülən” bu investisiya xərclərinə bundan sonra nəzarət təklif edilir, ancaq görünən odur ki, keçənə güzəşt edəcəklər…

Dia.az


Abunəlik