Tbilisidə Qanlı Yanvar faciəsinə həsr olunan konfrans və sərgi keçirilib – FOTO

0
18

 

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan konfrans keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbir AZƏRTAC-ın Gürcüstan bürosunun və muzeyin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Tbilisi ilə yanaşı Marneuli, Bolnisi və Qardabani rayonlarından gəlmiş azərbaycanlı və gürcü ziyalılar, tarixçi alimlər, tələbələr iştirak ediblər.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Leylа Əliyevа tədbiri açdıqdan sonra 20 Yanvar və 9 Aprel şəhidlərinin, eləcə də Azərbaycanın və Gürcüstanın müstəqilliyi, ərazi bütövlüyü uğrundan canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

L.Əliyeva keçmiş sovet imperiya qüvvələrinin 1989-cu ilin 9 aprelində Gürcüstanda və 1990-cı ilin 20 yanvarında Azərbaycanda törətdikləri qırğınlar barədə məlumat verib.

O, Azərbaycan və gürcü xalqlarının qəhrəmanlıq tarixindən, oxşar talelərindən söhbət açıb.

AZƏRTAC-ın müxbiri Xətayi Əzizov məruzə ilə çıxış edərək Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə tarixi, Qanlı Yanvar faciəsinin başvermə səbəbləri və nəticələri barədə məlumat verib.

Bildirib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gündür. Bu qanlı hadisə Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biridir.

Qeyd edib ki, faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib.

1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra Ümummilli Liderin təşəbbüsü ilə bu hadisəyə siyasi-hüquqi qiymət verilib, Milli Məclis həmin tarixi Ümumxalq Hüzn Günü elan edib.

Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar Şəhidi” fəxri adı verilib. Eyni zamanda, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir. Bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir.

Sonra “Qara Yanvar” sənədli filmi nümayiş etdirilib.

Daha sonra gürcü tarixçi alimlər – Quram Marxulia, Omar Ardaşeliya, Simon Kopadze, Tbilisidəki Belarus icmasının üzvü Aleksey Boxodin, ziyalılardan Emin Elsevər, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusubov, hüquqşünas Fərhad Musayev, N.Nərimanov adına muzeyin direktoru Rəna Dalivalova, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Cavaxişvili Dövlət Universitetinin tələbəsi Emilya Qəmbərova, Suxişvili Dövlət Universitetinin tələbəsi İlyana Əliyeva və başqaları çıxış edib, 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda, Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib, nəticədə millətindən, yaşından və cinsindən asılı olmayaraq, günahsız mülki şəxslər amansızcasına qətlə yetirilib.

20 Yanvar hadisəsi beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayətdir. Bunun üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda, bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, xüsusilə də o vaxtkı SSRİ rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.

Beynəlxalq ictimaiyyət bu kimi faciələrə hüquqi qiymət verməli və cinayətkarlar layiq olduqları ən ağır cəza almalıdırlar ki, bəşəriyyət bir daha belə qətliamlar görməsin.

Sonda ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna dualar oxunub.

Konfrans çərçivəsində 20 Yancar faciəsini əks etdirən fotoşəkillər də sərgilənib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here