Yevlax rayon İcra və Probasiya şöbəsinin Ədliyyə müşaviri Rəşad Əliyev: “Bizə Şanlı Qələbənin sevincini yaşatdığı üçün cənab Prezidentimizə dərin minnətdarlığımızı bildiririk!”
Həyatımızda elə anlar var ki, yalnız onları yaşayanda həmin anlara nə qədər dərin, böyük bir ehtiyac olduğunu hiss edirik. Uzun illər ərzində məhz həmin anları həsrətlə, iztirabla gözlədiyimizin fərqində oluruq.
Bu bir həqiqətdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Ordumuz işğal altındakı bütün torpaqlarımızı azad edərək Vətənimizin ərazi bütövlüyünü təmin etdi və şanlı bayrağımızı Şuşada dalğalanırdı!
Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan və tam 44 gün davam edən hərbi əməliyyatları nəticəsində, terrorçu Ermənistanın 30 il ərzində qurduğu Silahlı Qüvvələri darmadağan edildi.
Biz Vətənimiz uğrunda, torpaqlarımızı işğaldan azad etmək üçün vuruşduq! Torpaqlarımız bir-birinin ardınca işğaldan azad olundu. Bu tarixi uğurla Ermənistan ordusuna sarsıdıcı zərbə vuruldu. Ermənistan ordusu məğlub oldu. Qələbəyə aparan uzun yol 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə başa çatdı.
Şanlı Qələbə bizi nəhayət ki, 30 ilədək intizarını çəkdiyimiz, ürəyimizin başında qanı kəsilməyən yaraya çevrilmiş o, əfsanəvi anlara qovuşdurdu.
Qələbə ruhu ilə zəfəri bayram edən, bir-birinə gözaydınlığı verən küçələrini, evlərini, iş yerlərini, avtomobillərini üçrəngli bayraqlarımızla bəzəyən insanların sevinci, qüruru,- bütün ölkədəki bayram ovqatı mühüm bir tarixi hadisənin canlı şahidləri olduğumuz bu günlər möhtəşəm tarixi dövr olduğu üçün bizi xoşbəxt edir.
Bu xoşbəxtliyi isə bizə cənab Prezident bəxş etdi. Müdrikliyi, uzaqgörənliyi, qətiyyəti sayəsində Azərbaycan xalqı qalib xalq kimi dünya birliyində tanındı.
Nə xoş bizə…27 sentyabr tarixi Rəşadətli Ordumuz tərəfindən Azərbaycan hərb tarixinin qızıl səhifələri ilə daxil oldu. Gələcək nəsillər həmin səhifələri vərəqləyərkən böyük qürur hissi keçirəcək, Vətən uğrunda tökülən qanların hədər getmədiyinin şahidi olacaqlar.
Bu gün fəxrlə qeyd edirik ki, Vətən qarşısında şərəflə, həvəslə, sevinclə xidmət edən əsgərlərimiz, zabitlərimiz bir an belə tərəddüd etmədən doğma Azərbaycan uğrunda ölümə atılmağa hazırdılar.
Bu gün hər birimiz arzularımızı həyata keçirən, tarixi qələbəni qazanan və sevincini bizlərə yaşadan Ölkəmizin Rəşadətli Ordusu ilə qürur duyuruq. Bu qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları həmişə minnətdarlıq hissi ilə xatırlayacaqdır.
Bu gün biz qürurla, başı dik, alnı açıq gəzirik. Bütün Şəhidlərimizi dərin hüzurla anırıq. Bizə qələbənin, zəfərin sevincini yaşatdığı, xalqımıza birlik bəxş etdiyi üçün cənab Prezidentimizə dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk!
Rəşad Əliyev
Yevlax rayon İcra və Probasiya şöbəsinin Rəisi, Ədliyyə müşaviri
Aztimes.az